Cəmiyyət

Dağıntılar altında qalmış Dereköydən reportaj: “Oğlumun cansız bədənini çıxara bildik” – FOTO

Sharing is caring!

Türkiyənin Kahramanmaraş şəhəri ilə yanaşı ətraf ərazilərdə yaşayan insanlar da zəlzələdən zərər çəkib.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, şəhər mərkəzindən təxminən 18 km uzaqda yerləşən Dulkadiroğlu rayonunun Dereköy kəndində yaşayan sakinlər də təbii fəlakətin qurbanı olublar.

Beş yüz nəfərin yaşadığı kənddə zəlzələ zamanı 4 nəfər həlak olub. Evlərin bir çoxu tam dağılıb. Bəzi evlərə isə ciddi ziyan dəyib, lakin vəziyyət hələ də təhlükəli olaraq qalır.

Hazırda kənddə insanlar çadırlarda yaşayırlar. Onlara humanitar yardım edilib və yardımlar gəlməkdə davam edir.

Kənd sakini İrfan Deyirmancı “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı ilə söhbət edən zaman deyib ki, zəlzələ anı ailəsi ilə birlikdə dağıntılar altında qalıb. O bildirib ki, oğlu təbii fəlakətin qurbanı olub:

“Üçmərtəbəli evdə qalırdıq. Həmin zaman evimiz çökdü, altında qaldıq. Sonra bizi dağıntılar altından sağ çıxartdılar. Lakin 42 yaşlı oğlum Cəlal öldü. Onun dağıntılar altında qalan cansız bədənini çıxarda bildik. Kənddə oğlumdan başqa 3 nəfər də zəlzələ zamanı həyatını itirdi”.

Xatırladaq ki, fevralın 6-da mərkəzi Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Türkiyədə zəlzələ nəticəsində azı 31 643 nəfər ölüb, 80 278 nəfər yaralanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir