Cəmiyyət

Son iki il yarımın reallıqları bir daha təsdiqlədi ki, heç kim Azərbaycanın iradəsinə təsir edə bilməz

Sharing is caring!

11 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirildi. Müşavirədə çıxış edən cənab Prezident bir çox mühüm məsələlərə toxundu. Cari ilin ilk altı ayının nəticələri deməyə əsas verir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. Bunu müşavirədə səsləndirilən rəqəmlər də təsdiqləyir.  Müstəqil xarici siyasət yürüdən, tərəfdaşları ilə səmimi anlaşma siyasətinə üstünlük verən, dünyada, regional problemlər və qlobal məsələlərlə bağlı öz mövqeyini ədalət prinsipləri əsasında bildirən, beynəlxalq hüququn pozulmasına, milli münaqişələrə, irqi ayrı-seçkiliyə qarşı mübarizədə fəal iştirak edən Azərbaycan dünyanın siyasi, iqtisadi, humanitar platforması adını əməli fəaliyyəti ilə doğruldur.     

Müşavirədə 6 ay ərzində əldə edilən uğurlar xüsusi olaraq qeyd edilib. Dövlət başçımızın qeyd etdiyi kimi, bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesi 6,5 faiz, qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır. Ölkənin builki dövlət büdcəsi rekord həddə – 33 milyard manatdan çox səviyyəyə qalxıb. Bu da öz növbəsində həm ölkə qarşısında duran əsas investisiya layihələrinin icra edilməsinə, ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə və Azərbaycanın hərbi gücünü daha da artırmağa imkan verir. Bütövlükdə isə yarım ildə 3 milyard manatdan çox vəsait əlavə edilib. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə ölkənin hərbi potensialının güclənməsinə yönəldilib.  Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi nəticələrdə özünün aydın ifadəsini tapır: “Belə ki, bu ilin ötən dövründə Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlərin qayıtması nəzərdə tutulub. Bütövlükdə 2023-cü ilin sonuna qədər beş yaşayış məntəqəsində – bir şəhər və dörd kənddə soydaşlarımız tam məskunlaşacaqlar. Dövlət başçısı İlham Əliyev müşavirədə bu statistik rəqəmi açıqladı ki, Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Ölkə Prezidenti bu günədək 30 yaşayış məntəqəsinin – 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak edib. Hər bir statistik rəqəm Azərbaycanın malik olduğu imkanlarla yanaşı, hədəflərə zamanında və yüksək səviyyədə nail olmasının təqdimatıdır.”

Bütün sahələrdə şəffaflaşmanın həyata keçirilməsi, korrupsiya ilə ciddi mübarizənin aparılması, bürokratik əngəllərin aradan qaldırılması, maliyyə sektorunda nizam-intizamın təmin edilməsi, investisiya mühitinin daha da sağlamlaşdırılması, gənc və perspektivli kadrların idarəçiliyə cəlb edilməsi Azərbaycanda inkişaf tendensiyasının keyfiyyətcə yeni mərhələsini labüdləşdirib.

Cənab Prezident çıxışında Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlərin görüldüyünü də diqqətə çatdırdı. Dövlət başçısı bir daha bildirdi ki, iki istiqamət üzrə – hərbi potensiala və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq. Bu siyasət ölkəmizin qüdrətini artırır. Çünki bu gün dünyada güc amili ön plandadır. Son iki il yarımın reallıqları bir daha təsdiqlədi ki, heç kim Azərbaycanın iradəsinə təsir edə bilməz. Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və bundan sonra belə cəhdlər də olmayacaq. Ümumilikdə cənab Prezidentin 2023-cü ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı göstərdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər, sahələr üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə icra edilir və bundan sonra da qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetiriləcəkdir.

Mailə Hacıyeva,

Salyan şəhər 6 saylı uşaq bağçasının müdiri, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir