Cəmiyyət

Makiyaj edənlərə qarşı nəhəng üsyan var!

Sharing is caring!

Qan Turalı yazır…

Özünüzdə və ətrafınızda bir yorğunluq görürsünüzmü? Hətta, sevdiyimiz seriallara belə həvəslə baxa bilmirik. Hər gün makiyaj, dəriyə qulluq, idman… Hamısı əziyyətdir.  Sosial media da çox yorucu gəlir. Hər gün işə getmək, işdən gəlmək, işdə verilən tapşırıqlar… Hər şey… 

Belə problemlərlə üzbəüz dayanmısınızsa onda nəzərə alın ki, bu, sizin yox, bəşəriyyətin problemidir. Əlbəttə ki, bəşəriyyətin tənbəlliyə mübtəla olması da çox xoş bir hadisə deyil. Ancaq “Ellə gələn qara gün toy-bayramdır” fəlsəfəsinə sığına bilərsiniz. 

Hər il Oksford lüğəti ilin sözünü seçir. Və bu söz əslində o ili ifadə edən bir söz olur. Dil şəksiz ki, təfəkkür hadisəsidir. Təfəkkür inkişaf etdikcə dilimizə yeni sözlər daxil olur, ya da unudulan bir söz yenidən ümumişləklik statusu qazanır.

Əvvəlki illərdə “pandemiya”, “vaksin”, “Post Truth” sözləri ilin sözləri seçilmişdi. Bu il isə anket üçün 3 söz təqdim edilmişdi: 1. Qoblin rejimi 2. Metavörs 3. #IstandWith (Yanındayam) 

Rəyi soruşulanların 93 faizi “Qoblin rejimi” sözünü ilin sözü kimi seçdi. Bəs böyük üstünlüklə qalib olan bu sözün mənası nədir? “True detective” serialının məşhur replikası yadıma düşür:

– Pessimist nə deməkdir?

– Partiləri sevməyən deməkdir.

“Qoblin rejimi” mənəvi yorğunluğu və ona verilən reaksiyanı ifadə edir. Bu reaksiya da insanların sosial normalara əsaslanan fəaliyyəti rədd edən, cəmiyyətin insanları sövq etdiyi sosial məsuliyyət hissindən azad olmağa çağıran bir reaksiyadır. 

Daha sadə şəkildə yazsaq, pandemiyadan sonra hamımızda kütləvi bir yorğunluq, evdə qalmağın, evdə işləməyin yaratdığı bir rahatlıq vardı. Həyat öz ritminə qayıtdıqca daha çox tənbəlləşməyə, daha çox yorulmağa başladıq. “Qoblin rejimi” də bir növ “Bazar ertəsi sindromu” kimidir, təbii ki, ondan çox daha uzun bir dövrü ifadə edir. 

Sözlə bağlı başqa izahlar da mövcuddur. Belə ki, bu söz insanların üzr istəmədən, narahatlıq duymadan özlərini tənbəl, pinti, səliqəsiz və intizamsız aparmasını da ifadə edir ki, bu da yuxarıdakı mənaya yaxındır. 

Qoblin sözü isə mifoloji lüğətlərdə bizim “cin” sözümüzə uyğun gəlir. Şər güclərini təmsil edən qoblinlər iyrənc bədənə, pis xasiyyətə malik olurlar. Avropa folklorundan götürülən bu obrazlar müxtəlif nağıl və əfsanələrdə müxtəlif qabiliyyətlərə də malik olurlar.

Oksford da “Qoblin modu” sözünün populyarlaşmasını pandemiya qadağalarının yumşalması ilə əlaqələndirir. Onların fikrincə, normal həyata qayıtmağı rədd etməklə səciyyələnən “Qoblin modunun” başqa bir mənası da var. O da sosial medianın getdikcə yüksələn estetik ölçülərinə üsyandır. Belə ki, hər səhər uzun bir makiyaj etməyi yorucu sayanların əleyhinə olan alternativ bir cərəyandır. Ya da hər səhər idman edən, bunu sosial mediada paylaşanlara…  

Bir sözlə, insanlar keçmiş sosial normaları rədd edir, yenilərini yaradırlar. “Qoblin rejimi” də yaradılan yeni tendensiyaları ifadə edir. 

Siz də “Qoblin rejimi”nə mübtəlasınızmı? Elədirsə, sizi qınayanlara belə deyib: “Mən Qoblin rejimindəyəm” (Müdirlərlə dialoqda məsləhət görülmür – Q.T.)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir