Cəmiyyət

Cins nisbətinin ən çox pozulduğu ölkə: Azərbaycanda niyə oğlan uşaqlarına üstünlük verilir? – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

Avropa Şurası Parlament Assambleyasının 2011-ci ildə qəbul etdiyi (1829 saylı) qətnaməyə görə, selektiv abortlar nəticəsində doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulduğu bir neçə Şura ölkələri sırasında Azərbaycanın da yer aldığı vurğulanıb.

Təəssüflə qeyd etmək lazımdır ki, hazırda ölkəmiz doğulan uşaqlar arasında cins nisbətinin ən çox pozulduğu ölkədir. Bu fenomenin səbəbləri və gözlənilən xoşagəlməz nəticələri, habelə BMT-nin Əhali Fondunun (UNFPA) gender əsaslı cins seçimi ilə mübarizə sahəsində gördüyü işlər barədə təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayevlə danışdıq.

Həmin müsahibəni təqdim edirik:

 – Gender əsaslı cins seçimi nədir və bununla bağlı Azərbaycanda mövcud durum necədir?

– Əfsuslar olsun ki, gender və gender bərabərliyi ilə bağlı ənənəvi inanclar hələ də geniş yayılıb və insanların zehnində dərin kök salıb. Doğulan uşaqların cinsinə görə nisbəti müəyyən bir ölkədə oğlan və ya qız uşağının üstün tutulması dərəcəsinin mühüm göstəricisi ola bilər.

Sadə dildə desək, dölün cinsinə görə hamiləliyə son verilməsi gender əsaslı cins seçiminin formalarından biridir. Və bu cür seçim, doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına birbaşa təsir göstərir.

Ciddi narahatlıq doğuran haldır ki, hazırda Azərbaycan doğulan uşaqlar arasında cins nisbətinin ən çox pozulduğu ölkədir. Xeyli müddət Çin dünyada bu göstəricinin ən yüksək olduğu ölkə olub. Lakin təəssüf ki, son illər ərzində Azərbaycan doğulan uşaqlar arasında cins seçiminə görə Çini belə qabaqlayıb. Bioloji normaya görə, doğulan uşaqlar arasında cinsə görə nisbət 100 qıza 105-106 oğlan təşkil edir. Həyatının ilk 5 ili ərzində oğlan uşaqları arasında ölüm əmsalı daha yüksək olur, 10 yaşa çatanda isə bu nisbət balanslaşır. Beləliklə, doğulan hər 100 qıza düşən oğlan nisbəti 105-106-nı keçməməlidir. Azərbaycanda isə hazırda 100 qıza nisbətdə 116 oğlan doğulur. Bu, həm Azərbaycan üçün, həm də qlobal yanaşsaq, dünya üçün böyük problemdir.

– Gender əsaslı cins seçimi ilə bağlı rəqəmlərin bu cür olması nə ilə bağlıdır?                                                

– Ümumiyyətlə, ailədə birinci uşağın cinsinə elə də çox önəm verilmir. Birinci uşağın qız olduğunu öyrənəndə onu sırf cinsinə görə adətən abort etdirmirlər. Birinci hamiləlikdə selektiv abort faizi çox cüzidir – 1-2 faiz. Həm də ilk hamiləliyin abort edilməsi qadının sağlamlığı və sonrakı hamiləliklər baxımından riskli hesab olunduğu üçün ilk uşaqda selektiv abort haqqında demək olar ki düşünülmür.

Ancaq birinci uşaq qızdırsa, valideynlərin ikisi də istəyir ki, ikinci oğlan olsun. Beləliklə, ikinci uşaqda selektiv abort faizi artıq 20-yə çatır.

Əgər ailənin hər iki övladı qızdırsa, üçüncü hamiləlikdə selektiv abortların daha kəskin artımı müşahidə edilir. Statistika göstərir ki, selektiv abortların təxminən 80 faizi iki qız uşağından sonrakı üçüncü hamiləlikdə baş verir. Təəssüf ki, oğul istəyi hələ də Azərbaycan ailələrində çox geniş yayılıb.  

– BMT-nin Əhali Fondu Azərbaycanda gender əsaslı cins seçimi ilə bağlı mübarizə tədbirlərinə nə zamandan başlayıb?

– BMT-nin Əhali Fondu gender əsaslı cins seçiminin aradan qaldırılması məqsədilə 2011-ci ildən bəri hökumətə davamlı dəstək göstərməkdədir.

İlk növbədə, ölkədə cins nisbətinin pozulması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində Türkiyənin Hacettepe Universitetinin Əhali Araşdırmaları İnstitutunun ekspertlərinin dəstəyi ilə Azərbaycanda ilk geniş qiymətləndirmə aparılıb. Tədqiqat doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına zəmin yaradan sosial-demoqrafik amilləri müəyyən edib və aidiyyəti səbəbləri təhlil edib.

Biz həmçinin hökuməti doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının əhalinin gələcək strukturuna təsiri və problemi aradan qaldırmaq üçün təcili müdaxilənin vacibliyi barədə əlavə dəlillərlə təmin etmək məqsədilə 5 müxtəlif ssenari üzrə əhali proqnozlarını hazırladıq.

Onu da qeyd edim ki, aparılmış tədqiqatın nəticələri açıqlandıqdan sonra biz öz təşviqat səylərimizi sözügedən fenomenin qarşısının alınması və aradan qaldırılmasına dair normativ çərçivənin hazırlanmasında hökumətə dəstək göstərməyə yönəltdik.  

– Doğulan uşaqlar arasında cinsə görə nisbətin pozulmasını şərtləndirən əsas səbəblər hansılardır?

– Birinci səbəb iqtisadidir. Cins seçimi problemi əsasən Sovet İttifaqı dağılandan sonra daha kəskin formada üzə çıxıb. Sovetlərin dağılmasından sonra Qarabağ müharibəsi başladı. İnsanların maddi durumu pisləşdikcə ailədə uşaqların sayında azalma baş verdi. Məsələn, Sovet İttifaqı dövründə Azərbaycanda doğum əmsalı 5-ə çatırdı. O vaxt Azərbaycanda regionlarda ailədə orta hesabla 5-6, şəhərlərdə isə 2-4 uşaq olardı. Amma iqtisadi çətinliklər artdıqca ailələr maddi cəhətdən artıq o qədər uşağın qayğılarını təmin etmək gücündə olmadıqları üçün 1-2 uşaqla kifayətlənməyə başladılar. Bunun özü də dolayısı ilə başqa problemə səbəb oldu. Doğum əmsalı, ailələrdə uşaqların sayı aşağı düşəndə artıq valideynlər daha çox qız-oğlan seçimi etməyə başladılar.

İkinci səbəb patriarxal stereotiplər və ictimai normalardır. Azərbaycan patriarxal ölkədir. Burada “Yeddi oğul istərəm, bircə dənə qız, gəlin” ifadəsi var. Sirr deyil ki,  mədəniyyətimizdə qadınlara adətən “köçəri quş” kimi baxılır: onlar ailə qurarkən öz bioloji ailələrini tərk edərək başqa bir ailəyə köçür və özlərinin sosial-iqtisadi statusu ilə əlaqədar olaraq, ehtiyac olduqda valideynlərinə dəstək göstərmək imkanları məhdud olur. Üstəlik, cəmiyyətimizin yazılmamış qanunları yalnız oğlan uşaqlarının ailə soyadını davam etdirməsini, habelə müəyyən dini və mədəni mərasimləri həyata keçirməsini diktə edir.

Üçüncü səbəb isə, hamiləlik dövründə dölün cinsini öyrənməyə imkan yaradan texnologiyaların geniş yayılmasıdır. Ana bətnindəki dölün cinsiyyətini öyrənmək imkanı olduğu üçün ailələrin oğlan-qız seçimi etmə imkanları da artır.

– Bəs türkiyəli ekspertlərin proqnozları nədən ibarət idi?

– Qeyd etdiyim kimi, biz məsələyə beş müxtəlif yöndən baxdıq: vəziyyət belə davam etsə, cüzi şəkildə azalsa, ya da artsa, sürətlə azalsa və nəhayət bioloji normaya (102-106) qayıtmaq ehtimalı olsa. Mütəxəssislər bu ssenarilər üzrə proqnozları bizə təqdim etdilər. Nəticələr acınacaqlıdır. Onu da deyim ki, hesablamalara görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Hətta cins nisbəti olduğu kimi qalsa da, bu, böyük fəsadlara gətirib çıxaracaq.

– Mövcud rəqəmlərə baxaraq danışsaq, 100 qıza nisbətdə 105 deyil, 116 oğlan uşağının doğulması hansı xoşagəlməz hallara səbəb ola bilər?

– 100 qıza nisbətdə 105 deyil, 116 oğlanın doğulması rəqəm olaraq çox böyük görünməyə bilər. Amma məsələyə daha geniş aspektdə baxaq. Hər 100 qıza nisbətdə 116 oğlan doğulması gələcəkdə oğlanlarının sayının qızlardan xeyli çox olması deməkdir. Bu isə bir sıra fəsadlara gətirib çıxara bilər.

Belə ki, kişilərin sayının bu dərəcədə çoxalması tezliklə təhsildə daha kəskin gender fərqi, əmək bazarında qadınların xüsusi çəkisinin azalması, ictimai həyatın bütün sahələrində kişilərin sayının kəskin artması (maskulinizasiya), eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun daha da ağırlaşması, gəlin qaçırma, erkən nikahlar, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir.

Oğlan uşaqlarına verilən üstünlük və gender əsaslı cins seçimi kimi zərərli təcrübələr gender bərabərsizliyinin formalarındandır. Gender bərabərsizliyi ilə mübarizə bu zərərli təcrübələrin aradan qaldırılması üçün təsirli bir vasitədir. Gender bərabərliyi bütün cəmiyyətlər üçün fayda gətirir. Qadınların və qızların dəyərinin artırılması, səlahiyyətləndirilməsi ailələrin və icmaların sağlam və balanslı olmasına töhfə verir və gələcək nəsillər üçün perspektivlər yaradır. Bu barədə məlumatlı olmaq davranışları dəyişdirmək üçün vacibdir.

– BMT-nin Əhali Fondu Azərbaycanda gender əsaslı cins seçiminin və oğlan uşaqlarına üstünlüyün verilməsinin qarşısının alınmasında və bu sahədə qanunverici sənədlərin hazırlanmasında hökumətlə necə əməkdaşlıq edir?

– Son onilliklər ərzində Azərbaycan gender bərabərliyinin qorunması və təşviqi istiqamətində irəliləyişə nail olub. İnsan hüquqları sahəsində hüquqi öhdəlik yaradan bir sıra beynəlxalq sazişlər təsdiq olunub. Qadınların sosial, iqtisadi və siyasi sahələrdə səlahiyyətlərinin artırılması üçün səmərəli hüquqi və normativ çərçivə yaratmaq məqsədilə tədbirlər görülüb.

Qeyd etdiyim kimi, 10 ildən artıqdır ki, UNFPA müvafiq siyasət və qərarvermə üçün dəlillər bazasının yaradılması, aidiyyəti siyasət çərçivəsinin təkmilləşdirilməsi, qız uşaqlarının dəyəri mövzusunda məlumatlılığın artırılması və ayrı-seçkiliyə əsaslanan gender davranışlarının dəyişdirilməsi də daxil olmaqla bir-biri ilə əlaqəli silsilə fəaliyyətlər yolu ilə oğlan uşaqlarına verilən üstünlüyün və gender əsaslı cins seçiminin qarşısının alınması istiqamətində Azərbaycan Hökumətinin səylərinə davamlı olaraq dəstək verir. Bu səylərin nəticəsi olaraq hökumət və BMT-nin Əhali Fondu tərəfindən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025 illər üçün Tədbirlər Planı” – cinsə görə qərəzli seçimin azaldılmasına yönələn səmərəli müdaxilə strategiyaları üçün müfəssəl yol xəritəsi sənədi hazırlandı və sənəd 2020-ci ilin fevral ayında Nazirlər Kabineti tərəfindən təsdiq edildi.

Lakin təəssüf ki, müvafiq siyasi çərçivənin olmasına baxmayaraq, Azərbaycanda gender əsaslı cins seçimi hələ də baş verir və doğulan uşaqlar arasında cins nisbəti kəskin dərəcədə yüksəkdir. Bunun qarşısının alınması üçün məlumatlandırma kampaniyaları ilə yanaşı qanunların işləmə mexanizmlərinin olması vacibdir. Bu baxımdan, gender əsaslı cins seçimi ilə səmərəli mübarizə üçün sözügedən Tədbirlər Planının icrasının gücləndirilməsi və təkmilləşdirilməsi zəruridir.

– Gender əsaslı cins seçiminin və oğlan uşaqlarına üstünlüyün verilməsinin qarşısını almaq üçün nəzərdə tutulan qanunverici sənədlər nəyi ehtiva edir?

– Qanunvericilikdə ultrasəs müayinəsi ilə dölün cinsini söyləmək qadağandır. Amma bu qadağaya riayət olunmur. Bu işləri qanunvericiliklə tənzimləmək elə də asan deyil. Güclü təbliğat və maarifləndirmə işi aparılmalıdır. Bizim istədiyimiz odur ki, hamiləliyin 12-ci həftəsindən, yəni dölün cinsini müəyyən etmək mümkün olduqdan sonra edilən abortlar yalnız tibbi göstəriş olduğu halda həyata keçirilsin, cins seçiminə görə yox.

Məsələn, bəzi ölkələrdə hökumət qız uşaqlarına dəyər verilməsini təşviq etmək məqsədilə qız övladı dünyaya gələn ailələrə müəyyən ödəniş edirdi. Amma bu, heç də ümumi statistikanı düzəltmədi. Bu da bizim üçün bir təcrübədir. Bu problemlə mübarizədə ən önəmli istiqamət ailədə və cəmiyyətdə qadının iqtisadi statusunun artırılması və səlahiyyətləndirilməsi, habelə aidiyyəti təbliğat və təşviqat kampaniyalarının keçirilməsidir. Qızların dəyəri ilə bağlı maarifləndirmə aparılmalıdır. Təbliğatın nəticəsi zaman alır, amma bu təsirli müdaxilə strategiyalarındandır. Cənubi Koreyada, Vyetnamda bu cür fəaliyyətlər öz nəticəsini verdi. Çində də maskulinizasiya müşahidə olunurdu. Çin genişmiqyaslı kampaniyalar, fəaliyyətlər həyata keçirir. Biz də öyrənirik, uyğun olanları Azərbaycanda təbliğ və tətbiq etməyə çalışırıq.

– Yeri gəlmişkən, “Atalar və qızlar” festivalı çox diqqət çəkmişdi. Bir çox atalar sərgidən öz qızları ilə şəkillərini paylaşırdılar…

– Atalar və qızlarla iş vacib bir müdaxilə istiqamətidir. Biz o layihəni həyata keçirməzdən öncə ailələrdə ataların rolu ilə bağlı araşdırma apardıq. Əldə edilmiş nəticələr göstərdi ki, hansı ailələrdə atalar uşaqların tərbiyəsində, inkişafında, sosial həyatında fəal iştirak edirsə, o ailələrdə böyüyən uşaqların həm sosial, həm də əqli bacarıqları daha yüksək olur, eyni zamanda onlar daha eqalitar dəyərlər sisteminə malik olaraq öz gələcək ailələrində gender bərabərliyinə əsaslanan ailə modelinə üstünlük verirlər. Bu və digər aidiyyəti araşdırmalar göstərir ki, ataların uşaqların inkişafına, tərbiyəsinə cəlb edilməsi önəmlidir. Ataları necə cəlb edək? Ataların cəlb edilməsi də asan deyil. Bir sıra stereotipləri qırmalı, bir sıra zərərli sosial normaların üzərində müsbət modelləri qurmalıyıq. Həmin layihədən sonra “Atalar Məktəbləri”miz yaradıldı və uğurlu oldu. Bu məktəbləri ilkin mərhələdə 3 bölgədə yaratdıq: Bakı, Gəncə və Qazax. Hazırda da yerli icmalar şəklində fəaliyyət göstərən bu məktəblərin şəbəkəsini artırmağa nail olmuşuq və artıq ölkənin 8 bölgəsində atalar məktəbləri fəaliyyət göstərir. Artıq məlumatlı, həssas yanaşan, laqeyd qalmayan atalar öz icmaları ətrafında birləşərək məsuliyyətli atalıq anlayışını həm öz ailələri, həm də icmalarında tətbiq edirlər.

– Gender əsaslı cins seçimi, oğlan uşaqlarına üstünlüyün verilməsi, qız uşaqlarının dəyərinin artırılması istiqamətində hansı layihələri həyata keçirirsiniz? Bu sahədə əməkdaşlıq etdiyiniz əsas tərəfdaşlar və donorlar hansılardır?

– Qeyd etdiyiniz sahələrdə BMT-nin Əhali Fondunun ölkə nümayəndəliyi olaraq hazırda iki mühüm proqramı həyata keçiririk. Hər iki proqram Avropa İttifaqının maliyyə dəstəyi ilə icra olunur. Bunlardan biri BMT Qadınlar Agentliyi (UN Women – red.) ilə birgə həyata keçirdiyimiz “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramıdır. Digər proqram isə “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” adlanır. Xüsusilə bu proqram, adından da göründüyü kimi, başlıca olaraq qız uşaqlarının dəyərinin təşviqi və gender-əsaslı cins seçimi ilə mübarizəyə hədəflənib. Proqramlar çərçivəsində il ərzində müxtəlif müdaxilələr həyata keçiririk – buraya müxtəlif innovativ kommunikasiya kampaniyaları, icmalarla iş, müvafiq tematik beynəlxalq günlərin qeyd olunması və s. bu kimi fəaliyyətlər daxildir. Daha öncə qeyd etdiyim “Atalar və qızlar” festivalları, qız uşaqlarının dəyərinin təşviqi mövzusunda sərgilər, məsuliyyətli atalıq mövzusu ətrafında təşkil edilən müxtəlif formatlı tədbirlər bu fəaliyyətlər sırasındadır. Bu işləri həyata keçirərkən bir sıra qurumlarla əməkdaşlıq edirik – buraya həm dövlət sektoru, məsələn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “ASAN xidmət” kimi qurumlar, eləcə də vətəndaş cəmiyyəti və mediadan olan tərəfdaşlar daxildir.   

– Gender əsaslı cins seçimi ilə mübarizə istiqamətində görülən işlərin nəticəsi özünü nə zaman göstərəcək?

– Biz 2011-ci ildən bu istiqamətdə işləməyə başlamışıq. 2000-ci illərin əvvəllərində doğulan qız və oğlanların nisbətində fərq daha böyük idi. Hətta bu fərq 100 qıza 118 oğlan nisbətinədək artmışdı. Sonrakı illərdə bu nisbət azalmağa doğru getdi və 2017-2020-ci illərdə 100/114 səviyyəsində qərarlaşdı. Əfsuslar olsun ki, 2021-ci ildə rəqəmlər bir qədər artaraq 100/116 səviyyəsinə yüksəldi. Bunu həm daxili, həm də xarici amillərin təsiri ilə əlaqələndirirəm.

Ümumilikdə, bu problemin əsas səbəblərinin mövcud zərərli sosial normalarla bağlı olduğunu nəzərə alaraq, nəticə üçün bir müddət gözləməli olacağıq. Bizim indi əsas məqsədimiz hazırkı nisbətin daha da pozulmasının qarşısını almaqdan ibarətdir. Bunu ancaq sözügedən problemi törədən səbəbləri aradan qaldıraraq edə bilərik. Bunun üçün isə dövlət strukturları və vətəndaş cəmiyyəti təşkilatları da daxil olmaqla bütün aidiyyəti qurumların birgə fəaliyyəti zəruridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir