Cəmiyyət

Polis olmasa, qanımız batar

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Bu günlərdə bir neçə hadisə baş verib ki, bir-biri ilə birbaşa bağlı olmasa da, onların xəttində müəyyən əlaqə sezilir. 

Əvvəla ondan başlayım ki, dünən Britaniya səfirliyinin təşəbbüsü ilə “Landmark Hotel Baku”nun qarşısında LGTB bayrağı qaldırıldı ki, bu da şəhər və sosial şəbəkə əhlini xeyli qəzəbləndirdi. Hər kəs bir ağızdan dedi ki, “Biz azərbaycanlıyıq, bizə yaraşmaz. Gənclərimizi pis yola çəkirlər”. 

Çox hörmətli əqrəbalar, dostlar, yoldaşlar, hesab edək ki, Britaniya səfiri Bakı küçəsində bayraq asmaqla bizi, gəncləri pis yola çəkir, bəs sosial şəbəkələrin Azərbaycan seqmentindəki LGTB nümayəndələrini də Britaniya və ya başqa ölkələrin səfirləri gətirib atıb? Bəlkə, elə həmin azərbaycanlı LGTB fərdləri canlı yayıma çıxanda, bir-birini təhqir edəndə onlara “şirləri” də ingilislər atırlar? Bəlkə, Bakının bahalı məhəllələrində yaşayan LGTB üzvləri üçün evləri, avtomobilləri də elə ingilislər, ispanlar, nə bilim marslılar alıblar? 

Heç vaxt yadımdan çıxmaz, bir transseksualın dediyi sözlər. Dedi ki, “bax hamınız deyirsiniz ki, mən pisəm, üzdənirağam və s. Amma bu üçotaqlı evi, altımdakı maşını, üst-başımı, xərc-xəsarətimi kim verib mənə? Siz vermisiniz də!” 

Adam yerin dibinə kimi haqlıdır. Madam ki, bizim cəmiyyət LGTB-yə qarşıdır, namus-qeyrət, yüksək mənəvi dəyərlər və s. bəs bu LGTB-lər niyə çoxalır? Deməli inkişafı üçün zəmin var. Və bunun Britaniyaya, İtaliyaya və başqa ölkələrə, onların səfirlərinə heç bir aidiyyəti yoxdur. Bunun daha çox sponsorluq edən milli dayılara, əmilərə, elə cavan oğlanlara aidiyyəti var. 

Qeyd edim ki, Britaniyanın Azərbaycanda səlahiyyətli səfiri Fergus Auld öz “Twitter” hesabında bu mesajı yazaraq, altından da fotonu paylaşmışdı:

“Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiyaya ilə Mübarizə Günündə #IDAHOBIT Böyük Britaniya hamı üçün bərabərlik tərəfdarı olmaqdan qürur duyur. Biz nifrəti pisləyir, bütün dünyada LGBT+ icmasının üzləşdiyi ayrı-seçkilik, qərəz və zorakılığa qarşı mübarizəni davam etdiririk”. Yəni adamın dediyi o idi ki, LGTB-yə qarşı zorakılıq olmasın. 

Amma cənab səfir bir məqamı unudub. Bizdə LGTB nümayəndəsinin pulu, evi, maşını, bağı varsa, heç kimin onunla işi yoxdur. Əksinə deyirlər ki, “çörək verəndi”. LGTB-nin başına o vaxt daş düşür ki, kasıb və yesir olur. Hə, o zaman zorakılıq da olur, hadisələr ölümlə də bitir. Hansısa namus-qeyrətli qohum çıxıb, nəslin namusunu təmizləyir. Allaha and olsun ki, pullu olan gey və translar nəslin baş ucalığıdır. 

Nə isə, əsas odur ki, xalqın tələbi ilə dünən LGTB bayrağı endirildi. Axşam da getdilər “TikTok”da sevdiyi geylərə, translara baxmağa, “şir” atmağa. 

İkinci hadisə.

13 yaşlı qızı anası 37 yaşlı kişi ilə nişanlayıb. 

Qeyd edim ki, 37 yaşlı dayının birinci arvadı başını götürüb qaçıb. Bu da düşünüb ki, 13 yaşlı qızla ailə həyatı qursa, qaçmaz. 
Anası-bacısı da, xeyri-dua verib gedib qızı “alıblar”. Qızın anası da deyib ki, “başına bir iş gəlməsindənsə, verdim getdi”. Kamera qarşısında da dönə-dönə təkrarladılar ki, “biz uşaq döyülük ha, 18 yaşı olsun sonra toy edəcəyik”. 

Nişan mərasimində isə ana-bacıların səs-sədası, “Allah mübarək eləsin” ifadələri gen-boluna səslənir. 

Yəni ki, LGTB bayrağına qarşı çıxan xalq-millət pedofiliyanın yaşanmasına “Allah mübarək eləsin” deyir. 37 və 13 yaşlı qızın izdivacı zorakılıq deyilmi? Deməli 37 yaşında bir kişi 13 yaşında qıza təcavüz etsə, xalq-millət buna zorakılıq deyə bilir, amma “başına yaylıq atmaq”la bu, qanuniləşir?

Evlənmək, toy, ailə adı ilə istənilən əxlaqsızlığı cəmiyyətə sırıya bilirlər, halal olsun. 

13 yaşlı qız ibtidai sinifdən məktəbdən çıxarılıb, təhsildən yayındırılıb ki, ərə veriləcək. Və bu kimi nümunələr demək olar ki, hər gün aşkara çıxır. 
 
Elə dünən axşam saatlarında bu qəbildən olan daha bir hadisənin araşdırılması üçün sosial şəbəkələrdə qadın və uşaq sığınacağı tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olundu. Belə ki, Beyləqan rayonu birinci Şahsevən kənd sakini 15 yaşlı qız, anası tərəfindən təhsildən yayındırılaq ərə verilir. Hətta müraciətdə toy dəvətnaməsinin fotosu da sübut kimi göstərilmişdi. Məlumata görə 15 yaşlı qız dəfələrlə müxtəlif adamlarda məcburi nişanlandırılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də öz növbəsində bildirdi ki, artıq məsələ ilə bağlı məlumatları var və zərərçəkən artıq idarəyə dəvət edilib və araşdırma aparılır. 

İndi Allah xatirinə, DİN hər qapıya bir polis qoymalıdır? Hər uşağını 13 yaşında ərə verən ata-ananın başının üstündə bir polis rəisi durmalıdır? Polisin başqa işi yoxdur? 

Yəni bu millət niyə başa düşmür ki, 18 yaşına çatmayan qızlar ərə yox, məktəbə getməlidirlər. Yəni anlamırlar ki, bu pedofiliyadır?!  Yox, əsas odur ki, “başına yaylıq atıldı”…

Keçirəm üçüncü hadisəyə. 

Balaca uşaq əlində başmaqla pişik balasını döyür. Atası da öyrədir ki, “vur-vur”. Kadrın arxasında isə kənarda xoşbəxtlikdən qəşş edən gənc ananın səsi də eşidilir. Ata fəxr-fəxarətlə uşağına öyrətdiyi zorakılığı video çəkib sosial şəbəkələrdə paylaşır. 

Belə atanı kotana qoşub torpağı şumlatmaq lazımdır. Adam hansı beynin daşıyıcısı olmalıdır ki, körpə uşağa zorakılığı öyrətsin. Bu uşağın elə o balaca pişik balasıyla oynayan, sevib-əzizləyən vaxtıdır. Sonra da elə bu uşaqlar böyüyür, əvvəl it-pişiyin qulaq-quyruğunu kəsir, yandırır, maşının arxasına bağlayıb zülm verir, sonra da, elə ata-anasını salır təpiyinin altına. Ya ac saxlayır, ya da tövlədə boynuna zəncir keçirir. 

İndi dərd budur ki, biz bu cür tərbiyə almış onminlərlə, yüzminlərlə adamlarla bir cəmiyyətdə yaşamağa məcburuq. Onlara söz deyəndə də, adamın üstünə ya bıçaq çıxarır, ya da başqa şey. 

Bu millətin başını nə 70 il ərzində Sovet hökuməti düzəldə bildi, nə də 30 ildə müstəqillik. 

Bu gün bir daha əmin oluram ki, polis olmasa, qanımız batar. Bir dəstə kasıb geyi öldürür ki, nəslin üz qarasısan, o biri dəstə 13-15 yaşında qızları ərə verir, digər dəstə də arvadı-uşağı döyməkdən keçib heyvanlara zülm etməyə. Amma danışanda hamısı müsəlmandır, Allahdan qorxandır. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir