Cəmiyyət

“Azərbaycan bayrağının yandırılması Ermənistanın öhdəliklərinə münasibətinin göstəricisidir” – RƏY + FOTO

Sharing is caring!


“İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması Ermənistanın beynəlxalq öhdəliklərinə münasibətinin göstəricisidir. Bu fakt bir daha təsdiq edir ki, Ermənistan bir dövlət olaraq nəinki beynəlxalq səviyyəli yarışları təşkil etmək iqtidarında deyil, eyni zamanda? beynəlxalq hüququn tələblərini belə, yerinə yetirə bilmir”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Bayrağının yandırılması və bir neçə gün öncə əsir götürülmüş hərbçimizə qarşı törədilmiş işgəncə faktı milli nifrət və düşmənçiliyin Ermənistanda əsas ideoloji təbliğat alətinə çevrildiyini təsdiq edir. Deputatın fikrincə, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər qurumların qəbul etdiyi, Ermənistanın da qoşulduğu davranış qaydalarına hörmətsizlik ifadə edən bu fakt araşdırılmalı və hüquqi qiymətini almalıdır:

“Biz Ermənistanın öz öhdəliklərinə əməl etmədiyinin dəfələrlə şahidi olmuşuq. 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarını da Ermənistan sona qədər icra etməyib. Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı danışıqların müxtəlif mərhələlərində üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirməkdən imtina edir. Faktiki olaraq bu, Ermənistan dövlətinin beynəlxalq münasibətlər sisteminin etibarlı subyekti kimi özünü təsdiq edə bilmədiyini, öz öhdəliklərinə məsuliyyətsiz münasibətini göstərir”.

R.Məmmədov qeyd edib ki, hadisəni törədən şəxsin məsuliyyətə cəlb olunmaması, əksinə, Ermənistan mətbuatında nifrət və düşmənçiliyin təcəssümü olan bu faktın təqdir edilməsi ümumilikdə Ermənistan cəmiyyətinin çətin müalicə olunan psixoloji sindromdan əziyyət çəkdiyini göstərir:

“Çox təəssüf ki, Ermənistan hakimiyyəti öz fəaliyyəti ilə bu düşmənçiliyi təşviq etməyə daha çox üstünlük verir. Biz bu ölkənin dövlət rəhbərlərinin, yüksək vəzifəli şəxslərin bəyanatlarında tez-tez səsləndirilən sülh və dialoq barədə çağırışların səmimi olmadığını görürük. Bu, artıq Ermənistanda dövlət siyasətinin bir elementinə çevrilib və hakimiyyətlər dəyişsə də, bu siyasətin mahiyyəti dəyişməz olaraq qalır”.

Deputat vurğulayıb ki, hadisəni törədən şəxs məhkəmə məsuliyyətinə cəlb edilməlidir:

“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş Beynəlxalq konvensiyayaya tamamilə zidd olan belə bir davranışın cəzasız qalması nəticə etibarilə bu cür əməllərin təşviq olunmasına rəvac verə bilər. Çünki İrəvanda Azərbaycan bayrağının yandırılması yalnız Azərbaycana qarşı hörmətsizlik, düşmənçilik və nifrətin təzahürü deyil, eyni zamanda, dünya ictimaiyyətinin bölüşdüyü ümumbəşəri dəyərlərə açıq hörmətsizlikdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir