Cəmiyyət

1948-1953-cü illərdə xalqımız Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayət idi

Sharing is caring!

Ölkə Prezidenti cənab İlham Əliyev dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşmüşdür. Görüşdə 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyasına toxunan ölkə rəhbəri qeyd edib ki, Sovet hakimiyyətinin ölkənin müxtəlif regionlarında, o cümlədən Qafqazda Azərbaycan, erməni, gürcü və başqa xalqları bir-birinə qarşı qoymaq siyasəti çar Rusiyasının məqsədli siyasətinin davamı idi. Bu siyasət mərkəzə qeyri-rus xalqlar, xüsusilə də müsəlman və türklər üzərində öz hakim mövqeyini qoruyub saxlamaq üçün lazım idi. Azərbaycanlılar və digər türklər yaşayan torpaqların işğalı hesabına «Böyük Ermənistan» dövləti yarartmaq xəstəliyinə tutulan ermənilər özlərinin heç vaxt mümkün olmayacaq məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışırdılar.

Moskvadakı havadarlarının köməyi ilə mərkəzdəki və xarici ölkələrdəki erməni və ermənipərəst lobbilərinə arxalanan erməni – daşnaklar müharibədən sonrakı illərdə də vaxtaşırı azərbaycanlıların Ermənistan SSR-dəki öz tarixi etnik ərazilərindən sıxışdırılıb çıxarılması, ilk növbədə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə çıxış edirdilər. Hələ 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək SSRİ, ABŞ və İngiltərənin iştirakı ilə Tehranda keçirilən konfransda Sovet-İran məsələsi müzakirə edilərkən ermənilərlə bağlı məsələyə toxunulmuşdur. Belə ki, gələcəkdə «Böyük Ermənistan» dövləti yaratmaq arzusunda olan ermənilər konfrans zamanı SSRİ xarici işlər naziri V.Molotova müraciət edib, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdilər. V.Molotov İ.Stalinin razılığını aldıqdan sonra İranda yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsinə icazə verilmişdi. 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi haqqında qərar qəbul etdi. Bu köçürülmə azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması hesabına həyata keçirilməli idi. Yəni, azərbaycanlıların öz ata-baba torpaqlarından qovulması və onların yaşadıqları əraziyə köçürülən ermənilərin yerləşdirilməsi nəzərdə tutulurdu.

Köçürülmənin həyata keçirilməsi 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» qəbul etdiyi 4083 saylı qərarla rəsmiləşdirildi. 1948-ci ildə Ermənistan SSR-dən planlı və mütəşəkkil şəkildə Azərbaycan SSR-ə 1.799 təsərrüfat, 7.747 nəfər azərbaycanlı köçürüldü. Köçürülmə zorakılığa, təzyiqlərə məruz qalmaqla həyata keçirilirdi. 1948-ci ilin payızına qədər köçürülənlərin sayı 10.584 nəfərə çatmışdı.

1949-cu ildə qədim Qərbi Azərbaycan torpaqlarından 15.276 nəfər adam Şimali Azərbaycana deportasiya edildi. Deportasiya olunanlar Şimali Azərbaycanın Saatlı, Mirbəşir (Tərtər), Göyçay, İmişli, Əli-Bayramlı (Şirvan), Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Bərdə, Gədəbəy rayonlarında yerləşdirildi. Ən çətini, dözülməzi ondan ibarət idi ki, dağlıq və dağətəyi ərazilərdə dünyaya göz açıb, yaşayan bu əhali indi birdən-birə çox isti olan Kür-Araz ovalığına köçürülürdü. 1950-ci ilin payızında Ermənistan SSR ərazisindən Azərbaycana yeni 2907 təsərrüfat və 12.332 nəfər, 1952-1953-cü illərdə isə daha 3155 təsərrüfat və 1.376 nəfər köçürüldü. Beləliklə, 1948-1953-cü illərdə Ermənistan SSR ərazisində yaşayan 150 min nəfər azərbaycanlı öz doğma torpaqlarından zorla köçürüldü. Köçürülmə siyasəti sonrakı illərdə də davam etdirildi.

1948-1956-cı illərdə Ermənistan SSR-dən, öz tarixi torpaqlarından köçürülən azərbaycanlıların bu faciəsi hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun olaraq soyqırım və etnik təmizləmə kimi qiymətləndirilməli idi, lakin hələ bu günə qədər buna beynəlxalq miqyasda hüquqi qiymət verilməyib. 80-ci illərin sonunda isə soydaşlarımız Ermənistan SSR-dən sonuncu nəfərinədək zorla qovuldu və ermənilər tərəfındən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə sona çatdırıldı.

Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın faciəsinə düzgün qiymət ilk dəfə olaraq ümummilli liderimiz Heydər Əliyev tərəfındən verildi. 1997–ci il may ayının 27–də Azərbaycan Xalq Cümhuriyyətinin 79–cu ildönümünə həsr olunmuş təntənəli iclasda ulu öndər öz nitqinin xeyli hissəsini bu məsələyə həsr etdi. Sovet hakimiyyəti dövründə Azərbaycan xalqına qarşı edilmiş ədalətsizliklərdən bəhs edən Heydər Əliyev öz çıxışında dedi: “Azərbaycan xalqına bu dövrdə vurulan ən böyük zərbələrdən biri də 1947–1948–ci illərdə Azərbaycan xalqına qarşı Sovet hakimiyyəti tərəfindən edilmiş ən böyük ədalətsizlikdir. Təəssüflər olsun ki, tarixçilərimiz və hamımız nədənsə bu hadisəyə o vaxtlar da və indi də, xüsusilə, dövlət müstəqilliyimizi əldə edəndən sonra da doğru–düzgün qiymət verə bilməmişik”.

Bu məsələlər barədə geniş təhlil verən Heydər Əliyev həmin nitqini belə yekunlaşdırdı: “Biz tarixin cürbəcür mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988–ci ildə Ermənistan Azərbaycana artıq təcavüz edibdir. O dövrdə Ermənistan ərazisində qalmış azərbaycanlılar qısa müddətdə Ermənistandan zorla çıxarıldılar”.

Məhz bu nitqdən sonra məsələyə münasibət kökündən dəyişildi. Heydər Əliyev 1997-ci il dekabrın 18-də «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» fərman imzaladı. Bu fərmanla Ermənistan SSR ərazisində azərbaycanlılara qarşı tətbiq edilən etnik təmizləmə və soyqırımı siyasətinin mürtəce mahiyyəti dünya sivilizasiyasına çatdırıldı. Fərmanda erməni şovinist dairələrinin və keçmiş SSRİ rəhbərliyinin xalqımıza qarşı cinayətkar siyasəti ilə yanaşı, o illərdə Azərbaycanın rəhbərlərinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da kəskin tənqid olunurdu.

Ulu öndərin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli Fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir.

Elvin Dadaşlı,

Salyan rayon Arxarası kənd ümumi orta məktəbin direktor əvəzi,

YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir