Cəmiyyət

Azərbaycanda dərmanların qeydiyyatı ilə bağlı yeni sənəd hökumətə təqdim olunub – FOTO

Sharing is caring!

Dekabrın 26-da Səhiyyə Nazirliyində 2022-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev səhiyyə sisteminin inkişafının ölkəmizdə prioritet məsələlərdən olduğunu vurğulayıb.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Teymur Musayev cari ildə Səhiyyə Nazirliyi tərəfindən respublikamızda səhiyyə infrastrukturunun daha da möhkəmləndirilməsi istiqamətində zəruri addımların atıldığını qeyd edib:

“Bildiyiniz kimi, Prezident İlham Əliyevin 13 may 2022-ci il tarixli “Səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” 2019-cu il 23 dekabr tarixli 895 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərmanı ilə Səhiyyə Nazirliyinə səhiyyə sisteminin iştirakçılarını və aidiyyəti dövlət qurumlarını cəlb etməklə “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunu yaratmaq tapşırılıb. İşçi qrupu tərəfindən səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə, elektron səhiyyənin inkişaf etdirilməsinə dair sənəd layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Bundan əlavə, Azərbaycanda əczaçılıq sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın katibliyi Səhiyyə Nazirliyinə tapşırılıb. Sərəncamda qeyd olunan tapşırıqların icrası məqsədilə dərman vasitələrinin qeydiyyatı prosesi, sektorun rəqəmsallaşdırılması üzrə beynəlxalq təcrübə araşdırılaraq hazırlanmış sənəd toplusu aidiyyəti qurumlarla razılaşdırılaraq təsdiq üçün təqdim olunub”.

Teymur Musayev, həmçinin Səhiyyə Nazirliyinin 2022-il ərzində bir neçə beynəlxalq tədbirdə fəal iştirak etdiyini vurğulayıb:

“Bunların arasında nazirliyin nümayəndə heyətinin Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasında və İstanbulda keçirilən “Türk Dünyası Tibb Konqresi”ndə iştirakını xüsusilə qeyd etmək istərdim. Konqres çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirləri ilə bəzi mühüm məsələləri müzakirə etdik. Səhiyyə Nazirliyinin nümayəndə heyəti 3 mühüm təklif irəli sürüb (“TDT ölkələrinin Vahid tibb təhsili standartlarının yaradılması”, “TDT ölkələrinin əczaçılıq məhsullarına yanaşmada Vahid keyfiyyət standartlarının tətbiqi” və “TDT ölkələrinin Vahid Transplantasiya məkanının yaradılması”) və bu təkliflər Təşkilata üzv ölkələrin səhiyyə nazirləri tərəfindən müsbət qiymətləndirilib”.

Sonra Səhiyyə Nazirliyi Aparatının rəhbəri Tural Babayev səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində 2022-ci il ərzində həyata keçirilən tədbirlərə dair məruzə edib. Məruzə qanunvericilik, institusional, həmçinin inzibatçılıq sahəsində baş vermiş dəyişiklikləri əhatə edib.

Onun sözlərinə görə, səhiyyə nazirinin müvafiq tapşırığına uyğun olaraq cari il ərzində Vətən müharibəsi iştirakçılarına nazirliyin səlahiyyətləri çərçivəsində lazımi dəstək göstərilib:

“Nazirliyin Sanator-Kurort Reabilitasiya Mərkəzində müharibə veteranlarına və şəhidlərin ailə üzvlərinə istirahət, psixoloji və müalicə-bərpa xidmətlərinin göstərilməsi bu gün də davam etdirilir. 2020-ci il noyabrın 14-dən bu günədək ümumilikdə 1565 müharibə veteranı, 292 şəhid valideyni, 124 şəhid övladı istirahət və tibbi xidmətlərlə təmin edilib. Həmçinin Respublika Uşaq Sanatoriyasında cari il ərzində 57 şəhid övladı və 30 şəhid valideyni istirahət və müalicə-bərpa xidmətindən yararlanıb. Qeyd olunanlarla yanaşı, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən müharibə veteranlarının psixoloji durumu daim nəzarətdə saxlanılır, lazımi dəstək göstərilir. Mərkəz tərəfindən il ərzində 6776 nəfər müharibə veteranına psixiatrik və psixoloji yardım göstərilib”.

Daha sonra səhiyyənin rəqəmsallaşdırılması üzrə nazirin müşaviri Rüfət Hacıəlibəyovun, İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlovanın, Daxili nəzarət şöbəsinin müdiri Elçin Qədirovun, Ümumi şöbənin müdiri Sevinc Orucovanın, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımovun, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Sara Həsənovanın 2022-ci ilin yekunları ilə bağlı hesabatları dinlənilib.

İclasın sonunda səhiyyə naziri Teymur Musayev növbəti ildə də səhiyyə orqanlarının fəaliyyətlərini müasir dövrün çağırışlarına uyğun qurmalı olduğunu vurğulayıb və 2023-cü il üçün hədəfləri açıqlayıb. Tibb mütəxəssislərinin davamlı tibbi təhsil prosesinin müasir konsepsiyasının tətbiqi, elmi-tədqiqat müəssisələrinin kliniki bazalarının və kadr potensialının gücləndirilməsi, orta tibb işçiləri institutunun səhiyyədə rolunun yeni formada təqdim edilməsi, əhalinin keyfiyyətli tibbi xidmətlərlə təminatı məqsədilə aidiyyəti normativ-hüquqi və institusional bazanın formalaşdırılması, tibb təhsilində rəqəmsal tibbi həllərin tətbiqinin genişləndirilməsi, ictimai səhiyyə qurumlarının fəaliyyətlərinin təkmilləşdirilməsi, əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılması səhiyyə qurumlarının qarşısında əsas hədəflər kimi müəyyənləşdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir