Cəmiyyət

33 il keçir…

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Bakı küçələrindən Rusiya Ordusunun tanklarının keçməsindən, gecə qaranlığında işıqlı güllələrin insanların bağrını dəlməsindən, Larisanın, İlqarın, Fərizə və İlhamın ölümündən, sağ qalıb bala dağıyla yaşayan ana-ataların qara gününün üstündən 33 il keçir.

Eyni zamanda müstəqilliyimizin və azadlığımızın 33-cü ilini yaşayırıq. Dəhşətli, qanı damarda donduran bir həqiqətdir. Deməli ki, azadlığın əvəzi budur, qan… 

İnsanlar dünəndən Şəhidlər xiyabanına 33 il əvvəl şəhid olan qəhrəmanların xatirəsini anmağa gedirlər. Orada uyuyan insanlar isə əliyalın sadə insanlar idi. Nə hərbçi deyildilər, nə silahlı, nə quldur, nə qaçaq…

Əslində bizim məfkurəmizə şəhid sözü məhz o gün düşdü. Ona kimi sovet uşağı, sovet qadını, kişisi nə bilirdi şəhid nədir? Amma söz necə də yerini tutdu. 

Yanvarın 20-si gecə saatlarında Sovet ordusu Bakıda əliyalın, dinc insanlara atəş açmağa başladı. Gecə ilə küçələrdən tank altında qalmış, avtomobillərin içində öldürülmüş insanların meyitləri yığılıb morqa aparıldı. Bəzilərinin meyiti tanınmaz hala düşdü, bəzilərinin isə nə ölüsü, nə də dirisi tapıldı. Bu gün də 20 yanvar şəhidlərinin məzarlığında “naməlum məzar” var. Adı, soyadı olmayan…

20 yanvar faciəsi çox səlis və başadüşülən dildə Azərbaycan xalqına çatdırdı ki, heç bir “xalqlar dostluğu”, “sovet ittifaqı”, “böyük qardaş” yoxdur.  Haqq səsini ucaldan və Azərbaycan xalqını məhv etmək üçün əlindən gələni edən Sovet imperiyası var. Bütün bunlardan sonra hələ də Sovetin dövrü üçün xiffət çəkən adamları anlamıram. Sən demə o zaman dondurma daha dadlı, “kolbasa” daha yağlı imiş. Bəzən insanların bu qədər küt olmasına sadəcə inanmaq istəmirəm. Bu qədər qan-qadadan sonra niyə öz cəlladını “baş tacı” edəsən axı?

20 yanvar günü küçələrdə Sovet ordusu tərəfindən qətlə yetirilən insanların meyitinə heç bir hökumət, heç bir qurum yiyə durmadı. Xalq özü öz meyitlərini yığdı, özü məzarları qazdı, özü dəfn elədi. 

19-u gecə yağan güllə yağışını 20 yanvar səhəri qərənfil yağışı əvəz elədi. Moskva üçün becərdilən bu güllər şəhidlərin örtüyünə çevrildi. Çox dəhşətli mənzərə idi. Sanki dünyadakı bütün qərənfillər Bakıya axışmışdı o gün. Tarixi xronologiyada nə yaxşı o fotolar durur. Yoxsa elə bilərdim ki, təxəyyül məhsuludur yazdıqlarım.

Mən hər dəfə “Şəhidlər xiyabanı”na gedəndə gözümün önünə açıq məzarlar, yaş torpağın üstündə qalaqlanan qərənfillər, insan izdihamı gəlir. Hə, o günlər atam bizi aparmışdı xiyabana. Nə yaxşı ki, aparmışdı. Çünki o tablonu görəndən sonra Sovet imperiyasının və Sovet ordusunun nə qədər qansız, amansız olduğunu anladım. Bu, heç vaxt yadımdan çıxmayacaq. Mən bu dünyadan ədalət gözləmirəm. “Ədaləti özün təmin etməlisən” ifadəsi mənə görə olduqca doğru yanaşmadır. Amma Bakıda əhaliyə qarşı qırğın törədənlərin cəzalandırılmaması da ayrı bir dərddir. 

Bakıya Sovet ordusunun daxil olması haqqında əmr verən Mixail Qorbaçova hələ dünya birliyi “Nobel sülh” mükafatı da verdi. O isə edam və məhkum olunmadan, milyonçu kimi, kef-damaqla öldü. Nə olsun ki, əli yüzlərlə insanın qanına batmışdı? Karma bu dəfə işləmədi. 

33 il əvvəl 20 yanvar faciəsinə, əhaliyə qarşı törədilən cinayətə ilk etiraz səsini ucaldan Heydər Əliyev oldu. 21 yanvar, 1990-cı ildə Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək bu cinayətdə əli olanların adlarını çəkdi. Video isə nə yaxşı ki qalıb, indi də internetdə yazsanız çıxacaq. O çıxışı dinləməyinizi tövsiyə edirəm. 

O zaman, o sözləri demək üçün xüsusi cürət tələb olunurdu. Heç kim belə çıxış edən adamın yaşayacağına zəmanət verə bilməzdi. Bircə iynə ilə adamı yox edərdilər. Necə ki, Sovetin xüsusi xidmət orqanları bunu edirdi. 

Hər dəfə 20 yanvar faciəsinin ildönümünü yaşayanda eyni kadrlar adamın gözü önündən gəlib-keçir. Tanklar, Sovet ordusunun vəhşiliyi, bir də Bakı buxtasından “SOS” siqnalı verən gəmilərin hayqırtısı. 

Məhz dənizçilərin verdikləri “SOS” Bakıda baş verən fəlakəti dünyaya çatdırdı. Çünki Sovet hökuməti, partiya və digər qurumları bilavasitə törətdikləri qətliamı ört-basdır etmək üçün Bakıda baş verənləri adi iğtişaş, xalq narazılığı kimi qələmə verirdi. Heç vaxt unutmayın ki, bizim dənizçilər, savadlı və bilikli kapitanlarımız olmasaydı Bakını Sovetin hərbi gəmilərinin atəşi məhv edəcəkdi. Məhz onların ağıllı və təbdirli davranması Sovet ordusunun hərbi gəmilərinin hərəkətinin qarşısını almışdı. Yanvar hadisələrində “Sabit Orucov” gəmisinin kapitanı Mövlud Əliyev, “Şirvan-2” gəmisinin kapitanının baş köməkçisi Ağalar İbrahimov, “Vodoley-4” gəmisinin kapitanı Murad Əliyev, “Neftqaz-60” gəmisinin kapitanı Rövşən Dəmirov, 120 gəmi, yüzlərlə dənizçi və ağ geyimli kapitanlarımız bizim qanımızın arasına girdilər…

Hər il 20 yanvar günü Bakı buxtasında olan gəmilərimiz siqnal verərək şəhidlərimizin ruhunu anır. Mən isə o səsi eşidəndə yenə oluram atasının əlindən tutmuş, soyuq qış havasında açıq məzarların yanından keçən balaca qız…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir