Cəmiyyət

Bina “təhvil” verildi, gedin yaşayın…

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Neçə gündür, hər gecə yatanda düşünürəm ki, görəsən, sabaha sağ çıxacağıq?

Türkiyədəki qardaşlarımız da rahat yuxuya getmişdilər faciə baş verəndə.

Və onları zəlzələ yox, keyfiyyətsiz tikilən binalar öldürdü.

O uşaqları, o qadınları, o qocaları, o kişiləri tikinti şirkətləri öldürdü.

İndi ha bundan sonra məhkəmə qur, ömürlük həbs cəzası ver. Həyatını itirən hansısa körpə geri qayıdacaqmı? Yox!

Elə içi mən qarışıq Üzeyir Hacıbəylinin “qucağı”na qaloş atanları təhqir eləmək asandır. Hünəriniz var, bir dəfə də bizim həyatımızı atıb-tutan qurumlara söz qondurun.

Düz dörd gündür ki, mətbuat müvafiq dövlət qurumlarından seysmoloji xəritə istəyir. Deyir, verin, baxaq, camaata da təqdim edək, bilək ki, Bakının, Abşeronun hansı hissələri seysmoloji aktivdir. Sağ olsun qurumlar, dörd gündür, əllərini Qurana basıb deyirlər ki, indi göndəririk. Hələ xəritəni görən olmayıb. Duza qoyurlar xəritəni, neyləyirlər – bilmirəm.

Deməli, məsələ nədədir: Seysmik xəritəyə görə müəyyən olunur ki, məsələn, Bakının bu hissəsində çoxmərtəbəli bina tikmək olar və ya olmaz.

Yaxud da əgər tikirsənsə, bu bina neçə ballıq zəlzələyə davamlı tikilməlidir. Çünki burada həmin ərazinin qruntu, dənizə nə qədər yaxın olub-olmaması və s. faktorlar nəzərə alınmalıdır.

Dənizə yaxın olan qrunt, yəni yaş torpaq, sən demə, zəlzələ anında bir bal da üstünə gəlir. Yəni əgər zəlzələnin gücü yeddi baldırsa, qrunt yaş olduğu üçün səkkiz bal gücündə olur. İndi bir dəqiqəlik düşünürük, Bakı buxtasında nə qədər çoxmərtəbəli bina tikilib? Kağız üzərində qeyd olunan normativlər tikinti zamanı nə dərəcədə reallaşıb?

Bu binaların bu gün hansı maqnitudalı zəlzələyə dözümlülüyünü necə yoxlaya bilərik?

Məsələn, biri elə mən. 24 mərtəbəli binada yaşayıram. Ümumiyyətlə, 24 mərtəbəli binanın inşasına Bakıda icazə verilməsi nə qədər düzgündür? Seysmik xəritədə necə göstərilib həmin yer? Yenəmi dövlət qurumları gəlib, binanın başına üç dövrə vurub, “baxarıq” deyib illərlə vətəndaşların yazdıqları məktublara cavab verməyərək ənənələrinə sadiq qalacaqlar?

Bu və bunun kimi digər çoxmərtəbəli binaların dayanıqlı olub-olmadığını yoxlamaq üçün mən və digər vətəndaşlar nə etməliyik? Hansı dövlət qurumu cavabdehdir mənim kimi yüzminlərlə adamın həyatına? Yoxsa əsas odur ki, “bina təhvil verildi, gedin yaşayın, bu da sənəd”?

Sovetin dövründə doqquz mərtəbədən yüksək tikintiyə icazə verilmədiyi halda niyə indi kim harada istəyir, orada çoxmərtəbəli bina tikir? Abşeronun, Bakının ki qruntu, torpağı, süxuru dəyişməyib? Olduğu kimidir axı.

Məlumat üçün qeyd edim ki, zəlzələ, əsasən, tektonik hərəkətlərin olduğu seysmoloji ərazilərdə baş verir. Belə ərazilərdən biri bizim də daxil olduğumuz Alp-Himalay qurşağıdır. Buraya Azərbaycan da, Türkiyə də daxildir. Bu qurşaqda dağəmələgəlmə prosesi gedir. Zəlzələ on il sonra da ola bilər, beş ay sonra da. Zəlzələni əvvəlcədən proqnozlaşdıra bilən adam, elm, alət hələ ki yoxdur. Süni zəlzələni də yaratmaq mümkün deyil.

Amma zəlzələ ilə yaşamağı bacaranlar var. Necə ki Yaponiya yaşayır. Az qala, gündə üç dəfə yeməkdən əvvəl zəlzələ yaşayırlar. Bəli, yaşayırlar. Birgə. Ölüm-itim olmadan. Çünki vicdanlıdırlar. Onlar üçün ən vacib şey insan həyatıdır. Bunun üçün milyardlar xərcləyirlər. Binaları, yolları, körpüləri ona görə inşa edirlər.

Bizim dünən tikilən körpülər, yolayrıclarından isə armatur sallanır artıq. Söz deyəndə də olursan “xalq düşməni”.

Zəlzələ həmişə olub və olacaq. Zəlzələ öldürmür, vicdansız dələduzların tikdikləri binalar öldürür. Rüşvətxor məmurlar öldürür. Korrupsiya öldürür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir