Cəmiyyət

“Dövlətimizi təhqir etdi, saçımdan tutdu”: Türkiyəli turistə görə işdən çıxarılan muzey işçisi danışdı – VİDEO

Sharing is caring!


Elif adlı Türkiyə vətəndaşı Naxçıvanda Bayraq muzeyində təhqir olunduğunu iddia edib.

O, bununla bağlı sosial şəbəkədə video paylaşıb. Görüntüdə səs yazısının üstü bağlandığı üçün onun doğrudan da təhqir olunub-olunmadığı aydın olmur.

Amma buna baxmayaraq, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi muzeyin türkiyəli turisti təhqir etdiyi iddia olunan əməkdaşı Asudə Məhərrəmlini işdən çıxarıb. Muzeyin direktoru Rəmzi Hüseynova isə töhmət verilib.

Bakupost.az hadisənin təfərrüatlarını öyrənmək üçün Bayraq muzeyinin keçmiş əməkdaşı Asudə Məhərrəmli ilə əlaqə saxlayıb.

O, hadisəni təfərrüatını danışıb.

Asudə Məhərrəmlinin sözlərinə görə, türkiyəli xanım bir nəfər azərbaycanlı oğlanla muzeyə daxil olub:

“Salamlaşdıq, sonra baxmağa başladılar. Əllərində soyuq çay var idi. Toqquşdurub, deyib-gülürdülər. Bir az gəzib, sağollaşıb getdilər. 5 dəqiqə keçməmişdi ki, qız geri qayıtdı. Dedi ki, sizdən müdirə şikayət etdim. Səbəbini soruşanda da bildirdi ki, siz bizi qarşılamadınız, informasiya vermədiniz. Mən də dedim ki, nəsə soruşsaydınız, biz cavablandırardıq. Həmçinin, mən bələdçi deyiləm. İnformasiya vermək mənim vəzifəm deyil. Baş fond mühafizi-elmi işçisiyəm. Lakin o içəri girəndə yaxında idim deyə mənə üz tutdu”.

A.Məhərrəmli bildirib ki, türkiyəli turist onu təhqir edib, Azərbaycanın ünvanına xoşagəlməz ifadələr işlədib:

“Mən heç kimi təhqir etməmişəm. Heç bir vulqar söz işlətməmişəm. Sadəcə, o, məndən şikayət etdiyini deyəndə – “Qəribədir e, bo”, – deyə reaksiya verdim. Görünür, o, bunu başqa cür başa düşdü, təhqir hesab etdi. Mən də dedim ki, düz başa düşməmisiniz, dilmizi öyrənin, sonra gəlin. O da – “Bir daha söylə, bir daha söylə”, – dedi. Mən özümə arxayın olmasaydım, “dediyimi təkrarla”, – deməzdim. Sadəcə, həmin vaxt səsim yüksək tonda idi. Bunun da səbəbi var. Qız mənə, “Siz rüşvətlə işə düzəlmisiniz. Sizin dövlətiniz rüşvət alan dövlətdir”, – dedi. Mən də bildirdim ki, siz bu dediyinizi sübut etməsəniz, mən sizdən şikayət edəcəyəm. O isə – “Azərbaycan əvvəldən bu cür olub, hər şey bəllidir”, – deyə damarıma basdı. Mənim dövlətimi təhqir etdiyi üçün mənim reaksiyam o cür oldu”.

A.Məhərrəmli türkiyəli turistin videonu olduğu kimi yox, özünə sərf edən kimi kəsib paylaşdığını da qeyd edib:

“Bizim direktorun ən böyük yanlışı o idi ki, çəkilişə izn verdi. Mən dedim ki, burada çəkilişə icazə yoxdur. Müdir heç bir müdaxilə etmədi. “İdarənin polisini çağırın”, – deyəndə də heç kim baş qoşmadı. O qız da videonu kəsib paylaşıb. Əvvəl özü qışqırırdı. Təhqir edəndən sonra mən əsəbiləşdim. Sonra özünü sakit apardı ki, videoya elə düşsün. Videodan sonra isə – “səni döyərəm, öldürərəm”, – deyə məni təhdid etdi, hətta saçımdan tutdu. Bundan sonra isə direktor müdaxilə etdi. Qızın yanındakı azərbaycanlı oğlana dedi ki, zəhmət olmasa, uzaqlaşdırın. Hətta həmin oğlan bildirdi ki, onda bir az çatışmazlıq var, yola verin. Muzeyə gələndə taksi sürücüsü ilə də dalaşıb. Taksi sürücüsü onu taksidən düşürüb”.

A.Məhərrəmli çəkiliş vaxtı ayaqqabısız olduğuna görə tənqid olunmasına da münasibət bildirib:

“Hamı ayaqqabısız olduğumla bağlı danışır. Ayaqqabım qopmuşdu. Amma onlar ilk dəfə içəri girəndə qopsa da, ayağımı sürüyərək qalxdım. Yəni ayaqqabıda idim. Sonra onlar çıxanda arxayın oldum. Ayaqqabıya yapışqan vurub, üstünə stulu qoydum ki, yapışsın. Günorta vaxtı idi, saat 14 radələri olardı, yeməkdən yeni qayıtmışdıq. Elə həmin an yenidən gəldilər. Videoya da o anın görüntüləri düşüb”.

A.Məhərrəmli Naxçıvan Mədəniyyət Nazirliyindən də narazılığını bildirib:

“Dövlət olaraq heç kim mənim yanımda durmadı. Nazirlikdən bir nəfər belə məni çağırıb dinləmədi. Tək həll yolu kimi onu seçdilər ki, işçini azad edib, töhmət versinlər. Vəssalam, iş onlardan çıxdı”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir