Cəmiyyət

Avropada bir neçə universitetə qəbul olan gənc: “Xaricdə qalmaq fikrim yoxdur” – FOTO

Sharing is caring!


“Amerika Birləşmiş Ştatlarında (ABŞ) təhsil almaq mənim uşaqlıq arzum idi”.

Bunu Oxu.Az-a açıqlamasında yüksək təqaüdlə Avropada bir neçə universitetə qəbul olan Şəms Humay Nəsibzadə deyib.

Xatırladaq ki, Şəms Humay Nəsibzadə Bakı Slavyan Universitetinin (BSU) nəzdindəki məktəb-lisey kompleksində təhsilini fərqlənmə ilə başa vurub.

O, xarici universitetlərə qəbul olmaq üçün iki il hazırlaşdığını bildirib:

“10-cu sinifdən xarici universitetlərə hazırlaşıram. ABŞ-də təhsil almaq mənim uşaqlıq arzum idi. Orta təhsilimi Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksində başa vurdum və buraxılış imtahanı verdim”.

“Universitetə qəbul çox ölkədən gəlib. ABŞ, Türkiyə, Macarıstan və Belçikada ödənişsiz, təqaüdlü təhsil qazanmışam. Xüsusilə ABŞ-nin bir neçə universitetindən təhsil almaq üçün mənə dəvət gəlib. Hər biri üçün xarici dil bilgisindən imtahan və müsahibə verdim. Bununla yanaşı, riyaziyyat və məntiq fənlərindən də imtahan verdim. Finlandiya universitetlərindən birinə də qəbul əldə etmişəm. Ən ağır imtahan orada oldu. Bir də “Türkiyə bursları” təqaüd proqramında çətin oldu. Müsahibələrdə iki saat dayanmadan danışmışam, bu, mənə çox çətin gəlirdi”, – deyə Ş.H.Nəsibzadə qeyd edib.

Şəms Humay deyir ki, Boğaziçi Universitetini seçməkdə məqsədi gələcəkdə ABŞ-də təhsil almaq arzusu olub:

“ABŞ-də universitetə qəbul olan ən azyaşlı tələbə mən idim. Yaşımın az olmasına görə, ailəmlə əlavə görüş də keçirdilər. Son anda fikrimi dəyişdim.

Bir də alman dilindən B1 sertifikatı almışam, orada da oxumaq şansım var idi. Sadəcə olaraq, hədəfim ABŞ olduğuna görə, oranı qəbul etmədim. Hər zaman mənə deyirdilər ki, Türkiyənin Boğaziçi Universitetindən qəbul gələrsə, iki dəfə düşün. Səbəbi maraqlı gəlirdi. Maraqlandım və öyrəndim ki, oradakı ortam tamam başqadır. Cəmi üç faiz xarici tələbə qəbul edirlər.

Ümumilikdə 15 min tələbəsi olur. Hər il dünya üzrə iki-üç nəfərə təqaüd verilir. Dünyada birincidir. Düşündüm ki, Boğaziçi Universitetinə getsəm, daha şanslı olaram. Oradan da ABŞ-yə rahat gedə bilərəm. İki il sonra ABŞ-də təhsilimi davam etdirəcəyəm”.

Azərbaycanın istedadlı və bacarıqlı gənclərindən biri olan Şəms Humay bildirir ki, təhsilini xarici ölkədə başa vurduqdan sonra öz ölkəsinə qayıdacaq:

“Kompüter mühəndisliyi üzrə təhsil alacağam. Magistraturanı da ABŞ-də oxumağı düşünürəm. Əsas təcrübədir. Mən proqram kursunu bitirmişəm. Tam olaraq proqramçı kimi layihələr yazıram. Oxuduğum kursda üç ilə yaxın kurs keçmişəm. Oxumaq həll etmir, daha çox təcrübə lazımdır.

Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıtmağı düşünürəm. Xaricdə qalmaq fikrim yoxdur. Həm ailəmə, həm də ölkəmə bağlıyam. Xarici ölkə seçimim sırf oxumağa, təhsilə görədir. Nə edəcəyəmsə, öz ölkəmdə edəcəyəm”.

Qeyd edək ki, 16 yaşlı Şəms Humay Nəsibzadə ABŞ-nin Florida Beynəlxalq Universiteti (100 faiz təqaüd), Sent-Luis Universiteti (200 min dollarlıq vitse-prezident təqaüdü), Kent Dövlət Universiteti, Cənubi Florida Universiteti (Qızıl prezident təqaüdü) və Arizona Universitetində, Finlandiyanın Oulu Universiteti (60 faiz təqaüd) və LUT Universitetində, Litvanın Vilnüs Gediminas Texniki Universitetində, Çexiyanın Çarlz Universitetində, Türkiyənin Boğaziçi Universitetində (100 faiz) təqaüdlü təhsil qazanıb.

O uşaq yaşlarından Azərbaycan Dövlət Televiziyasında yayımlanan bir çox filmlərdə və tamaşalarda baş rolda çəkilib. “Nənəmin Kitabı – 1”, “Nənəmin Kitabı – 2”, “Novruz gəlir”, “Bakı toyları”, “Bizim rəqslər” və “Biləyən” verilişinin aparıcısı olub. Bundan əlavə, respublika miqyaslı tədbirlərin də aparıcısı olub.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir