Cəmiyyət

Xocalı soyqırımının şahidi: “Həmin gecə on ailə üzvümü itirdim” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

Bir neçə gün sonra Xocalı soyqırımının 31-ci ildönümü anılacaq. Ermənistanın insanlığa qarşı törətdiyi bu cinayət zamanı səkkiz ailə yer üzündən silinib.

Oxu.Az-ın müsahibi, Xocalı sakini Vərziyar Əliyeva bir gecədə bacısı və onun ailəsini, atasını və həyat yoldaşını itirib. Dəhşətli qətliam gecəsi Vərziyar Əliyevanın bacısı Heyran Əliyeva, onun həyat yoldaşı Firdovsi Əliyev, oğlanları Elçin və Elgiz Əliyevlər itkin düşüblər. Vərziyar Əliyevanın atası Mürşüd Hüseynov və həyat yoldaşı Əbülfəz qətlə yetiriliblər.

“Süfrəmizdə çörək kəsən insanlar bizim qanımızı tökdülər. Hər il Xocalı faciəsinin ildönümü yaxınlaşanda əlim-ayağım quruyur. O dəhşətli günlər gözümün qabağında canlanır, titrətmə tutur məni. Həmin gün itirdiklərimin acısını yaşayıram”.

1992-ci il fevralın 25-dən 26-na keçən baş verən qətliamın şahidi olan Xocalı sakini Vərziyar Əliyeva olanları belə xatırlayır:

– Xocalılı günlərinizdən danışmağınızı istərdim. Xocalı nə zamandan mühasirəyə alındı?

– Mən Xocalı şəhərində anadan olmuşam. Xocalıda gözəl, qayğısız günlərimiz olub. Bir-birimizin dərdinə yanan insanlar idik. Xocalı sakinləri çox yaxşı idilər, xeyir-şərimiz bir idi. Biz ermənilərlə birlikdə yaşayırdıq. Üzük qaşı kimi dörd tərəfdən ermənilərlə əhatə olunmuşduq. Biz ermənilərin ortasında idik. Bizim onlarla problemimiz olmayıb. Münasibətlər pis deyildi. Bunlar öz erməni xislətlərini gizlədiblər. Üzdə bir cür, arxada başqa cür imişlər. 1988-ci ilə qədər Xocalıda qayğısız yaşadıq.

1988-ci il sentyabrın 18-də kənddə toy idi. Toy sədası boğunuq səslə əvəzləndi. Dedilər ki, ermənilər kəndimizə hücum ediblər. Yoldaşım əlinə nə gəldi, götürüb getdi. Qəhrəman oğullarımız onların qarşısını ala bildilər. Xocalılar qəhrəman insanlar idilər. Üç-dörd ov tüfəngimiz var idi. O vaxt erməniləri geri oturda bildik.

Ondan sonra qara günlərimiz başladı. Dörd il mühasirədə qaldıq. Zirzəmilərdə gizlənirdik. Hər gün atəş açırdılar. Bizə heç bir yerdən kömək gəlmədi.

– Vərziyar xanım, qətliam gecəsini necə xatırlayırsınız?

– Xocalı soyqırımı gecəsi orada olmadım. Bir neçə həftə əvvəl Xocalıya vertolyot gəlmişdi. Yoldaşımın əmisi qaça-qaça gəlib dedi ki: “Vertolyot gəlib. Tez olun, gedib minin”. Həmin vaxt həyat yoldaşım Əbülfət Əliyev Xocalı hava limanında Əlif Hacıyevin yanında işləyirdi. Amma həyat yoldaşım bizimlə gəlmədi. O, Xocalını qoyub çıxa bilməzdi. Birtəhər vertolyota minib Ağdama gəldik. Orada yataqxanada qalmalı olduq. Guya Ağdama ona görə gəlmişdik ki, ara sakitləşsin, yenidən evimizə, elimizə çıxıb gedək. Heç demə, qabaqda bizi dəhşətli faciə gözləyirmiş. Biz də o faciədən xəbərsiz idik.

Xocalı faciəsi günü mən Ağdamda yataqxanada idim. Fevralın 25-dən 26-na keçən gecə saat 23 radələrində bir Həlimə adlı xanımın çığırtısına çıxdıq. Ağlayırdı, dedi ki, Xocalını dağıtdılar. Həmin an nələr düşündüm, xatırlamıram. Yadıma saldıqca ürpənirəm.

– Yaxınlarınızın qətlə yetirildiyini necə öyrəndiniz?

– Həmin gecə ilk atam qətlə yetirilib. Atam güllə yarası alıb. O, Xocalıda ovçu kimi tanınırdı. Xocalıda özünümüdafiə batalyonunun üzvü idi. 57 yaşı olmasına baxmayaraq, o, postda olanda həmin gecə bütün xocalılar rahat olurdular. Atam elə bir ovçu idi ki, onun əlindən bir quş belə uça bilməzdi. Hədəfi dəqiq nişan alırdı. Ona “Koroğlu Mürşüd” deyirdilər. Faciə gecəsi ermənilər Xocalıya hücum edərkən atamı vurmuşdular.

Bacım Heyranın ailəsi həmin gecə Xocalıda idi. Heyran uşaq bağçasında mühasib vəzifəsində çalışırdı. Yeznəmiz Firdovsi Xocalıda maşın qarajında mexanik işləyirdi. Faciə gecəsi bacımın ailəsi məhv oldu. Sonradan şahidlər mənə danışmışdılar ki, onlar da digər əliyalın insanlar kimi eyni yerə üç dəfə gedib-qayıtmışdılar. Başlarını itirmişdilər. Bacımın böyük oğlu faciə gecəsi donmuşdu. Bacımın özü, digər oğlu və həyat yoldaşı barədə heç bir xəbər ala bilmədik. Nə ölüsündən, nə də dirisindən xəbər tuta bildik. Anam Heyran deyə-deyə dünyadan köçdü. Bacımın bir oğlu yadigar qalıb. Adi Mehdidir. Bircə təsəllim odur. Xocalıdakı Ana harayı heykəlini zənn edirəm ki, mənim bacımdır, əlindəki körpə də donmuş balasıdır.

Baldızımın bir oğlu var idi, adı Ürfət idi. Baldızım onu tək böyütmüşdü. Bakı Slavyan Universitetində oxuyurdu. Qiyabi təhsil aldığından orada müəllim kimi də işləyirdi. Əlinə tüfəng alıb gəldi Xocalıya. O, meşəylə gələndə onları girov götürmüşdülər. Beləcə, on ailə üzvümü itirdim.

– Həyat yoldaşınızın aeroportda işlədiyini dediniz. Siz çıxandan sonrakı taleyi necə oldu?

Həyat yoldaşım Əbülfət Xocalı hava limanında çalışırdı. Əlif Hacıyevlə birgə Şuşaya, Xankəndiyə, Əsgərana gedib-gəlirdilər. Dörd il polis işləyib. Hər gün döyüşlərdə olurdu. Ev üzü görmürdü. Günü səngərlərdə keçirdi. Faciə gecəsi həyəcan siqnalı veriləndə Əlif Hacıyevlə birgə Xocalı aeroportunu partlatmışdılar. Qanlı döyüşlərdə Əbülfət çiyin, bud nahiyəsindən vurulmuşdu. Şahidlərin sözlərinə görə, Əbülfət o qanlı gecədə neçə-neçə qadını, qızı belində Xocalıdan çıxarıb. Fevralın 27-də atamın meyitini Ağdama gətirdilər. Yoldaşım isə yaralı olduğu üçün Ağdam xəstəxanasında müalicə alırdı. Amma yarası dərin olduğundan elə xəstəxanada keçindi. 1992-ci ilin martında isə Əlif Hacıyevin meyiti gətirilmişdi.

Danışdıqca o günlərə qayıtmalı oluram, belə də içim qan ağlayır. Atamın, həyat yoldaşımın, heç olmasa, meyitləri əlimizə gəldi. Amma bacımgildən heç bir xəbər gəlmədi. Hələ də gözlərim onları axtarır.

– 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunma xəbərini necə qarşıladınız?

– Müharibə başlayanda həm sevindik, həm də kədərləndik. 44 günlük müharibədə igidlərimiz bizim qisasımızı aldılar. Qarşılarında baş əyirəm.

– Ən böyük arzunuz nədir?

Arzumuz odur ki, Xocalıya gedək. Biz xocalılar elimizə, obamıza qayıdaq. Ayaqyalın, başıaçıq, dizin-dizin, sürünə-sürünə Xocalıya qayıdaq.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir