Cəmiyyət

Bakıda taksi xaosu: Sərnişin də, sürücü də narazıdır – FOTO

Sharing is caring!


Azərbaycanda taksi fəaliyyətindən ikitərəfli narazılıq bitmək bilmir. Sürücülər paytaxt küçələrinin adlarının xəritədə düzgün qeyd edilmədiyindən və A məntəqəsindən B məntəqəsinə gedilən yolun aşağı qiymətlə hesablanmasından, sərnişinlər isə nəqliyyat vasitələrinin köhnə, xidmət keyfiyyətinin aşağı olmasından gileylənirlər.

Bu istiqamətdə son vaxtlar aktual olan şikayətlərdən biri də sürücülərin istifadə etdikləri xəritə tətbiqlərinin məsafəni uzatmasındandır. Onlar iddia edirlər ki, xəritə əvvəl tıxacsız, daha qısa yolları göstərirdisə, bu gün tam əksinə, məsafəni uzadır.

Həmçinin, sərnişinlər taksi sifariş edərkən ödənişin məbləğinin mənzilbaşına çatdıqdan sonra dəyişməsindən şikayət edirlər.

Şikayətçilərdən biri deyir ki, taksi sifariş verərkən ödəniləcək məbləğ 4 manat 20 qəpik yazılmışdı:

“Lakin mənzilbaşına çatanda bu məbləğ altı manat oldu. Sürücü də mənim yekunda göstərilən məbləği ödəməyimi tələb etdi. Mən israrla taksini 4,20 AZN ödəniş hesabladığı üçün sifariş etdiyimi desəm də, xeyri olmadı. Bəlkə, mənim üstümdə əlavə pul yoxdur? Elə evdən 4,20 AZN götürüb çıxmışam? Bu qiymət dəyişməsi nə ilə bağlıdır? Niyə qiymət ünvan başına çatanda artır?”

Doğrudanmı xəritə tətbiqləri hansısa şirkət tərəfindən özəlləşdirilib və insanları yanıldır? Yola görə öncədən hesablanan məbləğ hansı əsasla mənzilbaşına çatanda artır? Əgər proqram tıxaca görə daha uzun yol göstərirsə, məsafə artırsa, bunun cəriməsini sərnişin niyə ödəməlidir?

Məsələ ilə bağlı İT mütəxəssisi Fərid Pərdəşünas Oxu.Az-a açıqlamasında qeyd edib ki, vətəndaşların irəli sürdükləri iddialar əsassızdır:

“Xəritələr heç bir halda A məntəqəsindən B məntəqəsinə hesablanan yolu uzatmır. Tam əksinə, gediləcək məsafəni maksimum qısaltmaq üçün proqramlaşdırılıb. Yəni daha çox vaxta önəm verilir. Son vaxtlar hamı deyir ki, ən çox istifadə edilən xəritələrdən birini Azərbaycanda özəl şirkətlərdən biri alıb. Bu, şayiədir. Tətbiq “Google” şirkətinindir. Şirkət məntiqi olaraq gediləcək məsafəni iki alternativ yol ilə qeyd edir. Misal üçün, gediləcək məkana məsafə altı və 11 km olaraq iki istiqamətə hesablanırsa, tətbiq onlardan ən qısa zaman sərf ediləninə üstünlük verir. Belə ki, əgər altı kilometrlik yolu qət etmək üçün sistem 20 dəqiqə, 11 km-lik yola isə 15 dəqiqə göstərirsə, sistem 11 km-lik yolu seçir. Çünki bu sistemlərin məntiqi qısa zaman ərzində çatmağa proqramlaşdırılıb. Belə olanda məsafə artır və qiymət də dəyişə bilir. Bu da normal bir şeydir.

Taksi şirkətlərinin öz xəritələri ilə əlavə istifadə edilən (üçüncü tərəf) xəritələr eyni məntiqə əsaslanmır. Belə olan halda da qiymət fərqi ola bilir. Sadəcə, əvvəllər taksi şirkətləri standart rəqəmlərdə məbləğlərdən istifadə edirdilərsə, indi bu rəqəmlər məsafəyə görə dəyişə bilir. Sərnişinlər də buna öyrəşməlidirlər”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir