Cəmiyyət

Ulu öndər Heydər Əliyev YAP-ın banisidir

Sharing is caring!

Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin müqəddəs ideyaları artıq neçə illərdir ki, uğurla həyata keçirilir. Partiyanın VII qurultayından keçən qısa dövr ərzində iqtisadiyyatın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, şəhər və kəndlərin abadlaşdırılması və müasirləşdirilməsi sahələrində elə nailiyyətlər qazanılmışdır ki, bunları əvvəlki illərdə müşahidə etməmişdik. İndi razılıqla qeyd etmək olar ki, Heydər Əliyevin qurduğu təməl üzərində yeni-yeni tədbirlər həyata keçirilir, müstəqilliyimizin qorunmasına çox mühüm önəm verilir.

Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi.

Respublikamız ən çətin məqamlarda – 1993-cü ildə özünün xilas yolunu müdrik rəhbərimizin dərin zəkası, uzaqgörənliyi sayəsində tapdı, onun göstərdiyi yolla gedərək ən qorxunc siyasi və iqtisadi böhranların məngənəsindən qurtardı. Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan müdhiş bəlalardan xilas oldu, ölkəmizin müstəqilliyi, əmin-amanlıq və sabitlik qorunub saxlanıldı, ölkəmizin daxili və xarici siyasəti, haqq işi dünya miqyasında müdafiə edildi.

Beləliklə, Heydər Əliyevin siyasi hakimiyyəti ölkəmizin tarixində möhtəşəm hadisədir, bizlərə və gələcək nəsillərə inkişaf üçün sarsılmaz bir təməl olmuşdur. İndi respublikmızın hər sahədə qazandığı uğurlara görə birinci növbədə Heydər Əliyev dühasına minnətdarıq. O, doğma xalqın milli şüurunu dirçəldərək, onda gələcəyə tükənməz ümidlərlə baxmaq vərdişi yaratdı. Məhz həmin keyfiyyətlər demokratik, hüquqi, dünyəvi dövlətin bərqərar olmasında və inkişafında mühüm rol oynadı.

İlkin Zeynalov,

Lənkəran-Astara Regional Təhsil İdarəsi,

Cəlilabad təhsil sektorunun müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir