Siyasət

Azərbaycan-İran görüşündə GƏRGİNLİK: Qafarova Qalibafa hansı mesajları çatdırıb? – TƏHLİL + FOTO

Sharing is caring!

Antalyada Türkiyə, Azərbaycan və İran parlamentləri sədrlərinin Asiya Parlament Assambleyasının 13-cü Plenar Sessiyası çərçivəsində üçtərəfli görüşü keçirilib.

Bundan əvvəl isə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə İran parlamentinin sədri Məhəmməd Qalibaf bir araya gələrək müzakirə aparıblar.

Rəsmi məlumatları bir kənara qoysaq, görüşün Azərbaycan-İran münasibətlərindəki gərginlik səbəbindən heç də xoş atmosferdə keçmədiyini qeyd edə bilərik. Hərçənd rəsmi informasiyaların axınında da bu gərginlik izlərini tapa bilərik.

Milli Məclis sədri Sahibə Qafarova Azərbaycan diplomatiyasının parlament fazasındakı funksiyasını, yəni üzərinə qoyulan tapşırıqları yerinə yetirir. Ancaq Azərbaycan, onsuz da, öz təkliflərini verib və İrana deyiləsi söz qalmayıb, lakin Antalya platforması bir daha mübahisələrə son qoymaq üçün yaxşı vasitə ola bilərdi.

Düzdür, İrandakı prezidentlik institutu və qanunverici orqan islam dəyərlərini manipulyasiya edərək ona süni elementlər qatan ali dini rəhbərlik önündə söz sahibi deyil. İranın Azərbaycana qarşı davranışının kökü ölkənin təməl siyasətində böyük güc sahibi olan radikal hərbi-siyasi-dini dairələrə gedib çıxır.

Yəni bu gün İbrahim Rəisi prezident olmasaydı, Məhəmməd Qalibaf parlament sədri kürsüsündə əyləşməsəydi belə, İran eyni qərəzli və çirkin ritorikasını nümayiş etdirəcəkdi.

Lakin yenə də hansısa platformada müzakirələr gərginliyin azalması üçün bir vasitədir, xanım Qafarova ilə cənab Qalibafın görüşü də bu baxımdan məzmun qazana bilərdi.

Azərbaycan İrana dediyini deyib, yerini göstərib – həm diplomatik tərzdə, həm də hərbi təlimlərlə. Ona görə də Sahibə Qafarova iranlı spikerlə görüşdə o qədər də maraqlı tərəf kimi görünə bilməz.

Bu fikirdən yola çıxsaq, əminliklə demək mümkündür ki:

– Azərbaycan spikerinin səfər proqramında İran nümayəndə heyəti ilə bu görüş nəzərdə tutulmayıb; 

– Görüş İran tərəfinin müraciəti əsasında reallaşıb.

Ancaq İran təşəbbüskarlıq göstərsə də, görüşün motivini molla rejiminin ənənəvi məntiqsiz tezisini çatdırmaq şakəri üzərində qurmağa çalışıb.

İki ölkə spikeri ölkələr arasındakı münasibətlərdən danışdıqdan və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıqdan sonra cənab Qalibaf cığallığa əl ataraq Azərbaycanın güclənməsinə İranın verdiyi məkrli reaksiyanı bir daha təkrarlayıb:

– Qeyri-regional ölkələr bu sahəyə müdaxilə etməməlidir;

– İran Qafqaz regionunda sərhədlərdə heç bir geosiyasi dəyişikliyi qəbul etmir.  

İran hər iki dişsiz mövqe ilə rəsmi Bakının genişlənən əlaqələrini və Azərbaycanın regiondakı təhdidlərə cavab olaraq atdığı addımlardan alışıb-yandığını göstərir.

Klassik həyasızlığını patoloji xəstəliyə çevirən İran tərəfinə cavabı Sahibə Qafarova adekvat tərzdə çatdırıb.

Qafarova bildirib ki, iki ölkəni təkcə coğrafiya və sərhədlərin yaxınlığı birləşdirmir. Sitat:

“Biz müsəlmanıq və İran əhalisinin əksəriyyəti Azərbaycan dilində danışır. İran və Azərbaycan arasında münasibətlərə təsir edən müxtəlif məsələlər var. Biz sülhü və təhlükəsizliyi dəstəkləyirik və regionda sabitlik istəyirik”.

Bu məlumatları oxuduqdan sonra belə qənaətə gəlmək olur ki, Qafarova-Qalibaf görüşü söz atışmaları ilə müşayiət edilib, belə olan təqdirdə Azərbaycan Milli Məclisinin sədri fikirlərinin davamını diplomatik tərzdə bu formada gətirə bilərdi:

1. İranda yaşayan azərbaycanlıların hüquqları pozulur və İran hakimiyyəti bu barədə düşünməlidir (mümkündür ki, İranın beynəlxalq hədəf taxtasında əyləşdirildiyi xatırladılıb);

2. İran Zəngəzur dəhlizinin geostrateji əhəmiyyətindən narahatlıq keçirməməlidir və onun dəhlizə qarşı ritorikası yalnız Tehranın özünə ziyanlar gətirəcək;

3. Azərbaycan xarici siyasətini özü müəyyən edir və İran kimi sancı keçirən ölkələrin narahatlığı bu işə heç bir maneə yarada bilməz;

4. İran öz daxilindəki problemlərdən diqqəti yayındırmaq üçün başlatdığı anti-Azərbaycan kampaniyasına son qoymalıdır;

5. İranın Bakı əleyhinə canfəşanlığında islam dininə söykənmək cəhdləri sadəcə qeyri-səmimilik və riyakarlıqdır. Çünki islama istinad edən bir ölkə Ermənistanın Azərbaycan məscidlərini dağıtmasına, dini abidələri vandallıq aktına məruz qoymasına səssiz qalmamalıdır. Amma İran bunları görməməkdən ötrü bəsirət gözünü açmır və ayıbına kor olmaq əvəzinə, Ermənistanın mənəvi qoruyucusuna çevrilir.

Beləliklə, İran tərəfinin bu görüşü də provokasiyaya çevirmək cəhdi uğursuz alınıb, üstəgəl Qalibafın hələ bir neçə suala da cavab verməli olduğunu da nəzərə almalıyıq:

Məsələn, İran qonşuluq münasibətlərinin yaxşı olmasının tərəfdarıdırsa, niyə 2022-ci ilin noyabrında Qalibafın Azərbaycana nəzərdə tutulan səfərini təxirə saldı?

İran buna izahat verməyib, ona görə də Sahibə Qafarova molla rejiminin zəhərli dili ilə danışan Qalibafdan mümkündür ki, bunun səbəblərini soruşsun.

Təbii ki, heç bir izah yoxdur, yeganə əlaqə İranın öz təxəyyülündə yaratdığı xəyali düşmən obrazları ola bilər…

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir