Cəmiyyət

Qaz borusu vətəndaşın həyətindən keçir: “Azəriqaz”la icra hakimiyyəti üz-üzə – FOTO

Sharing is caring!


Bakıda vətəndaş həyətindən keçən qaz xəttinin yerinin dəyişdirilməsinə nail ola bilmir.

Söhbət Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, döngə 3 ev 18-də yaşayan Aynur Heydərovadan gedir. Doqquz ildir bu ünvanda yaşayan I qrup əlil illər əvvəl hasarını önə çəkib. Bu səbəbdən də əvvəldən çəkilən qaz borusu onun həyətində qalıb.

Bizim.Media-ya problemi ilə bağlı gileylənən vətəndaşın dediyinə görə, borunun həyətdən çıxarılması üçün illərdir ki, “Azəriqaz” İstehsalat Birliyinə müraciət edir. Amma qaz xəttinin yeri dəyişdirilmir.

Vətəndaşın sözlərinə görə, “Azəriqaz” İB-dən onun rəsmi müraciətinə cavab olaraq bildirilib ki, qaz borusunun həyətdən çıxarılması üçün Suraxanı Rayon İcra Hakimiyyətindən arayış gətirməlidir.

Qurumun ötən il vətəndaşa ünvanladığı məktubda qeyd olunub ki, şəxs ona məxsus torpaq sahəsinin mülkiyyətini təsdiq edən sənədlər təqdim etdikdən sonra qaz xəttinin yerinin dəyişdirilməsinə yenidən baxıla bilər.

Şikayətçi deyir ki, “Azəriqaz” İB-nin tələb etdiyi arayışı isə aidiyyəti qurumdan ala bilmir.

Məsələ ilə bağlı Suraxanı RİH-in rəsmisi Xanoğlan Allahverdiyev bildirib ki, problemin həll edilməsi onların səlahiyyətində deyil:

“Üstəlik, icra hakimiyyətinin belə bir arayış verməsi doğru deyil. Torpaq sahəsinin mülkiyyətini təsdiq edən sənədi Əmlak Məsələləri Dövlət Komitəsi verməlidir”.

“Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Eldəniz Vəliyev isə məsələyə belə aydınlıq gətirib. O deyib ki, əgər sakin borular quraşdırılandan sonra yerdəyişmə edibsə, xətlərin həyətdən çıxarılması şəxsi hesabına gerçəkləşdirilməlidir:

“Bu məsələdə günahkar vətəndaşın özüdür. Vətəndaş lisenziyası olan podratçı şirkətlə müqavilə bağlamalı və işini görməlidir. Podratçı şirkət isə vətəndaşın müraciəti əsasında bizə üz tutur. “Azəriqaz” yerində əraziyə baxış keçirir və qaz xəttinin dəyişdirilməsinə icazə varsa, yerində texniki şərt hazırlayıb podratçı şirkətə təqdim edir. Şirkət isə onun əsasında məsələni layihələndirir, vətəndaşla müqavilə bağlayır, pulunu alır və işini görür”.

Qurum rəsmisi onu da əlavə edib ki, vətəndaş həyətini genişləndirərkən ərazi üzrə rayon icra hakimiyyəti və bələdiyyə məlumatlandırılmalı idi:

“Onlar gəlib dövlətin burada hansısa xəttinin olduğunu görməli və buna icazə verməməli idilər. Amma mən bilmirəm ki, bu işləri hansı əsaslarla ediblər. Bir sözlə, vətəndaş problemini podratçı şirkətlə həll etməlidir”, – deyə Eldəniz Vəliyev vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir