Cəmiyyət

Xərçəng şişi yaratdığı bildirilən dərmanların Azərbaycana idxalı məsələsinə aydınlıq gətirildi

Sharing is caring!

Ötən gün “Glaxo” dərman şirkətinin istehsal etdiyi “Zantac” dərmanının tərkibində kanserogen olduğu və xərçəng şişi yaratdığı ilə bağlı məlumat yayılıb. Bildirilib ki, bu dərmandan Azərbaycanda da istifadə olunur.

Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycana dərman idxalı özəl şirkətlər tərəfindən həyata keçirilir:

“Azərbaycanda “Ranitidin” tərkibli “Zantac” dərmanı inyeksiya şəklində, “Ranitidin”in özü isə vaxtilə tablet şəklində istifadə edilib, amma onun tərkibində hansısa zərərli maddələrin olması barədə dünyada məlumatlar yayılan dövrdən, yəni 2019-2020-ci ildən sonra idxal üçün müraciət olunmayıb və müvafiq olaraq, icazə də verilməyib. Ölkəyə “Zantac”, “Ranitidin”, “Simetidin” adlı dərman vasitələri 3-4 ildir ki, rəsmi olaraq idxal edilmir”.

Qeyd edək ki, ötən gün yayılan məlumatda “Ranitidin”, “Simetidin”lə yanaşı “Famotidin” dərmanının da adı çəkilir.

Məsələ ilə bağlı AEM-in açıqlamasında bildirilib ki, adıçəkilən dərman dərman vasitələrindən ölkəmizdə yalnız Gedeon Rixter şirkətinin istehsalı olan “Famotidin” tərkibli “Kvamatel” gətirilir ki, onun tərkibində zərərli maddələrin olması barədə heç bir məlumat yoxdur:

“Sonuncu dəfə “Kvamatel”in idxalına 24.01.2023-də icazə verilib və 3600 qutu idxal edilib. Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə yalnız ölkəyə idxal edilən dərman vasitələrinin laborator analizini aparmaq, sənədlərinin uyğunluğunu yoxlayaraq, onları qeydiyyata almaq, həmçinin idxal icazəsi vermək daxildir. Dərman vasitələrinin monitorinqi qanunvericiliyə uyğun olaraq, yalnız rəsmi şikayət olduğu təqdirdə konkret satış ünvanında aparıla bilər.

Əgər hansısa vətəndaş hazırda yuxarıda adıçəkilən dərmanların apteklərdə satışı faktına rast gəlsə, o zaman Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin qaynar xətti, [email protected] elektron ünvanına və ya pharma.az saytının “Müraciət” bölməsindən istifadə edərək, bizi xəbərdar edə bilər. Əmin olun ki, məsələ qısa zamanda operativ şəkildə araşdırılıb, müvafiq tədbirlər görüləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir