Cəmiyyət

Tənqidlərə hədəf olan Aydın Xan: “Kütlə və ziyalılar arasında böyük uçurum var” – MÜSAHİBƏ

Sharing is caring!

Sosial hadisələrin izlənilməsi cəmiyyətdə mədəni hadisələrin inkişafını təhlil etmək baxımından uğurludur. Buna baxmayaraq, elm və mədəniyyət insanları çox vaxt səsləndirdikləri fikirlərə görə qınağa tuş gəlirlər. Verilişlərdə ekspert kimi çıxış edən həkimlərin, psixoloqların, vəkillərin, aktrisaların, media nümayəndələrinin fikirləri qalmaqal yaradır. Belə şəxslərin sırasında verilişlərdə ekspert qismində çıxışı ilə yadda qalan yazıçı-kulturoloq Aydın Xan Əbilov da var.

Oxu.Az Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yenimedia.net saytının və kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi Aydın Xan Əbilovla müsahibəni təqdim edir:

– Son zamanlar televiziyadakı çıxışlarınızla yadda qalırsınız. İnsanlar fikirlərinizi niyə birmənalı qarşılamırlar?

– Azərbaycan tamaşaçısının zövqü, estetikası, intellektual səviyyəsi, təəssüf ki, bizim tələb etdiyimiz qədər deyil. Fikirlərimiz bir çox müzakirələri aparmağa sanki imkan vermir. Tamaşaçılarımızın əksəriyyəti son 30 ildə nə kitab oxuyur, nə də dünyada gedən proseslərdən xəbəri var. Sadəcə, qalmaqallı, mənasız və heç bir icitimai-sosial, mədəni əhəmiyyəti olmayan məsələlərlə bağlı informasiyaları qəbul etməklə məşğuldurlar. Biz dünyadan, Avropadan, Şərqdən ən qabaqcıl ideyaları gətirib ortaya çıxarırıq.

Azərbaycan cəmiyyətinə bir kulturoloq olaraq təklif edirik ki, bu yöndə ictimai diskussiyalar aparılsın. Bəlkə, bizim cəmiyyət üçün dünyada təklif və qəbul edilən formatlar keçərlidir? O dəqiqə üzərimizə düşürlər. Ən təəccüblüsü budur ki, bu təkliflərin reallaşmasını istəyən ziyalılar kölgədə qalıblar, sanki gizlənib və qorxurlar. Çünki bir balaca müstəqil fikir, qeyri-adi təklif irəli sürən kimi Azərbaycan insanı, xüsusən də kütlə düşür həmin şəxsin üzərinə. Onun tanınmış olub-olmadığına varmadan təhqir edirlər. Söyüşlər ziyalıları, tədqiqatçıları, alimləri kütlədən uzaq salır. Artıq kütlə və elitar ziyalı təbəqə arasında böyük bir uçurum var. Nə o tərəf, nə də bu tərəf uçurumu adlamaq istəyir. Ona görə də kütlənin səviyyəsi get-gedə daha da düşür.

– Tənqid hədəfləriniz nələrdir?

– Televiziyalara baxın. Görün verilişlərdəki ekspertlər kimlərdir? Səviyyəli insanlar kütlədən qaçırlar, özlərini, ailələrini qoruyurlar. Ona görə mən kulturoloq kimi bu boşluğu doldurmağa çalşıram. Kulturoloq, bilirsiniz ki, həyata, mədəni hadisələrə birbaşa, çevik reaksiya verən və yeni texnologiyaları təqdim edən şəxsdir. Yaşamdan gələn hadisələri analiz edib yeni dövr üçün tətbiqini təklif edən, dünyada mövcud olan maraqlı texnologiyaların tətbiqinə çağıran şəxsdir.

Mən bu baxımdan tez-tez Azərbaycan cəmiyyətini silkələyən, amma əslində, dünya xalqları üçün normal olan fikirlər səsləndirirəm. Səsləndirdiyim məişət, sosial-mədəni, dünyagörüşümüzlə bağlı fikirlər, onsuz da, həyatımızda var olur, bizim üçün adiləşir. Amma o liberal fikirləri ilkin olaraq ölkəmizə gətirənlər o qədər söyülürlər ki, insan həvəsdən düşür. Azərbaycan cəmiyyəti açıq olmalıdır.

– Gənclərin oxumağa marağı nə qədərdir?

– Cəmiyyətimizdə ciddi, intellektual mütaliəyə, elə bil, allergiya var. Kitab oxumaq deyəndə sanki yalnız şeir oxumaq, ya da bir-birini tərifləmək üçün yazılmış kitabları vərəqləmək başa düşülür. Dünyanın hər bir yerində insanlar həyat tərzlərini yeniləmək üçün çox ciddi ədəbiyyat nümunələrinə meyil göstərirlər. Çox təəssüf ki, bizdə bu yoxdur. Bizdə sevgi romanları, heç bir maraq kəsb etməyən kitablara meyil var. Bu da Azərbaycan mütaliə mədəniyyətinin aşağı düşməsinə səbəb olur. Gənclərimiz, əlbəttə ki, dünya xalqlarının ədəbiyyatından tərcümə edilmiş əsərləri oxuyurlar. Niyə də özümüzünküləri oxumamalıdırlar kimi məsələlər bizi qayğılandırır. Gənclər, sözsüz ki, daha intellektual sahələrə meyil göstərirlər. Gənclərimiz yalnız poeziya ilə yox, elmi ədəbiyyatla tanış olmaq istəyirlər. Çalışırlar, özlərini daha savadlı edən əsərlər tapıb oxusunlar. Amma bu, gənclər arasında böyük kütləni əhatə etmir. Yəni az sayda belə gənclər görürük.

– 2000-ci ildə Milli Məclisə keçirilən seçkidə fəal iştirak etmisiniz. Nələri müşahidə etmisiniz?

– Cəmiyyəti öyrənən bir şəxs kimi praktikada ölkəmizdə gedən ictimai-mədəni proseslərin içindəyəm. Çünki çalışdığım sahə məhz bunu tələb edir. Ölkəmizdə keçirilən yerli, bələdiyyə, Milli Məclis seçkilərində ya monitorinq qrupunun rəhbəri, ya da üzvü olaraq iştirak etmişəm. Bu daha çox ictimai-siyasi bilgilərimin artırılmasına kömək edib. Seçki mədəniyyətinin inkişafına təkan verməkçün atılan addım kimi qəbul edilməlidir. Düşünürəm ki, cəmiyyətə yararlı olmaq üçün bu önəmlidir və lazımdır.

Seçkilərdə bir çox məsələləri müşahidə etmişik. Bu, ekspert kimi səmərələşdirici təkliflər, eyni zamanda cəmiyyəti qabağa apara biləcək müxtlif formatların təqdim edilməsində mənə kömək edib. Əgər biz real olaraq seçkilərdə iştirak etməsək, insanların fikirlərini, yanaşmalarını öyrənməsək, danışdıqlarımız romantik, qeyri-real fikirlər olar. Bunun cəmiyyətə heç bir xeyri olmaz.

– Lənkəran kənd seçki dairəsindən həm də deputatlığa namizədliyinizi irəli sürmüsünüz.

– Lənkərandakı son seçki də göstərdi ki, həm deputatları, həm də namizədləri ilə bağlı problemlər yaşayır. Orada keçirilən seçkilərdə insanların aktiv iştirakına rəğmən, bəxtləri gətirmir. Düşünürəm ki, yenidən sosial sifariş olsa, Milli Məclisə namizəd deputat olaraq seçkidə iştirak edəcəyəm.

– Azərbaycan kulturologiyasında sizi qane edən və etməyənlər nələrdir?

– Bizdə kulturologiyaya incəsənəti, mədəniyyəti öyrənən bir sahə kimi baxırlar. Amma bu daha geniş anlamı özündə ehtiva edir. Azərbaycanda kulturologiya sistematik öyrənilmir. Üstəlik, cəmiyyət də kulturoloji araşdırmalara, təkliflərə hazır deyil. Mənim ən çox çətinlik çəkdiyim məsələlərdən biri budur ki, dünyada öyrəndiyim texnologiyalar və özümün də qatqı verdiyim məsələləri Azərbaycan cəmiyyətinə açıq deyə bilim. Amma deyə bilmirəm. Çünki əvvəldə qeyd etdiyim kimi, o dəqiqə üzərimizə düşürlər. Həmin şəxslər, nə qədər qəribə olsa da, həm hər gün bizə salam verən, yəni tanıdığımız insanlardır, həm də cəmiyyətin savadsız kütləsidir. İnsanların bizə basqılarını görürük. Hesab edirəm ki, gələcəkdə kulturoloqların sayı çoxaldıqca bu kimi problemlər həllini tapacaq.

– Milli Virtual Kitabxananın yaradıcısı və rəhbəri olaraq bu sahədə nə kimi problemlərlə qarşılaşırsınız?

– Zəmanə dəyişib. İnsanlar bir smartfonun içində dünyanın bütün kitabxanalarını yerləşdirə bilirlər. Ani olaraq elektron kitabları əldə edə bilirik. Kitabxana.net-in təsisçisi və rəhbəri olaraq gənclərin maraqlarını nəzərə almışıq. 14 ilə yaxındır ki, kitabxanamızı zənginləşdiririk. Kitabxanada on minə yaxın elmi, ədəbi- bədii, publisistik, dünya ədəbiyyatından tərcümələr və s. elektron nəşrlər yayımlanır. Dünyanın hər bir yerindən nəşrlərlə tanış olan insanlar var. Ən sevindirici hal budur ki, dünyanın müxtəlif universitetləri bizə müraciət edirlər. Müəlliflərdən Azərbaycanda, Qarabağda baş verən bir çox məqamları özündə əks etdirən kitablardan istifadə etməkçün icazə almaq istəyirlər. Sözügedən kitabları ədəbiyyat siyahılarına daxil edirlər.

Elektron kitabxanaların yeniləri yaradılmalı, resurslar inkişaf etdirilmədir. Bu tip kitabxanaların zənginləşdirilməsi üçün maddi dəstək, xüsusi qrant proqramları elan edilməlidir. Bir çox ictimai təşkilatlar və fondlar kiçik layihələrimizi maliyyələşdiriblər. Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Yazıçılar Birliyi bizə müəyyən köməkliklər edib. Kitabxananı daha da genişləndirmək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq baxımdan çox böyük proqramlarımız var. Dəstək olsa, virtual oxu mədəniyyətinin inkişafında töhfəmiz olar. Gənclərin maraqlarına xidmət edə biləcək yeni kitabları portala yerləşdirib, oxucuların ixtiyarına buraxa bilərik.

Şəlalə Babayeva

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir