Cəmiyyət

Zəlzələ Azərbaycanda daşınmaz əmlak sığortasına marağı artırıb – ŞƏRH + FOTO

Sharing is caring!

Fevralın 6-da Türkiyənin bir neçə bölgəsində baş verən zəlzələnin dəhşətli fəsadlarından sonra Azərbaycanda da daşınmaz əmlakla bağlı bəzi məqamlarda canlanma hiss olunur.

Kirayə evlərə tələbatın yüksəlməsi xəbərindən sonra daşınmaz əmlak sığortasına marağın artması da gündəmə gəlib.

Bununla bağlı Oxu.Az-a danışan sığorta üzrə ekspert İlkin İbrahimov həm icbari, həm də  könüllü daşınmaz əmlak sığortasında aktivlik müşahidə olunduğunu söyləyib. O qeyd edib ki, daha dəqiq rəqəmlər ay sonunda açıqlanacaq:

“Əsrin fəlakəti” adlandırılan zəlzələdən sonra Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına maraq artıb. Bu hadisənin fonunda sığortaya inam məsələsi də yenidən aktuallaşıb. 2021-ci ildə sığorta yığımlarının və sığorta ödənişlərinin təhlili göstərir ki, ildən ilə icbari əmlak sığortasına maraq zəifləyir. 2022-ci ildə daha az sığorta ödənişi olub, əksinə, sığorta yığımları isə yüksəlib. Yəni vətəndaşların şirkətlərə ödənişi artıb, amma şirkətlərin vətəndaşlara kompensasiya ödənişləri azalıb. Bunun iki səbəbi ola bilər. Ya təbii fəlakət, əmlaka ziyan dəyməsi halları azalıb, ya da sığorta şirkətləri vətəndaşları o qədər çətinə salıb ki, sənəd-kağız dalınca qaçmaqdan yorulub, ödənişdən imtina edənlər olub.  

Bütün bunlara baxmayaraq, reallıqdır ki, Türkiyədəki zəlzələdən sonra bir neçə gündür əmlakını sığorta etdirmək istəyənlər artıb. Rəsmi statistika mart ayının əvvəlində açıqlanacaq. Dəqiq rəqəmlər Mərkəzi Bankın statistikasında qeyd ediləcək”.

Ekspert vətəndaşların daşınmaz əmlakın icbari sığortasına maraqlı olmamasının səbəblərini də izah edib. O qeyd edib ki, məcburi xarakter daşısa da, sığorta etdirməyən şəxslərə inzibati protokolla cərimə tətbiq edilmir:

“İcbari əmlak sığortasının aparılmamasına görə vətəndaşları cərimə mexanizmi yoxdur.

Bir problem də daşınmaz əmlakın icbari sığortasını həyata keçirən İcbari Sığorta Bürosunun Əmlak Məsələləri Dövlət Xidməti ilə elektron bağlılığının olmamasıdır. Elektron qaydada bağlılıq olmadığına görə, vətəndaşların hansının sığortalı olub-olmadığını görə bilmirlər.

Sığorta ödənişləri daha zəif gedir. Sığorta şirkətləri bu ödənişləri verməklə bağlı böyük problemlər yaradırlar. Bundan biri də tələb olunan sənədlərin çoxluğudur. Tələb edilən sənədlərin içərisində arayışlar qeyd edilib ki, bunun da yığımı vətəndaşları bezdirib. Sığorta hadisəsi baş verəndən sonra bir neçə orqandan arayış istəyirlər. Bu tələb azaldılmalıdır. Vətəndaşlarda sığortaya inam yaratmaq üçün ödəniş proseduru sadələşdirilməlidir”.

Türkiyədə sığorta təcrübəsinin daha fərqli olduğunu diqqətə çatdıran İlkin İbrahimov bunun Azərbaycanda tətbiqinin tərəfdarıdır. Ekspert düşünür ki, təbii fəlakətlərə qarşı icbari əmlak sığortasının alınması və ödənilməsi şəffaflaşdırılsa, vətəndaşlar da əmlak sığortasında maraqlı olacaqlar:

“1999-cu ildə Düzcədə böyük zəlzələ baş verdi. 18 mindən çox insan həyatını itirdi. Dövlət büdcədən böyük miqdarda pullar ayırdı və “doğal afet sığortası” adlanan icbari sığorta tətbiq edildi. Bu vətəndaşlar üçün məcburi idi. Onlar hər ay təbii fəlakət sığortası ödədilər və bunu rəsmiləşdirməyə başladılar. Həmin ödənişlər kommunal xidmətlər, vergi ödənişləri kimi tamamilə şəffaf, çek vasitəsilə rəsmiləşdirilərək həyata keçirilirdi. Vətəndaş “doğal afet sığortası”nı ödəməsə, işığın, qazın verilişi bərpa olunmur. Ona görə də sakinlər sığorta ödənişlərində daha məsuliyyətlidirlər.

Əslində Azərbaycanda da belə bir sistem tətbiq etmək olar. Məsələn, illik təxmini 50 manat icbari əmlak sığortası tələb olunursa, bunu 12 aya bölərək, həmin məbləği hər ay kommunal xidmətlərin üzərində toplamaq mümkündür. Zəlzələ, yanğın, sel və digər təbii fəlakət baş verdiyi təqdirdə, sığorta tətbiq edilə bilər. Sığorta ödənişləri barədə prosedurun sadələşdirilməsi və prosesin şəffaf aparılması vətəndaşların inamını da artıra bilər”.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumata əsasən, zəlzələdə ölənlərin sayı 31 643-ə çatıb.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir