Cəmiyyət

Koronavirus xoflu Yeni il bayramı: “Maksimum 500 nəfər…” – FOTO

Sharing is caring!

“Çində yoluxanların sayının yenidən artması bizə də təsir edəcək”.

Bunu Oxu.Az-a açıqlamasında infeksionist Mərdan Əliyev COVID-19-a yoluxma sayı ilə bağlı danışarkən deyib.

Xatırladaq ki, koronavirus pandemiyasının Çində yenidən tüğyan etməsi insanlarda narahatlıq yaradır. Bəzi insanlar pandemiyanın yenidən alovlanmasından çəkinirlər. Bununla yanaşı, Çin yanvarın 8-dən etibarən ölkəyə səfər edənlər üçün karantin qadağalarını aradan qaldırır. Həmin tarixdən sonra Çinə səfər edənlər karantinə alınmayacaqlar. Pandemiyanın iqtisadiyyata təsirlərinin minimumlaşdırılması məqsədi ilə Çin “Sıfır COVID” prinsipindən praktiki olaraq əl çəkir. Səfərdən 48 saat öncə neqativ COVID test nəticəsi olan xaricilər heç bir əlavə tələb olmadan Çinə səfər edə biləcəklər.

Digər tərəfdən isə bir neçə ölkə son günlərdə Çindən gələn turistlərin ölkəyə girişinə müəyyən məhdudiyyətlər tətbiq edib.

Çinin yumşaltmalara getməsi strateji məhsullara, o cümlədən neftə tələbatın artmasına səbəb olmaqla 2023-cü ildə qlobal iqtisadi artımı stimullaşdıracaq. Amma yoluxmadakı sıçrayışlar yenə də risk olaraq qalır.

Azərbaycanı qarşıda beş günlük tətil, kütləvi toplaşma, bayram ab-havası gözləyir. Bəs görəsən, bütün bunlar yoluxmaya hansı şəkildə təsir edə bilər?

M.Əliyevin sözlərinə görə, üç aydan sonra ölkəmizdə yoluxanların sayı daha da azalacaq:

“Çində “sıfır dözümlülük” prinsipi ilə yumşalmağa doğru gedir. Səbəbi isə insanların narazılığı və iqtisadiyyatda olan geriləmələrdir. Bütün bunlar məcbur edir ki, yoluxmada sürətli artımların qeydə alındığı sərt karantin fonunda Çin hökuməti yumşalmalara getsin. Bu, məntiqə uyğun deyil. Qaydalar sərtləşdirilməlidir ki, yoluxma tempi azalsın.

Çünki xəstəlik digər ölkələrə də öz təsirini göstərə bilər. Yenidən iki il öncəyə qayıda bilərik. Biz də dünyanın bir hissəsiyik və Çində olan artımlar bizə də təsir göstərəcək. Amma düşünürəm ki, bu dəfə təsir çox ciddi olmayacaq. Artıq insanlar yoluxub, sağalıb, immunitet qazanıblar. Eyni zamanda, peyvənd olunublar. Bunları nəzərə alsaq, ölkəmizdə yoluxma sayının artacağı gözlənilən deyil”.

Həkim qeyd edib ki, yoluxma sayı maksimum 500-ə qalxa bilər:

“Çində və digər qonşu ölkələrdə bir müddətdir ki, yoluxma sayında kifayət qədər artımlar var. Bizdə isə hələlik səngiyib. Yanvar, fevral və mart ayları bir qədər təhlükəlidir. Bu aylardan sonra yoluxma bir qədər də azalacaq.

Yeni ildə kütləvi tədbirlərdə insanların iştirakı da yoluxmanı kəskinləşdirməyəcək. Bayramda ciddi artım gözlənilmir. Müəyyən qədər olacaq. Lakin 500-dən o tərəfə keçməyəcək. Maksimum say 500-dür”.

Qeyd edək ki, Azərbaycanda dekabrın 30-na olan məlumata görə, son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 85 nəfər müalicə olunaraq sağalıb. Virusdan dünyasını dəyişən olmayıb. İndiyədək ümumilikdə 826 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 808 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 495 nəfərdir.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir