Cəmiyyət

“Mövsümi xəstəlikdir, təhlükəli hesab olunmur” – İnfeksionistdən AÇIQLAMA + FOTO

Sharing is caring!


“Koronavirusla bağlı pandemiya dövrü bitib, lakin xəstəlik hələ davam edir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, COVID-19 hələ də var, sadəcə olaraq fövqəladə vəziyyət dövrü ortadan qaldırılıb:

“Necə ki, qrip xəstəliyi var, COVID-19 də var. Bir vaxtlar qrip xəstəliyi də pandemiya şəklində ortaya çıxmışdı. Lakin indi sadəcə xəstəlik kimi qalıb. Koronavirusa qarşı vaksinasiya prosesinin davam etdirilib-etdirilməməsi qərarını da hər bir ölkə müstəqil olaraq verməlidir”.

Son vaxtlar insanlar arasında qrip xəstəliyinə yoluxma halları artıb. İnsanlar bu xəstəliyi çox ağır şəkildə keçirirlər. Qripə yoluxanlar əzələ, kürək ağrılarından əziyyət çəkir, nəfəsalma ilə bağlı problem yaşadıqlarını bildirirlər. Bəziləri hətta bu qripin koronavirus olmasını da iddia edirlər.  

Bəs görəsən, bu xəstəlik həqiqətənmi koronavirusdur? Qrip insanların səhhəti üçün təhlükəli hesab oluna bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Mərdan Əliyev yayılan qripin koronovirus olmadığını söyləyib:

“Bu, koronavirus deyil. Yaz ayına xas olan xəstəlikdir. Zökəm əlamətləri ilə davam edir. Kəskin respirator xəstəlikdir. Sadəcə olaraq zökəm əlamətləri, burun axması, boğaz ağrısı, səsin tutulması kimi hallar müşahidə edilir.

Koronavirus deyil. Koronavirusda ayrı əlamətlər olur. Zökəm əlamətləri olmur. Halsızlıq, əzələ ağrıları və qızdırma müşahidə edilir. Əzələ ağrısından da qorxmağa ehtiyac yoxdur. Əzələ ağrısı təkcə koronavirusda deyil, digər virus infeksiyalarında da olur. Bu da daha çox orqanizmdə immun sistemlə bağlı olan bir məsələdir”

İnfeksionist xəstəliyin kəskin davam etdiyini vurğulayıb:

“Xəstəlik qısa müddət ərzində davam edir. Kəskin olur, lakin tez sağalma müşahidə olunur. İki gün ərzində sağalma müşahidə edilir. Uşaqlara nisbətən böyüklər xəstəliyə qarşı həssasdırlar. İki gün ərzində şəxs tam sağalmasa da, artıq özün yaxşı hiss edir. Fərdə görə də dəyişir. Orqanizmdən asılıdır. Tam sağalma bir həftəyə çəkir”.

Düzdür, koronavirusun “Omikron” ştammında da xəstəlik boğazda qıcıqlanma, yanma ilə başlayırdı. Qrip birdən-birə olur. Lakin koronavirusun ştammlarında belə bir neçə gün boğazın qıcıqlanması olur. Həmin şəxs hiss edir ki, xəstələnəcək. Qızdırma və halsızlıq ön planda olur. Burun axması olmur. Şəxsin kənardan xəstə olması hiss olunmur. Bu xəstəlikdə elə olmur. İndiki xəstəlik yaz mövsümü ilə əlaqədardır. Bir müddət sonra olmayacaq. Təhlükəli hesab olunmur. Mövsümi xəstəlikdir”.

M.Əliyev koronavirusla bağlı son vəziyyəti açıqlayıb:

“Ümumdünya Səhiyyə Təşkilatının məlumat verdiyi kimi, artıq pandemik vəziyyət yox olur, qlobal problemdən çıxır. Endemik vəziyyətə çevrilir. Hər bir ölkənin müəyyən yoluxma sayı var. Və sabitdir. Bəzi ölkələrdə hələ də qalmaqdadır. Xəstəlik həmişə bizimlə olacaq”.

Həkim əlavə edib ki, payız və qış mövsümündə koronavirusa yoluxanların sayında artım müşahidə olunacaq:

“Payız və qış mövsümündə artımlar olacaq. Yayda olmayacaq. Hazırda Azərbaycanda vəziyyət yaxşıdır. Kollektiv immunitet formalaşıb. Yoluxanlar da yüngül keçirirlər. Lakin virusdan ölənlər də var. Risk qrupuna daxil olanlar ölüm təhlükəsi ilə rastlaşırlar. Risk qrupunda olanlar vaxtında peyvənd olunmalıdırlar”.

Terapevt Abbas Bağırov isə qeyd edib ki, hazırda insanların kütləvi şəkildə yoluxduğu virus mövsümidir:

“Qrip koronavirus hesab olunmur. Mövsümidir. Strukturu tamam başqa cürdür. Təhlükəli məqam yoxdur. Qorxmağa ehtiyac yoxdur. İmmun sistemi zəif olanlar bu virusa yoluxur”.

A.Bağırov xəstəliyin geniş yayılmasını Atmosferin çirklənməsi ilə əlaqələndirib:

“Havanın çirklənməsi səbəbindən hava yolu ilə infeksiyalar yayılır. İmmun sistemdə kütləvi şəkildə zəifləyir, virusa tab gətirə bilmir. Xəstəliklərə həssaslıq da artır”

Terapevt koronovirusun artıq sıradan çıxdığını əlavə edib:

“Koronavirusun artıq öldürücülüyü minimal dərəcədədir. Virusun əlamətləri tədricən zəifləyir. Yüngül ağrılar olur. İnsanlar rahat keçirirlər. Buna görə də səhiyyə sistemi həyəcan təbili çalmır”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir