Cəmiyyət

Dövlət içində dövlət: 17 nəfərlik ordusu, hər kəsin səhv etmə və ölmə haqqı var – Litvadan ikinci REPORTAJ

Sharing is caring!

Litvada tarix, din, mədəniyyət və müasirliyin harmoniyasını təşkil edən əsas məkan “Old Town” ərazisidir. Vilnüsün parçası olan bu yer Şimali Avropanın ən böyük orta əsr qədim şəhərlərindən biridir. Elə ona görə də 1994-cü ildə YUNESKO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilib. İçərişəhərin daş-divarını, küçələrini xatırladan mərkəz bizim “Old City”miz kimi turistlərin ixtiyarındadır. Şəhərin qotik, intibah, barokko və neoklassik memarlıq nümunələrini özündə cəm etməsi, rəngli binaları, fərqli küçə musiqiləri həm yerlilərin, həm də gəlmələrin gözünü oxşamaqla birlikdə, onu Litva ziyarətçiləri üçün vazkeçilməz edir.

Şəhərin ana xəttinin başlanğıcını Kafedral meydanından alan və “Town Hall” meydanına qədər uzanan “Pilies” küçəsi təşkil edir ki, festivalların əksəriyyəti, Milad və Pasxa kimi bayramlarla bağlı şənliklər məhz burada təşkil olunur. Bir çox kafe-restoranların, mağazaların yerləşdiyi bu küçədə həm də Litva mətbəxinin əsas yeməkləri ilə tanış ola biləcəyiniz restoranlar mövcuddur. Restoranlarda siz litvalıların əvəzedilməz tərəvəzi olan kartofun minbir çeşiddə təqdim edilməsinin şahidi ola bilərsiniz.

Qədim şəhərə girişi təmin edən isə tarixi və dini abidə olan Şəfəq qapısıdır (“Gate of Down”). 1500-cü illərdə şəhərin müdafiə divarının bir hissəsi kimi inşa edilən qapılardan geridə sadəcə o qalıb, çünki digərləri XVIII əsrdə dağıdılıb. Qapı tağlarının içərisində Müqəddəs Məryəmin kapellası (kiçik kilsə) yerləşir. Orada XVIII əsrdə hazırlanmış və buraya yerləşdirilmiş Məryəm ikonuna yer verilib ki, bu gün onun ətrafında insanlar dualar edirlər. Hazırda Müqəddəs Məryəm kapellası məhz bu ikona görə Şərqi Avropanın mühüm ziyarət mərkəzlərindən birinə çevrilib. Onun şəhəri qoruduğuna inanılır. Ona görə də Şəfəq qapısının həm pravoslavlar, həm də katoliklər üçün əhəmiyyəti böyükdür.

Bu gün “Old Town”un ən cəlbedici memarlıq nümunələri arasında Prezident sarayının da özünəməxsus yeri var. Az da olsa, oranı Yepiskoplar sarayı kimi adlandıranlara da rastlaşa bilərsiniz. XIV əsrə aid olan saray ilk dəfə intibah dövründə təmir edilib və ərazisi bir qədər genişləndirilib. Lakin XVIII əsrdə üzləşdiyi iki böyükhəcmli yanğından ciddi ziyan gördüyü üçün yenidən inşasına ehtiyac yaranıb ki, bu da 1750-ci ildə baş tutub. Bundan sonra məkan kral və zadəganların iqamətgahı kimi istifadə edilib. Hətta saray rus çarı I Aleksandr və Fransa imperatoru Napoleonun da iqamətgahı olub. 1997-ci ildən isə Litva Prezidentinin rəsmi iqamətgahına çevrilib.

Vilnüsə, ən əsası, “Old Town”a maraq qatan bir digər şey isə sərhədləri daxilində, elə Prezident sarayından bir azca aralıda öz müstəqilliyini elan etmiş kiçik “dövlət”in mövcud olmasıdır. Ujupis adlanan bu “dövlət” Vilnüsün tam ortasında yerləşir və hələ 1 aprel 1997-ci ildə özünü “müstəqil” elan edib. Hazırda 17 nəfərlik ordusu olan və heç bir ölkə tərəfindən tanınmayan bu virtual dövlətin “prezident”i musiqiçi Romas Lileykisdir. Bu gün ujupislilərin həm öz bayraqları, həm də 41 maddəlik Konstitusiyaları var. 10-dan çox dilə tərcümə edilmiş həmin Konstitusiyaya görə, Ujupisdə hər kəsin isti su istifadə etmə, qışda isinmə və heç olmasa, balaca bir dam altında yaşama haqqı var. Bundan əlavə, hər kəs ölmə haqqına sahibdir, amma bu, bir məcburiyyət deyil. Bu balaca “dövlət”in sərhədləri daxilində hər kəsin həm də səhv etmək, azad olmaq, sevmək, hətta sevilməmək haqqı var.

Oranın insanlarını rayonun mərkəzində yerləşən və simvolu olan Ujupis mələyinin qoruduğuna inanılır, ona görə də səhv etməkdən çəkinmələrinə ehtiyac yoxdur. Digər litvalılar isə təbii olaraq bu yeri paytaxtın bir rayonu hesab edirlər. Ziyarətçiləri çox olduğu üçün bura hazırda paytaxtın ən məşhur və bahalı yerləri arasındadır. Hər il aprelin 1-də sərhədçilər “dövlət” sərhədlərinin girişindəki körpüdə istəyənlərin pasportuna möhür vururlar. “Respublika”nın sərhədini göstərən “Ujupio Res Publika” işarəsi də elə buranı Qədim şəhərə birləşdirən həmin körpünün kənarında yerləşir.

“Çayın o biri tayında” mənasını verən Ujupisin ərazisindən axan çay isə Vilniya çayıdır. Mənbəyini Belarus-Litva sərhədindən alan və Vilnüsdə Neris (Viliya) çayına tökülən bu çayın Ujupis sahilində hər il “Fotokablys” fotoqraf klubu sərgi təşkil edir. 2022-ci ildə bu yerdə ukraynalı fotoqraf Konstantinas Sovanın “Biz güclüyük!” adlı fotosərgisi nümayiş olunub. Əslində, gəzdiyim bütün küçələrdə, tarixi məkanlarda – bir sözlə, hər yerdə Litva bayrağının yanında Ukrayna bayrağının da asıldığını müşahidə etdiyim üçün buna elə də təəccüblənmirəm. Artıq bir il tamam olacaq Rusiya-Ukrayna müharibəsindən böyük ziyan görən Ukrayna xalqına Litvada həm də dövlət səviyyəsində dəstək nümayiş etdirilir. Elə ona görə də bu gün 50 mindən çox ukraynalı həyatını burada davam etdirir.

Litva Dövlət Məlumat Agenliyinin ilin əvvəlində yaydığı rəsmi məlumata görə, ötən il Ukraynadan Litvaya 62 min nəfər gəlib ki, onlardan 54 mini ölkədə məskunlaşıb. Köç edənlərin böyük əksəriyyətini də qadın və uşaqlar təşkil edir. Burada yaşayan ukraynalılar üçün tətbiq olunan əsas güzəştlər isə təhsil haqqından azad olmaları və ictimai nəqliyyat üçün heç bir ödəniş etməmələridir. Bütün bu dəstəyin fonunda Qədim şəhərin ecazkar küçələrində ukraynalılarla bağlı incə mesajlarla qarşılaşmaq bir müddət sonra təbii qəbul olunmağa başlayır.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir