Cəmiyyət

İfası ilə hər kəsi mat qoyan Nurayın anası: “Övladımızı məşhurlaşdırmaq fikrimiz olmayıb” – VİDEO

Sharing is caring!


“Qızımın bu sənəti itirməsini istəmirəm”.

Bu sözləri Oxu.Az-a açıqlamasında sosial şəbəkədə ifası ilə gündəm olan balaca xanəndə Nuray Şahsuvarlının anası Əminə Məmmədova deyib.

Xatırladaq ki, Nuray Şahsuvarlının məlahətli səslə mahnı ifa edərkən çəkilən videosu sosial şəbəkələrdə yayılıb. Görüntü hər kəs tərəfindən maraqla qarşılanıb. Onun avazını Şövkət Ələkbərovanın səsinə, oxumaq tərzinə bənzədiblər.

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by Oxu.Az (@oxuaz)

Anasının sözlərinə görə, Nurayın musiqi duyumunu körpəliyindən hiss ediblər:

“Nuray üç-dörd yaşından oxuyur. Evdə başqa xanəndə yoxdur. Oğlum da tar sinfində təhsil alır. Hazırda Nurayın 10 yaşı var. Dörd ildir ki, Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alır”.

Ə.Məmmədova gələcəklə bağlı seçimi Nurayın özünə həvalə etdiyini qeyd edib:

“İstəyirəm ki, öz seçimi olsun. Qızımın bu sənəti itirməsini istəmərəm. Özü ilə bərabər aparsın. Nuray Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. Dərslərini də yaxşı oxuyur. Riyaziyyata meyli çoxdur. Dilimizi də sevir. Əlaçıdır. Musiqi üzrə də sırf xanəndəlik ixtisasında təhsil alır. Nurayın çox gözəl diksiyası var. Qızım həm də qiraətçidir. Hərtərəfli istedaddır”.

“Nurayın videosunu sosial şəbəkədə özüm paylaşmışam. Lakin onu deyim ki, övladımızı məşhurlaşdırmaq fikrimiz olmayıb. Ona nə “YouTube”, nə də “TikTok” platformasında hesab açmışam. Atası da, mən də tanınmasına meyilli olmamışıq. Məqsədimiz odur ki, övladımız təhsilli musiqiçi olsun”, – deyə Ə.Məmmədova qeyd edib.

Balaca istedadın anası qızının müsabiqələrdə iştirak etdiyini söyləyib:

“Nuray tədbirlərdə, müsabiqələrdə iştirak edir. Bu yaxınlarda ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən müsabiqədə diplomant oldu. Onluğa düşdü. Böyük yarışlara qatılmayıb.

Onun səsini Şövkət xanımın avazına bənzədirəm. Atamla əmimin də səsi olub. Onlardan da keçə bilər. Bununla yanaşı, biz əslən Laçın və Şuşadanıq, qanla, genlə də bağlı ola bilər”.

Əminə Məmmədova, həmçinin, Nurayın müəllimlərinə minnətdarlığını bildirib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir