Cəmiyyət

Bələdiyyələr tamamilə nağdsız ödənişlərə keçəcək – FOTO

Sharing is caring!


“Bələdiyyələrdə nağdsız ödənişlərin təşviq edilməsi və çətinliklərin müzakirəsi” mövzusunda onlayn görüş keçirilib. Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə keçirilən görüşdə yerli (bələdiyyə) büdcəyə  ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılmasında HÖP (Hökumət Ödəniş Portalı) platformasının imkanlarından daha geniş formada istifadə edilməsi məsələləri müzakirə olunub.

Bu barədə Oxu.Az-a Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasından məlumat verilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyası və Mərkəzi Bankın əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə ölkə bələdiyyələrinin yerli vergi və ödənişlərin  ödənilməsi proseslərində şəffaflığın, hesabatlılığın tam təmin olunması barədə fikir mübadiləsi aparılıb. 26 bankın nümayəndələrinin iştirak etdiyi onlayn görüşdə bələdiyyə ödənişlərinin yalnız HÖP vasitəsilə aparılması imkanları müzakirə edilib. 

“Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi” MMC-nin direktoru Adil Əhmədov bildirib ki, bələdiyyələrdə gəlir və xərclərin düzgün uçotunun aparılması məqsədi ilə bütün ödənişlərin HÖP üzərindən həyata keçirilməsi bu sahədə şəffaflığı artıracaq.

Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov banklarla əməkdaşlığın daha effektli və bu sahədə birgə maarifləndirmə tədbirlərinin təşkil edilməsinin zəruriliyini vurğulayıb. 

Daha sonra Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaların nümayəndəsi, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli bildirib ki, ölkə ərazisində 1606 bələdiyyəni təmsil edən Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən bələdiyyələrdə vergi uçot sisteminin  düzgün qurulması onların maliyyə imkanlarının kifayət qədər gücləndirməsinə şərait yaradacaq. Bu sahədə hesabatlılığın və şəffaflığın təmin edilməsi bələdiyyələrin normal fəaliyyətinin təşkili üçün vacib şərtlərdəndir.

Bu məqsədlə milli assosiasiyalar tərəfindən Prezident Administrasiyasının dəstəyi ilə “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” (BAMS) yaradılıb və ölkə bələdiyyələrində tətbiqinə başlanılıb. Görüşdə Dövlət başçısının “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda bələdiyyələrin gəlir və xərclərinin vahid portalının yaradılması və bütün bələdiyyə xərclərinin portal vasitəsilə həyata keçirilməsi tədbirinin icrası ilə əlaqədar icra olunmuş məsələlərə toxunulub.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi İsrafil Mustafayev qeyd edib ki, bütün bələdiyyə ödənişləri vahid portal, yəni HÖP üzərindən aparılması həm də korrupsiya hallarının qarşısını alacaq. 

İşçi qaydada aparılan müzakirələrdə Azərbaycan Banklar Assosiasiyasının və Mərkəzi Bankın əməkdaşları tərəfindən müzakirə olunan məsələ ilə bağlı banklara müvafiq tövsiyələr verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir