Cəmiyyət

MİQ-də yüksək nəticə göstərən: “Rayonların da savadlı müəllimə ehtiyacı var” – AÇIQLAMA

Sharing is caring!


“Gecə-gündüz kitab əlimdən yerə düşmürdü. Çox çalışırdım”.

Bu sözləri Oxu.Az-a açıqlamasında ötən gün Müəllimlərin İşə Qəbulu üzrə keçirilən imtahanda yüksək nəticə göstərən Röyal Kərimov deyib.

Xatırladaq ki, ötən gün ən yüksək nəticə toplayan müəllimlərin adları açıqlanıb. Test imtahanı mərhələsində coğrafiya fənni üzrə yüksək nəticə göstərənlərdən biri də Röyal Kərimov (100 mümkün baldan 91,25) olub.

Onun sözlərinə görə, kurikulum çətin olduğu üçün maksimum nəticə əldə edə bilməyib:

“İlk dəfə idi imtahan verirdim. 27 yaşım var. 2021-ci ildə universiteti bitirdim. Beş ay coğrafiya fənninə, iki ay da kurikuluma hazırlaşdım. Kurikulumdan suallar çətin və qarışıq idi. Kurikulum normal düşsəydi, 100 bal toplayardım. Coğrafiyadan 40, kurikulumdan 13 suala düzgün cavab vermişəm. Çox adam mənə deyir ki, “bu bal ilə şəhərə getməlisən”. Lakin düşünürəm ki, təkcə şəhərin yox, rayonların da savadlı müəllimlərə ehtiyacı var. Özümə uyğun məktəb seçəcəyəm”.

R.Kərimov maksimum nəticənin onun üçün gözlənilən olduğunu söyləyib:

“İmtahanın bitməyinə 1 saat 15 dəqiqə qalmış artıq sistemdən çıxdım. Ekrandan özüm balı görməmiş nəzarətçi dedi ki, “təbrik edirəm”. Nəzarətçi deyəndən sonra ekrana baxdım, çox sevindim. Amma nəticə gözlənilən idi. Hətta maksimum nəticə gözləyirdim. Çox çalışırdım. Gün ərzində kitablar əlimdən yerə düşmürdü. Gecə saat 4-də yatıb, 7-də qalxıb hazırlaşırdım. Özüm Cəlilabad rayonunda yaşayıram. 2013-cü ildə məktəbi qurtardım. Həmin il Dövlət İqtisad Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil oldum. Maliyyə çatışmazlığından təhsil ala bilmədim. Daha sonra əsgər getdim. 2016-cı ildə üç il fasilədən sonra, hazırlaşmadan imtahan verdim. Coğrafiyadan 25 suala düzgün cavab vermişdim. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına daxil oldum. 2021-ci ildə universiteti bitirdim”.

“İradən möhkəm olmasa, uğur əldə edə bilməzsən. Diqqətli olsan, daha yaxşı qavrayarsan. Hər insanın problemi var. Müvəqqəti olaraq kənara qoymaq lazımdır. Diqqətini dərsə verməlisən. Allah da çəkdiyin əziyyətin nəticəsini verir. Müəllim bir lampadır. Lakin lampanın da güclüsü və ya zəifi ola bilər. Güclü işıq saçmalıdır ki, cəmiyyət daha çox bəhrələnsin. Gələcək parlaq olsun. Gələcəyin aydınlığı, gənclərimizin savadlılığından asılıdır. Gənc savadlıdırsa, deməli gələcəyimiz aydındır, təhlükə altında deyil”, – deyə R.Kərimov qeyd edib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir