Cəmiyyət

Azərbaycanın mövqeyi  dünya birliyi sıralarında möhkəmlənir

Sharing is caring!

      Prezident İlham Əliyev cari ilin 2 mart tarixində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışında vurğulayıb ki, ölkəmiz Hərəkata üzv dövlətlərin fəal dəstəyini daim hiss edir. Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi zamanı üzvlərin yekdil həmrəyliyini gördük. Ölkəmizin təşkilata sədrlik müddətinin uzadılması da üzv dövlətlərin Azərbaycana dəstəyinin göstəricisidir.

       Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxtərəfli diplomatik fəaliyyət sərgiləməsi xüsusi diqqət çəkir. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir. Bunlardan biri Pandemiyaya qarşı mübarizə ilə bağlıdır. Azərbaycan  Prezidenti cənab İlham Əliyev tədbirdə bəyan etmişdir ki, dövlətimiz koronavirus pandemiyasına qarşı  sistemli şəkildə mübarizə aparmaqla üzərinə düşən bütün vəzifələri yerinə yetirib. Prezident öz çıxışında bildirib ki, Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması hər şeydən öndədir. Biz vətəndaşlar bunu hər gün, hər saat aydın görürük.

       Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Nəticə etibarilə, dünyanın 120 dövləti, yəni, planetin təqribən üçdə iki hissəsi Azərbaycanın ədalətli mövqeyinə öz dəstəyini ifadə edib.

      Azərbaycan Prezidenti mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Prezidentimizin fikrincə  BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməlidir. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir.

Razi Məmmədov,

Lənkaran-Astara Regional Təhsil İdarəsi

Cəlilabad şəhər 8 nömrəli tam orta məktəbində müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir