Cəmiyyət

Azərbaycan qadınları dünya analarına müraciət ediblər – FOTO

Sharing is caring!


Azərbaycan qadınları Beynəlxalq Analar Günü münasibətilə dünya analarına müraciət ünvanlayıb.

“Report”un xəbərinə görə, müraciət “Sülhün Kökləri” beynəlxalq təşkilatının rəhbəri Heidi Kühnün Füzuli rayonuna səfəri zamanı, rayonun Aşağı Əbdürrəhmanlı kəndində sakinlərlə görüşü zamanı səsləndirilərək imzalanıb.

Müraciətdə deyilir:

“Əziz analar, bacılar!

Hörmətli xanımlar!

Biz sizə qocaman Qafqazın Qarabağ diyarından, yüz illər boyunca ən böyük arzusu sülh, dinclik, təhlükəsiz həyat olan Azərbaycan qadınları ilə birlikdə müraciət edirik. Çağırışımız səbəbsiz deyil, dünyanın mütərəqqi ictimaiyyəti sülh naminə gərgin mübarizə aparsa da, təəssüf hissi ilə qeyd edirik ki, dünyanın qaynar nöqtələrində artan qeyri-humanist təzyiqlər insanlığı, gələcək nəsilləri və dünyamızı təhdid etməkdədir. Hər il dünya üzrə on minlərlə insan mina və müharibənin mənfi təsirlərindən əziyyət çəkir, fəlakətli partlayışların qurbanına çevrilir. Əgər yer kürəsinin 60-dan çox ölkəsində torpağın sinəsinə sancılan 60 milyondan çox mina öz qurbanını gözləyirsə buna necə soyuqqanlı yanaşmaq olar?! Əlbəttə qətiyyən olmaz. İndi çoxsaylı dövlətlər, politoloqlar, təhlilçilər, mətbuat tərəfindən bəyan edilir ki, minalarla ən çox çirkləndirilmiş ölkələrdən biri də Azərbaycandır. Uzun illər işğal altında olan Qarabağ torpaqlarının az qala hər qarışı minalanıb. Nə yazıq ki, mina təhlükəsi hələ də torpağın alt qatında gizlənsə də, ölüm saçan bu silahların nə zamansa baş qaldıracağı açıq-aşkar hər kəsə bəllidir.

Əziz qadınlar, biz dərin ürək ağrısı ilə bildiririk ki, 2020-ci il Azərbaycan və Ermənistan arasındakı İkinci Qarabağ müharibəsinin taleyini həll edən 10 noyabr razılaşmasından indiyədək Azərbaycanda 301 nəfər mina hadisəsinin qurbanına çevrilib. Minanın hansı koordinatda partlamasından, fəlakətə düçar olanın kimliyindən asılı olmayaraq bütün hallarda dərdi qazanan Azərbaycanın anaları, qadınlarıdır. Onlar özləri də mina təhlükəsi ilə qarşılaşmaq azmış kimi qardaş, ər, övlad itirir, əlil ailə üzvlərinin sayı get-gedə artır. Hər mina partalayışından sonra məhz biz anaların ah-naləsi, çığırtısı da ərşə qalxır. Partlayan hər mina bir ailənin və bir ananın həyatını, xoşbəxtliyini və gələcəyə ümidlərini qəhr edir.

Bu gün burada, Beynəlxalq Analar günündə Qarabağda, Füzuli rayonunda, Aşağı Əbdürrəhmanlı kəndində Azərbaycanlı analarla birlikdə dünya qadınlarına səslənirik. Bəşəri mina probleminin təkcə Azərbaycanın deyil, o cümlədən digər ölkələrin də dərdi olduğunu və bu problemə səssiz qalmağın daha çox canımızı ağrıdacağını dünya ictimaiyyətinə çatdırmağı özümüzə borc bilirik. Eyni zamanda, belə bir məsuliyyətli mərhələdə razılıq hissi ilə qeyd edirik ki, “Sülhün Kökləri” təşkilatı bu gün Azərbaycanda da öz toxumlarını yetişdirir və o, yerli tərəfdaşı olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birlikdə “Minalardan Üzümlüklərə” ideyasını bu kənddə inkişaf etdirməyə qərar verib. Bizimlə birgə olan azərbaycanlı anaların qatqısı ilə biz burada “Sülhün Əkilməsi” kampaniyasına başlayaraq minaların cəngindən xilas edilmiş sahələrə sülh toxumları səpəcəyik.

Biz sülh istəyirik! Biz uşaqlarımızın, oğullarımızın, qızlarımızın və gələcəyimizin sağlam olmasını istəyirik! Sağlam gələcək üçün minasız həyat və sülh! Bizim ali niyyətimiz sülhdür. Ümid edirik ki, dünyanın sülhsevər qadınları səsimizə səs verəcək və qadınların həmrəyliyi ilə Azərbaycanda, eləcə də yer üzündə sonuncu mina məhv ediləcək, yer üzü təhlükəsiz, başdan-başa sülhün bərqərar olduğu gülüstana çevriləcək!”

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir