Cəmiyyət

Aparat rəhbəri: “Azərbaycanda 100-dən çox audiovizual media subyekti fəaliyyət göstərir”

Sharing is caring!


“Hazırda Azərbaycanda 100-dən çox audiovizual media subyekti fəaliyyət göstərir ki, bunlardan təxminən yarısı yayımçı statuslu kontent istehsalçısıdır”.

“Report”un xəbərinə görə, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov Medianın İnkişafı Agentliyinin (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə Milli Mətbuatın 148 illiyi münasibətilə “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, sosial media fenomenləri, internet mediada olan belə “çərçivəsizlik” ənənəvi media təmsilçiləri olan televiziya və radio üçün çox böyük rəqabət yaradır:

“Hətta bəzən belə fikir yaranır ki, bu rəqabətdə ənənəvi media növlərinin yaşaması qeyri-mümkündür. Lakin dünyada medianın inkişaf tendensiyalarına nəzər salanda görünür ki, 2000-2015-ci illərdə ənənəvi media (TV və radio) internetyönümlü mediaya çox uduzurdu. Çünki ənənəvi media cəmiyyətə yalnız ənənəvi üsullarla daxil olurdu. 21-ci əsrin ikinci onilliyindən başlayaraq dünyada yeni media üsullarından istifadə edərək konvergent media yaradan ənənəvi media qurumları yenidən bazarda böyük paya sahib olmağa başladılar”.

Aparat sahibi bildirib ki, bu gün audiovizual media öz inkişafının yeni mərhələsini yaşayır:

“Bu mərhələ audiovizual medianın digər media subyektləri ilə, xüsusilə internet mediası və sosial şəbəkələrlə rəqabət mühitində özünü təsdiqləməsi, həmçinin də yeni yayım üsulları və vasitələri ilə inkişafını təmin etmə qabiliyyətini artırma cəhdləri ilə müşayiət edilir. Bu gün inamla söyləmək olar ki, audiovizual media həm rəqabətdə dayanıqlılıq nümayiş etdirir, həm də yeni yayım üsul və vasitələrini şaxələndirməklə öz nüfuzunu artırır. Azərbaycanda da bu tendensiya mövcuddur. Hazırda Azərbaycanda 100-dən çox audiovizual media subyekti fəaliyyət göstərir ki, bunlardan təxmini yarısı yayımçı statuslu kontent istehsalçısıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir