Cəmiyyət

Masazır duz gölünün ətrafı zibillərdən təmizləndi – FOTO

Sharing is caring!


Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Masazır gölü quruma təhlükəsi ilə qarşı-qarşıyadır.

PhotoStock.az-ın ərazidən hazırladığı fotoreportajdan görünür ki, duzlu, xloridli və yüksək konsentrasiyalı sulfatla zəngin suyu olan gölün bir hissəsinin quruması antisanitariyaya səbəb olub.

Masazır gölündən 1813-cü ildən mütəmadi olaraq duz çıxarılır. Gölə kənar şəxslərin girişi qadağan olunsa da, tullantı sularının axıdılması, ətrafının zibillənməsi ciddi ekoloji təhlükə yaradıb.

Problemlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, gölün təmizlənməsini yerli icra orqanları, bələdiyyələr və istismarçı qurum həyata keçirməlidir. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin sözlərinə görə, Masazır gölü uzun illərdir “Azərsun Holdinq” MMC-nin icarəsinə verilib:

“Holdinqin strukturuna daxil olan “Azərbaycan Duz İstehsalat Birliyi” QSC tərəfindən idarə edilir. Gölün ətrafında dəmir tor çəkilib, “giriş qadağandır” yazılıb. Həmin torun içərisində nə baş verirsə, buna şirkət məsuliyyət daşıyır.

Zibil və tullantılar dəmir torun əhatəsindən kənara atılıbsa, bu zaman artıq yerli icra orqanları və bələdiyyələr təmizləməlidir. Bu, onların vəzifəsidir.

Əgər ərazinin çirkləndirilməsi davam edərsə, tərəfimizdən addım atıla bilər”.

Masazır gölünə müxtəlif boruların çıxışının olduğu da fotolarda əks edilib. Gölə çirkab sularının axıdıldığı iddiasına gəlincə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərkibindəki “Azərsu” ASC-dən Oxu.Az-a bildirilib ki, gölə heç bir kanalizasiya borusunun çıxışı yoxdur:

“Masazır gölünün ətrafında infrastruktur qurulub. Ora birbaşa çirkab sularının axıdılması halı mövcud deyil. Masazır gölünün yaxınlığında müxtəlif sututarlar, göllər var. Kanalizasiya suları həmin göllərə axıdılır”.

Abşeron Rayon İcra Hakimiyyəti isə məsələnin araşdırılmasından sonra Oxu.Az-ın sorğusunu cavablandırıb. RİH-in cavabında qeyd edilib ki, Masazır duz gölünün ətrafında bəzi yerlərdə müşahidə edilən məişət tullantıları barədə Masazır bələdiyyəsinə məlumat verilib. Dərhal sonra Masazır bələdiyyəsi tərəfindən xüsusi təyinatlı nəqliyyat vasitələri cəlb edilməklə tullantılar ərazidən kənarlaşdırılıb:

“Masazır bələdiyyəsinin verdiyi məlumata əsasən, qeyd olunan ərazi yaşayış məntəqəsi hüdudlarından kənarda yerləşdiyindən orada məişət tullantılarının atılması üçün məntəqələr (xüsusi konteynerlər) nəzərdə tutulmayıb. Bununla yanaşı bəzi vətəndaşlar tərəfindən bu cür hallara yol verilir. Məişət tullantılarının toplanması üçün istifadə olunan nəqliyyat vasitələrinin bir qisminin yaranmış nasazlıqla əlaqədar təmirə dayanması nəticəsində sözügedən ərazidə təmizlik işlərinin aparılmasında qısa fasilə yaransa da, 18 iyul tarixindən müvafiq tədbirlərin görülməsinə başlanılıb”.

Gölün ətrafının təmizləndikdən sonrakı fotolarını təqdim edirik:

  Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir