Cəmiyyət

2100-cü ildə bizi nə gözləyə bilər?

Sharing is caring!

Gələcək barədə hər birimizin fərqli düşüncələri, təsəvvürləri var. Texnoloji yeniliklərin dayanmadan dəyişməsi bu təsəvvürləri bəzən qorxulu hala gətirir. Başqa planetlərdə həyat axtarışı, süni intellektlə bağlı inqilabi irəliləyişlər və digər sonsuz innovasiyalara nəzər saldıqda gələcəkdə bizi necə bir həyatın gözlədiyini həyəcanlanmadan düşünmək olmur.

Bəs gələcəkdə bizi susuz həyatın gözləyə biləcəyi heç ağlınızdan keçibmi?

Mütəxəssislərin hesablamalarına görə, 2100-cü ildə ölkəmizin su ehtiyatlarının 40% azalması təhlükəsi ilə üz-üzə qala bilərik. 2100-cü il bizə bir qədər uzaq görünə bilər, amma bu bizi gələcək nəsillərin taleyi barədə düşünmək, indidən addım atmaq məsuliyyətindən azad etməməlidir.

İnsanları gələcək nəsillərin üzləşə biləcəyi bu təhlükə barədə xəbərdar etmək və onları addım atmağa sövq etmək məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyi tərəfindən təşkil olunan “Bir Damcı” kampaniyasının növbəti mərhələsi başlayıb. Bu günlərdə “Bir damcı qoruyaq” şüarı altında yayımlanan reklam çarxında illərdir formalaşmış sudan istifadə vərdişlərini dəyişməyəcəyimiz halda bizi gözləyən gələcək, bu gələcəyə səbəb olan davranışlarımız göstərilir. Çarxı izlədikdə sanki kənardan dayanıb gələcək nəsillərin susuz qalması üçün əlimizdən gələn hər şeyi etdiyimizin şahidi oluruq. Gündəlik həyatda mətbəxdən, hamam otağından tutmuş keçdiyimiz küçələrə qədər hər yerdə diqqətsizliyimiz, yaxud laqeydliyimiz səbəbindən axıb gedən hər damcı suyun gələcək üçün həyati əhəmiyyətə malik olduğunu görürük.

Əslində isə mütəxəssislərin gələcək barədə heç də xoş olmayan proqnozlarını dəyişmək öz əlimizdədir. Sadəcə sudan istifadə ilə bağlı düzgün olmayan vərdişlərimizi dəyişmək, bir damcı suyun belə israf olmaması üçün biganə qalmamaq, diqqət göstərmək kifayətdir. Sudan səmərəli istifadə vərdişləri barədə məlumatlılığı artırmaq məqsədilə kampaniyanın birdamci.az veb-saytında, Facebook və Instagram səhifələrində maraqlı paylaşımlar ilə tanış ola bilərsiniz. Gələcəkdə suyumuz daima #axsındeyə bu gün bir damcı qoruyaq.

Qeyd edək ki, “Bir Damcı” kampaniyasının kreativ və kommunikasiya strategiyası “Maverick” kommunikasiya agentliyi tərəfindən işlənib hazırlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir