Cəmiyyət

Ətin qiyməti niyə bahalaşıb? – ŞƏRH + FOTO

Sharing is caring!

Azərbaycanın bölgələrində ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb. Bazarlarda mal və quzu ətinin qiymətində 1-2 manat artım var. Səbəb isə fermerlərin diri satılan mal-qaranı baha qiymətə təqdim etməsidir.

Bahalaşmanın səbəbləri ilə əlaqədar Oxu.Az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli bildirib ki, ətin qiymətinin yüksəlməsi qış mövsümü ilə əlaqədardır:

“Qış mövsümü ilə əlaqədar quru yemin, ot preslərinin qıtlığı, örüş sahələrinin azalması fermerlərin iribuynuzlu heyvanın saxlanmasında çətinliyini artırır.

Heyvan yemi, o cümlədən mal əti Ukrayna və digər ölkələrdən idxal edilir. Burada gedən proseslər, bahalaşmanın müşahidə olunması Azərbaycana da mənfi təsir göstərir. Yerli tələbat artdığına görə, qiymət bahalaşması nəzərə çarpır.

Yaz mövsümünün yaxınlaşması iqtisadi fəallığa da səbəb olub. Toyların sayının artması ətə tələbatı da yüksəldib və qiymətin bahalaşmasına gətirib çıxarıb. Bununla birlikdə yemlik preslərin azalması, qiymətinin qalxması, qarşıdan Novruz bayramının gəlməsi də tələb və təklifə, həmçinin qiymətlərə təsir edir.

Hesab edirəm ki, bu, müvəqqəti artımdır. Biz 2-3 aydan sonra ətin qiymətində azalma müşahidə edəcəyik. Örüş yerlərinin yenidən istifadə edilməsi, xarici ölkələrdən ətin idxalının nisbətən artması qiymətdə azalmaya təkan verəcək”.

Eyyub Kərimli Qarabağ ərazilərinin kənd təsərrüfatında istifadəsinə də toxunub. Ekspert bildirib ki, bu bölgələrin maldarlıqda, heyvandarlıqda və əkinçilikdə istifadə edilməsi məhsuldarlığa da müsbət təsir göstərəcək:

“İdxalın minimuma endirilməsi üçün daxili istehsalı artırmaq vacibdir. Azərbaycanda qoyun əti ilə daxili təminat tamdır. Mal əti ilə bağlı problemlər var. Bunu aradan qaldırmaq üçün örüşlərin sayını artırmaq lazımdır. Rayonların əksəriyyətində örüş sahələri ləğv edilib, yerinə əkin-biçin salınıb. Bu isə yemin qiymətinə mənfi təsir göstərir.

İşğaldan azad edilmiş bölgələrimizdə də bu sahəyə kömək olacaq ərazilər çoxdur. Gələcəkdə bəzi rayonlarda, məsələn, Laçın Kəlbəcər kimi ərazilərdə maldarlığın inkişafı üçün şərait yaradıla bilər. Bu ərazilər dövriyyəyə qayıdandan sonra ətlə və yemlə təminat daxili istehsal gücünə həyata keçiriləcək, biz xaricdən idxalı minimuma endirə biləcəyik”.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir