Cəmiyyət

Bakı metrosunda əlil arabalarının daşınması üçün xüsusi qurğu quraşdırılması nəzərdə tutulur

Sharing is caring!

“Bakı Metropoliteni” QSC metro stansiyalarının eskalatorlarında əlil arabalarının daşınması üçün xüsusi qurğunu sınaqdan keçirəcək.

“Report” xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “YARAT” Müasir İncəsənət Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində “Sabah üçün: Sənədli film”in milli premyerasında çıxışı zamanı deyib.

B.Məmmədov qeyd edib ki, artıq sınaq avadanlıqları Rusiyanın Sankt-Peterburq şəhərindən sifariş verilib:

“Biz eyni zamanda İtaliya, Almaniya və Çin istehsalı olan müvafiq avadanlıqlarla maraqlanmışıq. Əlil arabalarının ölçüləri fərqlidir deyə sınaqlara ehtiyac var və bu sınaqlar uğurla yekunlaşsa, həmin qurğuların digər stansiyalarda da tətbiq edilməsi mümkündür. Bu filmdə yer alan əlil arabası istifadəçisi Cəmilə Məmmədli kimi həmvətənlərimizin metrodan rahat istifadə etməsi üçün mümkün variantlar araşdırılır”.

Qeyd edək ki, aktrisa Deyzi Ridlinin (Ulduz müharibələri) səsləndirdiyi film günümüzün ən aktual qlobal çağırışlarına cavab verən ruhlandırıcı yerli qəhrəmanlara diqqət yönəldir.

“Sabah üçün” təşəbbüsü qlobal miqyasda şəhərləri daha təhlükəsiz, daha inklüziv, davamlı və dayanıqlı etməklə yerli problemləri həll edən innovatorları gündəmə gətirir. O, BMTİP-in 115 ölkədə fəaliyyət göstərən 91 Akselerator Laboratoriyasının gördüyü işləri paylaşır. Bu Ak.Lab-lar inkişafı sərbəstləşdirmək və insanların ideyalarından, ixtiralarından və biliklərindən öyrənmək üçün institutların layihələndirilməsində bir vasitə kimi yerli həlləri təbliğ edir. Sənədli filmdə dünyanın hər yerindən insanlar tərəfindən paylaşılan həllər arasından seçilmiş beş innovasiya yer alıb.

“Dünyanın bir sıra böyük şəhərlərində təntənəli baxışı keçirilmiş, youtube.com, amazon.com kimi platformalarda yerləşdirilmiş bu sənədli filmin Bakıda da premyerasını keçirməkdə məqsədimiz bütün tərəfdaşlarımıza, həmfikirlərimizə sabahımız üçün vədlərimizi bir daha xatırlatmaqdır. Sənədli filmdə Azərbaycanın nümunəsi dövlət qurumunun – Bakı Metropoliteninin vətəndaşla birgə müəyyən problemə həll tapmasına mükəmməl misaldır. Bu birgə fəaliyyət BMTİP-in nümayiş etdirməyə və genişləndirməyə çalışdığı qlobal məqsədlərə nail olmağa imkan verən yerli innovativ həllərdir”, – BMT-nin İnkişaf Proqramının Azərbaycanda Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Nunu Queiros belə bildirib.

Premyerada BMT-nin İnkişaf Proqramının tərəfdaşları – beynəlxalq təşkilat və səfirliklərin, dövlət qurumlarının, özəl şirkətlərin rəhbər və nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, filmdə Azərbaycandan olan əsas qəhrəman Cəmilə Məmmədli əlil arabasından istifadə edənlərin metrodan istifadə imkanlarına diqqət çəkməyə çalışıb. O, əlil arabasından istifadə etməklə metroya minən ilk sərnişin olub. Belə ki, bu məqsədinə nail olmaq üçün o, “Bakı Metropoliteni” QSC-yə məktub yazıb və onun təklifi müsbət qarşılanıb.

Hazırda Bakı metrosundan istifadə etmək istəyən əlil arabası istifadəçiləri qurumun saytındakı xüsusi pəncərədə minimum 1 saat öncə bildiriş göndərməlidirlər. Nəticədə vətəndaş metroya yaxınlaşdıqda bu xidmət üçün xüsusi ayrılmış əməkdaşlar onu metroya düşürür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir