Cəmiyyət

Əsəd Şirinov: “Ağdam, Füzuli və Cəbrayılda meliorasiya təsərrüfatlarının bərpası üzrə layihələr hazırlanır”

Sharing is caring!

“İşğaldan azad olunmuş ərazilərin bərpası üçün ayrılan vəsait hesabına Tərtər, Ağdam, Füzuli rayonunda bir sıra su anbarlarının və kanallarının yenidən qurulması işlərinə başlanılıb”.

Oxu.Az xəbər verir ki, bunu ilin yekunları ilə bağlı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə informasiya dəstəyi verən media qurumlarının mükafatlandırma mərasimində qurumun sədr müşaviri Əsəd Şirinov deyib.

Onun sözlərinə görə, Tərtər rayonu ərazisində yerləşən su tutumu 5,86 milyon kubmetr olan Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən su tutumu 23 mln. kubmetr olan Xaçınçay, Füzuli rayonu ərazisində yerləşən su tutumu 15,5 mln. kubmetr olan 3 ədəd Köndələnçay su anbarının və magistral kanalların təmir-bərpası və uzunluğu 20,2 km olan Tərtərçay Sol Sahil kanalında tikinti işləri aparılır:

“Ağdam, Füzuli və Cəbrayıl rayonlarının meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası üzrə texniki-iqtisadi əsaslandırmaların və layihə sənədlərinin hazırlanması işlərinə də başladılıb”. 

Ə.Şirinov əlavə edib ki, Qız qalası, Həkəriçay və Bərgüşadçay su anbarlarının layihə sənədlərinin hazırlanması istiqamətində işlər davam etdirilir:

“Uzunluğu 56 km olan Qız qalası su anbarının magistral kanalının tikintisi, Laçın rayonu ərazisində yerləşən su tutumu 90,8 mln. kubmetr olan Həkəriçay və Qubadlı rayonu ərazisində yerləşən su tutumu 67 mln. kubmetr olan Bərgüşadçay su anbarlarının layihə sənədləri hazırlanır”. 

Əsəd Şirinov sonda qeyd edib ki, Həkəriçayın sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Laçın rayonu ərazisində yerləşən, su tutumu 26,7 mln. kubmetr olan Zabuxçay su anbarının və magistral boru kəmərlərinin tikintisi üzrə lahiyənləndirmə işlərinin icrasına başlanılıb”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir