Cəmiyyət

“Ölümə yüyürənlər”in gətirdiyi bəla: Piyada günahkardırsa, sürücü niyə həbs olunur? – ARAŞDIRMA + FOTO

Sharing is caring!

Azərbaycanda son illər yol-nəqliyyat hadisələrinin sayı artıb.

Belə ki, baş verən hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı da çoxalıb. Yol-nəqliyyat hadisəsi zamanı piyadanın sürətli yolda qəfil sürücünün qarşısına çıxması nəticəsində onun gələcək həyatında çətinliklər yaranır. Belə ki, baş verən ölüm zamanı sürücü həbs edilir. Nəticədə sürücü həbs həyatı yaşayır və cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkir, iş tapa bilmir, xor görülür.

Belə hallarda qanunla tənzimlənən güzəştlər olunmalıdırmı?

Hüquq müdafiəçisi Sahib Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, elə ölkələr var ki, piyadanın günahından qəza baş versə və sürücünün günahı istisna olunursa, məsuliyyət yaranmır:

“Bizim qanunvericilikdə qatar hərəkəti zamanı piyadanı, avtomobili vurarsa, sürücüyə məsuliyyət yaranmır. Amma bu, avtomobil sürücülərinə aid edilmir. İstənilən halda məsuliyyət müəyyən olunur. Xarici ölkədə piyadanın günahından yol-nəqliyyat hadisəsi baş versə, məsələ tam araşdırılır. Mən tərəfdarıyam ki, yol-nəqliyyat hadisəsi baş verərkən, konkret olaraq piyada hüdudlanmış və yüksək sürət həddi müəyyən olunmuş yollardan keçərkən, avtonəqliyyat vasitəsi onu vurarsa, bu halda ciddi araşdırma aparmaqla sürücünü məsuliyyətdən azad olunsun. 

İstənilən halda sürücü maksimum səy göstərməlidir ki, qəza baş verməsin. Belə bir yolda sürücü müəyyən olunan sürət həddini keçibsə, qəzanın qarşısını almaq üçün mümkün olan bütün tədbirləri görübsə və idarə etdiyi nəqliyyat vasitəsi texniki nasaz deyilsə (məsələn, əyləc sistemi), bu zaman sürücü cinayət məsuliyyətindən azad edilməlidir”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2022-ci ildə 1668 və ya 2021-ci illə müqayisədə 1,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 6,1 faiz artaraq 2290 nəfər olub.

Onlardan 834-ü həlak olub, 1456-sı isə yaralanıb. Hadisələrin 45,0 faizi gündüz, 37,9 faizi gecə, 17,1 faizi isə toran vaxtı baş verib, 31,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Eyni zamanda, yol-nəqliyyat hadisələrinin 84,6 faizi yaşayış məntəqələrində baş verib. Belə ki, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 6,3 faiz artaraq 588 nəfər, yaralananların sayı isə 2,5 faiz azalaraq 1330 nəfər olub.

Sosioloq Aynur Hacıyeva saytımıza açıqlamasında bildirib ki, sürücünün günahı ucbatından olmayan hadisə nəticəsində həbs edilməsi onun gələcək həyatında çətinlik yaradır:

“Həbs edilən şəxs məhkumluq yaşayır və sonrakı dövrlərdə ciddi maneələrlə qarşılaşır. Cəzanı çəkən şəxs azadlığa buraxıldıqdan sonra diskriminasiyaya məruz qalır, iş tapmaqda çətinlik çəkir, hətta heç iş tapa bilmir. Bizim cəmiyyətdə məhkumluq statusu olan insanları işə qəbul etmirlər”.

O qeyd edib ki, insanların məhkumluqdan sonra işlə təmin oluna bilməməsi bizim cəmiyyətdə qlobal problemlərdən biridir:

“Belə hallarda qanunla tənzimlənən güzəştlər olmalıdır. Əgər sürücü günahsızdırsa, azadlığa buraxılmalıdır və ya şərti cəza növü tətbiq edilə bilər. Bu cəza növü onun həyat fəaliyyətinə zərər verməməlidir”.

Vəkil Rəşad Əliyevin sözlərinə görə, piyadanın xəsarət alması və ya ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdikdə müvafiq olaraq təhqiqat və ya istintaq orqanında müvafiq araşdırma başlanılır:

“İlkin olaraq “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol tərtib edilir. Araşdırma çərçivəsində həm sürücünün, həm də piyadanın yol hərəkəti qaydalarını pozub-pozmamaları, qayda pozuntusu varsa, bu pozuntunun hadisə ilə səbəb-nəticə əlaqəsi və sürücünün hadisənin qarşısını almaq imkanı olub-olmadığı müəyyənləşdirilməlidir. Buna görə də, hadisə yerində sxem çəkilir və müvafiq olaraq avtotexniki ekspertiza təyin edilir.

Avtotexniki ekspertiza hadisənin sürücünün günahı üzündən baş verməsi, yəni sürücünün hadisənin qarşısını almaq üçün texniki imkanı olduğu halda bundan istifadə etmədiyi barədə rəy verərsə, sürücü piyadanın xəsarətinin ağırlıq dərəcəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilir.

Əgər ekspert rəyində sürücünün günahı olmaması və sürücünün hadisənin qarşısını almaq imkanı olmadığı müəyyən edilərsə, bu halda, sürücü məsuliyyətdən azad edilməlidir. Həmçinin piyadanın da yol-hərəkəti qaydalarını pozması müəyyən edilərsə, o da müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilməlidir”.

“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İki və daha çox şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, – deyə vəkil əlavə edib.

R.Əliyev vurğulayıb ki, həmin əməllərin sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma isə daha ağır cəzalara səbəb olur:

“Ölüm halı istisna olmaqla, xəsarət dərəcəsindən asılı olmayaraq, hadisəni törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir”.

Sosioloq Rəşad Əsgərov isə deyir ki, piyada ölümü ilə nəticələnən qəzaların sayı artıb:

“Piyada keçid zolağının olmaması yüksək sürət göstəricisi olan yollarda qəzaların baş verməsinə səbəb olur. Çünki piyadalar keçid olmayan yerlərdən keçirlər. Nəticədə piyada ölən zaman sürücü məsuliyyətə cəlb olunur. İnkişaf etmiş ölkələrdə piyadalar onlar üçün nəzərdə tutulmayan yerlərdən keçirlərsə, həyatlarını risk altına atırlarsa, sürücü heç bir məsuliyyət daşımır. Bizim ölkədə isə, əksinə, sürücü məsuliyyətə cəlb edilir.

İnzibati və ya cəzaçəkmə müəssisəsində həbs müddətini çəkdikdən sonra onların ictimai həyata adaptasiyası, sosiallaşması prosesində çətinliklər yaranır. Ətraflarında olan insanlar onların cinayət törətməyə meyilli olduğunu düşünərək onlardan uzaq gəzirlər. Bu kimi halla rastlaşan insanların cəmiyyətə adaptasiyası daha yumşaq həyata keçirilməlidir, sosioloqlar da iş aparılmaldırlar”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir