Cəmiyyət

Qəhrəmanlıq estafeti möhkəm əllərdədir

Sharing is caring!

Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr vermişdir. O illərdə elə bir ailə olmadı ki, cəbhəyə əsgər göndərməsin, müharibədə əsas fenomen məhz əsgər, onun möhtəşəm adı, mətinliyi, iradəsi oldu! O zamankı ümumi ölkənin əsgərləri ilə bir sırada Azərbaycanın oğul və qızları da böyük Qələbədən ötrü qiymətli həyatlarını fəda etdilər. 600 mindən çox azərbaycanlı uzaq ellərdə mərdliklə vuruşdu, təqribən 340 min nəfərdən çox əsgər ata-baba ocağına qayıtmadı. Azərbaycan oğulları ölümün gözlərinə dik baxaraq xalqımızın mənliyini qan davasında isbat etdilər.

        Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Ən dağıdıcı və qanlı müharibənin cəbhələrində, habelə arxa cəbhədə bizim xalqlarımız qəhrəmanlıq və mərdlik göstəriblər, bu da sonrakı nəsillər üçün nümunədir. Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı İkinci Dünya müharibəsinin cəbhələrində döyüşüblər. Onların yarısı öz canlarını bizim ümumi qələbəmiz naminə qurban verib.”

        Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə Günündə müharibənin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb.

Qeyd etmək olduqca vacibdir ki, ataların və babaların qəhrəmanlıq estafeti bu gün oğulların əlindədir. Bizim erməni faşizmi üzərindəki Zəfərimiz bunu isbat etdi. Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşanın azad edilməsini bəyan etməsi Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər yürüşünün pik nöqtəsi oldu. İlham Əliyev ulu öndərin  vəsiyyətini yerinə yetirdi. Şuşanın azad edilməsi ilə Ermənistan İlham Əliyevin şərtlərinə uyğun olaraq kapitulyasiya, məğlubiyyət aktına imza atdı. Bu imza dünya ailəsində atılmış ən möhtəşəm imzadır, deməli, Azərbaycan bundan sonra da daim sayılıb-seçilən ölkələrdən biri kimi planetin üzərində söz sahibi olacaq, daha da şöhrətlənəcək.

Rövşən Əzizov,

DSMF Cəlilabad rayon şöbəsinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir