Cəmiyyət

Dağıntılar altında qalan azərbaycanlı tələbələr çıxarılıbmı? – FOTO

Sharing is caring!

“Türkiyənin şəhərlərində binaların uçması nəticəsində dağıntılar altında qalan azərbaycanlılar barədə araşdırma aparılır”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib. 

O qeyd edib ki, hazırda tələbələrin vəziyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir:

“Hələlik ətraflı məlumat yoxdur”.

Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva Oxu.Az-a açıqlamasında bildirib ki, zəlzələdən əziyyət çəkənlər çoxdur:

“Minlərlə insan zərər görüb. Onların arasında azərbaycanlıları müəyyənləşdirmək üçün çalışırıq. Xüsusilə azərbaycanlı tələbələrlə əlaqədar məlumatlarda dəqiqlik yoxdur. Burada ali məktəblərdə sessiya bitib. Çox tələbə Azərbaycana qayıdıb, ona görə hazırda zəlzələ bölgəsində nə qədər tələbə olduğunu bilmirik”. 

Zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin xilas edilməsi barədə yayılan xəbərlərə gəlincə, Aygün Qocayeva bu barədə dəqiq məlumat olmadığını söyləyib: 

“Biz həmin tələbələrlə əlaqə qura bilməmişik”.  

Qeyd edək ki, Malatyanın İnönü Universitetinin tələbələri olan dörd azərbaycanlının dağıntılar altında qaldığı, ötən gün gecə isə xilas edildiyi haqqında məlumatlar yayılıb.   

Xatırladaq ki, ötən gün Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 3 381 nəfər həyatını itirib, 20 426 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.

İlhamə Əbülfət, Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir