Cəmiyyət

“XXI əsrdə dövlət qulluğunda nailiyyət əsaslı insan resurslarının idarə edilməsi” adlı seminar keçirilir

Sharing is caring!

Bakıda Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM), Dövlət Qulluğu üzrə Astana Regional Hab və Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Dövlət Qulluğu Komissiyasının birgə təşkilatçılığı ilə “21-ci əsrdə dövlət qulluğunda nailiyyət əsaslı insan resurslarının idarə edilməsi” adlı beynəlxalq seminar keçirilir.

“Report” xəbər verir ki, tədbirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Özbəkistanın dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, dövlət sektorunda insan resurslarının idarə edilməsi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə cavabdeh olan dövlət qurumlarının nümayəndələri, Dövlət İdarəçilik akademiyalarının rektorları, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının sədrləri və bir sıra digər vəzifəli şəxslər iştirak edirlər.

Tədbirin məqsədi müasir insan resurslarının idarə edilməsində dövlət qulluğu sisteminin komponentlərinin – işə qəbul, fəaliyyətin qiymətləndirilməsi, rotasiya, motivasiya sistemi, eləcə də informasiya texnologiyaları və süni intellektin müasir təcrübələrə təsiri və s. mövzuların müzakirəsi, həmçinin iştirakçı ölkələrin qabaqcıl təcrübələrinin paylaşılmasıdır.

Seminarı giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxışında insan kapitalının dövlət idarəçiliyində səmərəli istifadə olunması, dövlət qulluqçularının potensialının üzə çıxarılması, dövlət orqanlarında vakant vəzifələrin tutulması, dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı və dövlət qulluğunda islahatların aparılması prosesində mövcud olan aktual məsələləri vurğulayıb.

Daha sonra çıxış edən Dövlət Qulluğu üzrə Astana Regional Habın Rəhbər Komitəsinin sədri Alixan Baimenov belə bir mötəbər tədbirin təşkili üçün Azərbaycana minnətdarlıq edib və seminar çərçivəsində aparılan müzakirələrin Haba üzv dövlətlər arasında mövcud əməkdaşlığa, gələcək islahatlara müsbət töhfə verəcəyinə inandığını bildirib.

BMT-nin Beynəlxalq Dövlət Qulluğu Komissiyasının İnsan resursları və siyasəti şöbəsinin müdiri xanım Henrietta Maria De Beer çıxışında insan kapitalının əhəmiyyəti, onların potensialından səmərəli istifadə və keyfiyyətli ictimai xidmətlərin göstərilməsində insan resurslarının rolunu qeyd edib və seminar iştirakçılarına uğurlar arzulayıb.

Seminarın iki gün davam edəcəyi nəzərdə tutulur.

Tədbirin ilk günü BMT ekspertləri tərəfindən insan resurslarının idarə edilməsi funksiyasının strateji icmalı, dövlət qulluğu subyektlərinin üzləşdiyi müasir problemlər, nailiyyət prinsipləri, müxtəliflik, motivasiya və bir sıra digər mövzulara dair BMT-nin təcrübəsi nümayiş olunacaq və mövzu ətrafında müzakirələr aparılacaq.

Bu gün, həmçinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə qonaqlar mədəni proqram çərçivəsində Azərbaycan tarixini əks etdirən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə də yaxından tanış olacaqlar.

Seminarın növbəti günü isə dövlət qulluğunda seçim, fəaliyyətin qiymətləndirilməsi, karyeranın idarə edilməsi və inkişafı sahəsində səriştələrdən istifadə, səriştələrə əsaslanan təlim, həmçinin İT və süni intellektin seçim, işə qəbul, karyera idarəçiliyi üzrə müasir təcrübələrə təsiri mövzuları ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, tədbirin təşlilatçılarından olan BMT-nin Beynəlxalq Dövlət Qulluğu Komissiyası 1974-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən yaradılmış müstəqil ekspertiza orqanıdır.

Dövlət Qulluğu üzrə Astana Regional Hab isə 25 iştirakçı ölkə və beş beynəlxalq təşkilat tərəfindən yaradılan effektiv tərəfdaşlıq və şəbəkə platforması nümunəsidir. Hazırda Habın şəbəkəsində olan 42 ölkə arasında qarşılıqlı öyrənməyə əsaslanan üfüqi bilik mübadiləsi həyata keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir