Cəmiyyət

Soyqırımı şahidi: “Ən böyük arzum Xocalıya üçrəngli bayrağımızın asılmasıdır” – MÜSAHİBƏ

Sharing is caring!

“Həmin günü unutmaq qeyri-mümkündür. Hər il bu günü eyni ağrı ilə yaşayıram. Soyqırımını unutmamalı, nəsildən-nəsillərə ötürməliyik. Təbliğat aparmaq lazımdır”.

Bunu Oxu.Az-a müsahibəsində 1992-ci il fevralın 25-dən 26-na keçən baş verən qətliamın şahidi olan Xocalı sakini Əbülfət Kərimov deyib.

Müsahibəni təqdim edirik:

– Əbülfət bəy, Xocalı faciəsindən danışmağınızı istərdim. Həmin günü necə xatırlayırsınız?

– Həmin günü xatırlamamaq mümkün deyil. Çox dəhşətli idi. O zamanlar bizim hər tərəfimiz erməni kəndləri ilə əhatə olunmuşdu. Digər kəndlərlə əlaqələrimiz kəsilmişdi. Fevralın 26-na qədər erməni vandalizmi müşahidə olunurdu. Mən özüm də özünümüdafiə batalyonunun döyüşçüsü idim. Erməniləri dəf edə bilirdik. Lakin vəziyyət günü-gündən çətinləşirdi. Hər gün birimiz könüllü olaraq posta çıxıb ətrafa nəzarət edirdik. Mühasirə altındaydıq.

Fevralın 25-dən 26-na keçən gecə atışma başladı. Onların qarşısında dayanmaq mümkün deyildi. Silahımız, texnikamız yox idi. Bir tək avtomatımız var idi. Kəndləri yandırmışdılar. Kəndlərin yarısı artıq yox idi. Hər tərəfdən atəş yağırdı. Biz sonda kəndi tərk etmək məcburiyyətində qaldıq.

– Xocalını necə tərk etdiniz?

– Qarqarçayı aşıb, kəklik meşəsinə keçməli idik. O vaxtı atam da yanımda idi. Ayaqları yox idi. Ayaqlarını itirmişdi. Yoldaşımı, övladlarımı, anamı sonuncu vertolyotla fevralın 13-də yola salmışdım. Atam gedə bilməmişdi. Kənd camaatı ilə Qarqarçaya gəlib çatdıq. Çayın digər tərəfinə keçmək lazım idi. Atamı keçirəndə çətin anlar yaşadıq. Buzlu çaya yığıldıq. Daha sonra özümüzü toparlayıb kəklik meşəsinə qalxdıq. 5 gün atamla birlikdə meşədə qaldım. Hər tərəf ağappaq qar idi. Meyitlər sayılası qədər deyildi.

Bir dəfə gördüm ki, tüstü görünür. Atama dedim ki, sən qal burada, gələcəyəm. Gördüm öz camaatımızdır. Kənddən xeyli adam var idi. Ocağın səmtinə gəldik. Axşam tərəfə yaxın idi. Ocağın səmtini dəyişdim. O ocağın başında necə nəfər soyuqdan dondu.

Atamla ocağın yanında ayrıldıq. Sonuncu dəfə üzünə baxmağa belə qoymadı. Dedi ki, sən get, məndən nigaran qalma.

– Əsir düşdüyünüzü dediniz. Əsirlikdən necə xilas ola bildiniz?

– Əsgəran qəsəbəsində erməni kəndinə gəlib çıxdım. Məni ermənilər mühasirəyə alıb əsir götürdülər. Dəhraz kəndinə gətirdilər. Orada fermaya saldılar. Fermanın içində bizim kənddən 150 nəfərə yaxın adam var idi. İki aydan çox əsir qaldım. İki ay sonra xilas etdilər.

Bu cür qətliam törədəcəkləri ağlınıza gəlirdimi?

– Belə təxribat törədiləcəyi ağlıma gəlməzdi. Onlarla münasibətimiz çox pis olmayıb. Birdən-birə bizə qarşı münasibətləri dəyişdi. Xankəndi ilə bizim aramızda 10 km idi. 1989-90-cı illərdə ara-sıra atışmalar olurdu.

– 2020-ci ildə Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etdi. Qələbə xəbərini necə qarşıladınız?

– Torpaqlarımız işğaldan azad olundu. Sanki uçurdum. Çox sevindim. Doğma torpaqlarımız artıq bizim nəzarətimizdə idi. İndi torpaqlarımıza ayaq basa bilirik.

– Ən böyük arzunuz nədir?

– Ən böyük arzum Xocalıya üçrəngli bayrağımızın asılmasıdır. Xəstəyəm deyə torpaqlarımızı ziyarət edə bilməmişəm. Övladlarım hər ikisi də Şuşa və Zəngilana gediblər. Bu qələbəyə çoxdan inanırdım. Bilirdim ki, gec-tez olacaq. İnşallah yaxın zamanlarda biz Xocalıya bayrağımızı asacağıq.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir