Cəmiyyət

Günah tək “Prius”da deyil

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Elə bir günümüz yoxdur ki, KİV-də yol-nəqliyyat hadisələrində ölən və yararlananlar barədə xəbər olmasın. Bəzən gündə bir neçə belə xəbər olur. Belə xəbərlərə isə cəmiyyət olaraq öyrəşmişik. Hə, nə olsun, öldü də.

Avtoqəzada həyatını itirənlər çox təəssüf ki, artıq statistikaya çevrilib. Yəni sadəcə rəqəmlərə. Məsələn keçən il, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1 259 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 599 nəfər həlak olub, 1 099 şəxs isə yaralanıb. Məlumatı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi açıq internet resurslarında təqdim edir. 

Onda belə çıxır ki, orta hesabla götürsək, hər 9 aya 600 nəfər qəzalarda həyatını itirir. On milyonluq əhali üçün bu heç də az rəqəm deyil. 

Bu qədər yol polisi, radar, kamera, cərimə olduğu halda yol-hərəkət iştirakçılarının qeyri-adekvat olması təhlükəsiz hərəkət etməyə imkan vermir. Hərəkətin daha da qəlizləşməsi üçün son dövrlər moped və motosiklet sürücüləri də əllərində gələni edirlər. Heç gözləmədiyin halda, bir də görürsən haradansa iki təkər üstündə “kuryer” peyda olur, təhlükəli manevrlər edərək “şərini” səndən götürüb başqasına aparır. Bir anlıq düşünürsən ki, özünü də, sürücünü də bədbəxt edəcək. 

Vəziyyəti daha da çətinləşdirən bir digər məqam odur ki, həmin nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmur. Əgər mopedin mühərrikinin həcmi kiçikdirsə, o zaman ona nömrə nişanı da lazım deyil. Və beləliklə yüzlərlə gənc onsuz da iflic olmuş Bakı yollarının təhlükəli iştirakçısına çevrilir. Çoxu da deyir ki, bir tikə çörək qazanırıq. Əla, bəs bir tikə çörəyə görə həm öz həyatını, həm də başqasının həyatını təhlükəyə atmağa dəyərmi? 

Yol-hərəkət iştirakçılarının bir qolu da var, onlar piyada-kamikadzelərdir. Harada gəldi, necə gəldi, hətta avtobanda belə yolu keçirlər. Halbuki, həmin yolda orta sürət həddi 90 km/saatdır. Hər dəfə Bakı Hava Limanına gedən yolda dəmir arakəsmələrin üstündən hoppanıb qarşı tərəfə qaçan piyadaları görəndə düşünürəm ki, yəqin canlarından beziblər. Çünki belə riski gözə almaq, hər kişinin işi deyil. Qadınlara qarşı ayrı seçkilik etməyək. Avtobanların üstündən dovşan kimi tullanan xeyli sayda qadınlar da var. Şəxsən mən onları elə akrobatik hərəkətlər edən görəndə düşünürəm ki, gör neçə-neçə istedadlı idmançımız bu kəslərin timsalında batıb-gedib. Canından bezən belə piyadalar isə hər zaman məsuliyyəti sürücünün üstünə atır. Bir hadisə də olanda, sürücü yazığın günü qara olur. İstər polisdə, istər məhkəmədə. Bədbəxt hadisələr yaşananda isə geniş yayılmış variantlardan biri o olur ki, zərərçəkən hadisəni polisdən gizlədir, amma sürücünü uzun müddətli şantaj edir. Müalicə elə, yeməyimi, bazarlığımı gətir və s. 

Amma bu o demək deyil ki, bütün sürücülər imam nəvəsidir. Xeyr! Kifayət qədər sürücü var ki, uzunqulaq onlardan daha yaxşı bilir yol-hərəkət qaydalarını. Məhz belə sürücülərin davranışı nəticəsində hər gün yolda bədbəxt hadisələr yaşanır. Elə biri barədə bu gün xəbər çıxdı. Belə ki, Bakıda orta məktəb şagirdinin ölümü, onun atasının isə xəsarət alması ilə nəticələnən ağır qəza törətmiş vəzifəli şəxs həbs edilib. Yasamal Rayon Məhkəməsində 8-ci sinif şagirdi Nurlan Bağışovun ölümü ilə nəticələnən qəzanı törədən Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi, 1988-ci il təvəllüdlü Vəli Məmmədova hökm oxunub. Ona 5 il 1 ay müddətinə həbs cəzası verilib.

Məhkəmədə məlum olub ki, Mərkəzi Bankın vəzifəli əməkdaşı idarə etdiyi “Mazda” markalı avtomobillə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində hərəkətdə olarkən yolun ortasındakı qoşa xəttin üzərində dayanmış Nurlanı və atasını vurub. Zərbənin təsirindən yeniyetmə yolun əks istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı taksinin altında qalıb. Ağır xəsarət alan Nurlan xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Bu qədər faciəli bir son. 8-ci sinif şagirdi həyatını, sürücü isə azadlığını itirdi. Və bu cür hadisələr demək olar ki, hər gün Bakı küçələrində baş verir. 

Hələ Allah göstərməsin, Bakıya bir çay qaşığı qar yağsın. Onda vəziyyət daha qorxulu olur. Yola çıxan da qorxur, avtomobili idarə edən də, etməyən də, taksi ilə yola çıxan da. 

Heç kimə sirr deyil ki, bizim taksi sürücülərinin əksəriyyəti avtomobili II Dünya müharibəsində Yapon təyyarələrini idarə edən kamikadzelər kimi idarə edir. Ən çox da “Prius” markalı avtomobilləri idarə edənlər. Elə bil bu tip sürücüləri seçib bu maşınlara əyləşdirirlər. Nə yalan deyim, Bakıda “Prius” sürənin adı yaman pis çıxıb. “Prius” sürürsə, deməli ya həbsxanadan təzə çıxıb, ya “patı” çəkir, ya da nəsə qeyri-qanuni işi görür. Çünki artıq belə bir fikir formalaşıb ki, (əvvəllər bu “VAZ”ın 07-sinə aid idi), yolda “Prius” gördünsə qaç, canını qurtar. 

Mən tam məsuliyyətimlə dərk edirəm ki, hamı savadlı, bilikli, ağıllı ola bilməz. Bunun dəlisi də var, ağıllısı da, savadı olanı da, cahili də. Amma hamını yola buraxmaq olmaz axı? Hələ də sürücülük vəsiqəsini müxtəlif yollarla alanlar var. Hələ də psixoloji vəziyyəti düzgün dəyərləndirilmədən sükan arxasına oturanlar var. Yolda dava edən, başqasının yolunu, bir az da irəli gedərək başqasının həyatını kəsənlər var. Yolda hər bir kəs məsuliyyətli olmalıdır. Sürücü də, piyada da, mopeddə gedən kuryer də. Əks halda bu yol terroru bitməyəcək. 

DYP də ciddi tədbirlər görməlidir. Yol-hərəkət iştirakçıları da öz haqlarını yaxşı bilməlidirlər ki, korrupsiya halları yaşanmasın. Yoxsa sürücü qaydaları pozub, sonra da cəriməni yazan polisə “balalarının burnundan gəlsin” deyərək qarğış etməli deyil. 

Yol polisi də eyni qaydada “bunu yolum buraxım” deyə düşünməli deyil. 

Piyadalar da avtobanların dəmir arakəsmələrindən dovşan kimi hoppanmalı deyil. Və ən nəhayət işıqforda cəmi üç rəng var. Onu yadda saxlamaq məncə çətin deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir