Cəmiyyət

Səlim Müslümovun məhkəməsi: İstintaq orqanına sorğu göndəriləcək

Sharing is caring!


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Səlim Müslümovun vəkilləri vəsatətlə çıxış ediblər.

Vəkillər S.Müslümovun cinayət işindən ayrılma mənimsəmə və israf etmə ilə bağlı şirkətlərin istintaqının hansı mərhələdə olması, nə qədər ziyanın ödənilməsi barədə rəsmi cavab alınmasını istəyiblər.

Vəkillər həmçinin hazırda istintaqda olan cinayət işi üzrə cəlb olunan şəxslərin, xitam verilən işlərin sayının müəyyən edilməsini də tələb ediblər.

Hakim Faiq Qəniyev bildirib ki, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin dairəsi müəyyənləşdirilir:

“Biz həmin iş üzrə nə qədər ziyanın ödənilməsini öyrənməliyik. Bu, gələcəkdə məhkəmənin hökm çıxaran zaman nəzərə alınması vacib amildir. Bu, həmçinin çıxışlarda da nəzərə alınacaq”.

Hakim deyib ki, məhkəmə hazırkı mərhələdə istintaq tərəfindən nə qədər ziyanın yığılması ilə bağlı istintaq orqanından şifahi cavab almaq üçün müraciət edəcək.

Səlim Müslümovun vəkilləri bu işlə bağlı istintaq orqanına vəkil sorğusu göndərəcəklərini deyiblər.

Növbəti proses aprelin 17-də davam edəcək.

Qeyd edək ki, S.Müslümov Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir