Müsahibə

2023-cü ildə Tehranda “qarovul dəyişikliyi” mümkündürmü? – Şərqşünaslarla MÜSAHİBƏ + FOTO

Sharing is caring!

İranda etiraz aksiyaları 100 gündən çoxdur davam edir. Bu müddət ərzində hüquq müdafiəçilərinin məlumatına görə, 500-dən çox nümayişçi öldürülüb. Beynəlxalq analitiklər 2023-cü ildə etirazların davam edəcəyini, üstəlik, daha da güclənəcəyini proqnozlaşdırırlar.

İranı nə gözləyir və burada vətəndaş itaətsizliyi aksiyalarının nəticəsi nə olacaq?

Oxu.Az bu barədə Yaxın Şərq üzrə aparıcı ekspert, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Dünya İqtisadiyyatı və Dünya Siyasəti fakültəsinin şərqşünaslıq məktəbinin baş müəllimi, Rusiyanın Beynəlxalq Məsələlər üzrə Şurasının eksperti Andrey Çuprıginlə və rusiyalı şərqşünas Dmitri Dıkan ilə danışıb.

Andrey Çuprigin:

– Hazırda İranda hadisələrin necə inkişaf edəcəyini söyləmək çətindir. Amma belə görünür ki, növbəti il ​​ərzində bu etirazlar nəticəsində İranda ciddi dəyişikliklər baş verəcək. Bunun bir çox səbəbləri var. Ölkə sakinləri yaşlanan rəhbərdən (İranın ali lideri Ayətullah Xamenei – red.) və onun yaxın çevrəsinin cəhalət səviyyəsindən beziblər. İranlılar qürurlu və zəhmətkeş xalqdır. Mən ümumiyyətlə onların belə qadağaları olan rejim şəraitində bu qədər uzun müddət yaşamaqlarına təəccüblənirəm. Əslində şəhər əhalisi o qədər də bu qadağalara riayət etmirdi, baxmayaraq ki, bu, onlar üçün müəyyən problemlərə yol açırdı.

Bundan əlavə, etirazlar xaricdən ciddi və getdikcə artan dəstək alır. Bəzi beynəlxalq aktorlar, ilk növbədə ABŞ və İsrail İranda rejim dəyişikliyi üçün fürsət görürlər. Yeri gəlmişkən, hesab edirəm ki, belə bir nəticənin olma ehtimalı çox böyükdür. Əgər nümayişçilər kifayət qədər logistik və maddi dəstək alsalar, o zaman etirazlar növbəti mərhələ üçün müxtəlif mərhələlərə keçə bilər. Ümid edirəm ki, dəyişiklik inqilabi proseslə baş verməyəcək, baxmayaraq ki, bunun üçün ilkin şərtlər mövcuddur. Artıq İranda rejim tərəfindən birbaşa öldürülən xeyli sayda qurban var. Saxlanılan və həbs olunanların sayı inanılmaz dərəcədə çoxdur, ancaq bu, ölkə əhalisini dayandırmır.

Beləliklə, indiki İran rejiminin getdikcə güclənən etirazları yatırmaq üçün heç bir aləti qalmadığı düşünülür. Yenə deyirəm: çox güman ki, 2023-cü ildə, bəlkə də yaza kimi siyasi rejimdə dəyişiklik olacaq, “rəhbər aparatı”nın ləğvi elan olunacaq və İran öz ictimai-siyasi inkişafının yeni mərhələsinə qədəm qoyacaq. Bunun üçün zəmin var. Yadınızdadır, İran Prezidenti İbrahim Rəisi hakimiyyətə gələndə onun Xameneinin gələcək varisi olduğunu deyirdilər. Ancaq çoxları vacib bir məqamı qaçırdılar – Rəisinin arxasında başqa şərtlərdə işləmək istəyən biznes dayanır. Bəli, İran yaxşı potensial nümayiş etdirdi və 1979-cu ildən bəri ən ağır sanksiyalar altında demək olar ki, özünü təmin edən iqtisadiyyat qura bildi. Amma biznes daha çox azadlıq istəyir.

Davam edək. Bəzi suallar var: İbrahim Rəisinin özü etirazçılarla əlaqəlidirmi və hansı şəkildə? Ola bilsin ki, Tehranda “qarovul dəyişikliyi” baş verəndən sonra buna cavab alarıq.

İranla maraqlanan hər kəsin bildiyi digər mühüm məqam da budur ki, dini elitanın bütün cəhdlərinə baxmayaraq, İran islam iqtisadiyyatını qura bilməyib. De-fakto, tamamilə dünyəvidir, sekulyardır. İqtisadiyyat isə, bildiyimiz kimi, siyasi və ictimai hərəkatın əsasını təşkil edir.

– Etirazların sinusoidi haqqında nə düşünürsünüz? Onlar gah güclənir, sonra azalır. Müxtəlif vaxtlarda müxtəlif əyalətlərdə aktivlik baş verir. Yaxın vaxtlara qədər İranın şimalı – Azərbaycan vilayətləri qaynayırdı. İndi isə etirazlar ən çox Bəlucistandadır…

– Dalğa nəzəriyyəsinə və keçmişdə baş vermiş bəzi hadisələrə əsaslanan bir fərziyyəm var. Etirazların belə bir sinusoidi çox güman ki, şəxsiyyətlərlə əlaqələndirilir. Siz də, mən də yaxşı bilirik ki, etiraz o zaman təsirli olur ki, onu yönləndirən lider və ya liderlər var. Bu adamlar hansısa şəkildə üfüqdən yoxa çıxanda etiraz bir müddət, yeniləri peyda olana və ya əvvəlki liderlər qayıdana qədər sönür. Bunun əyalətlərdə necə əks olunduğunu görürük. Fəallığın azalması o deməkdir ki, liderlər ya həbs edilib, ya da Allah eləməsin, öldürülüb, çünki İran xüsusi xidmət orqanlarının etirazların yatırılmasında kifayət qədər ciddi təcrübəsi var. Bu, əvvəllər də olub, lakin bu gün azalmadan sonra yenidən iğtişaşlar yüksəlir. Bu isə onu göstərir ki, etirazlar o həddə çatıb ki, hazırkı rejimin etirazçılara ciddi güzəştlər etmədən onu dayandıra bilməsi mümkün deyil.

Dmitri Dıkan:

– Hesab edirəm ki, İran hakimiyyətinin qarşısını almağa çalışdığı yeni insidentlər və həddindən artıq sərtlik olmasa, etirazlar səngiyəcək..

– Bu arada beynəlxalq analitiklər etirazların davam edəcəyini proqnozlaşdırırlar. Bu, ötən əsrin 70-ci illərinin sonlarında İranda İslam inqilabının baş verdiyi hadisələri xatırlatmırmı? O vaxt iğtişaşlar aylarla davam etdi…

– Mən indiki hadisələri İslam inqilabı zamanı baş verənlərlə müqayisə etməzdim. Həmin vaxt başqa mübarizə gedirdi. Şah Məhəmməd Rza Pəhləvinin dövründə çoxlu xaos və qarışıqlıq hökm sürürdü. İranlılar məhrum qaldıqları rifah üçün mübarizə aparırdılar. İndi isə vəziyyət başqadır.

– Yəni etirazlar gələn il də davam etsə, hətta güclənsə, sizcə, inqilab barədə danışmağa dəyməz?

– Bəli, hələ yox. Əhali qızışsa da, emosionaldır, ona görə də həmişə alovlana bilər. Əgər dövlət insanlar arasında ehtirasların intensivliyini azaltmaq üçün addımlar atarsa, o zaman belə dalğalanma olmamalıdır. Gələn il hər şeyi göstərəcək. Xalq yenə də güzəştlər gözləyəcək, amma görəsən hakimiyyət bunları qəbul etməyə nə dərəcədə hazırdır?

– Bəs etirazların həm zaman baxımından, həm də ərazi baxımından fərqli fəallığının səbəbi nədir?

– İnsanların eskalasiyasının arxasında müxtəlif xarici qüvvələrin dayandığı sirr deyil. Müxtəlif ağrı nöqtələrini yoxlama və basma var. Əgər eskalasiyanın ani ola biləcəyi aydınlaşarsa, o zaman bütün nöqtələrə təzyiq göstəriləcək. Məhz o zaman İran hökuməti üçün vəziyyəti nəzarətdə saxlamaq çətin olacaq.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir