Cəmiyyət

Ümummillilider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir

Sharing is caring!

1993-cü il iyunun 15-nə kimi Azərbaycanda baş verən ictimai-siyasi proseslər Azərbaycanı böhran vəziyyətinə, parçalanmaq səviyyəsinə və müstəqilliyin itirilməsi həddinə gətirib çıxarmışdı. 1980-ci ilin ikinci yarısında keçmiş SSRİ-də hakimiyyət başına gələn M.S.Qorbaçovun Azərbaycana, xalqımıza, ulu öndərə Heydər Əliyevə düşmən münasibəti ağır nəticələrə səbəb olmuşdu. M.S.Qorbaçov tərəfindən Azərbaycana rəhbər vəzifəyə göndərilən, milli hisslərdən uzaq olan canişin Ə.Vəzirovun hakimiyyəti dövründə Moskva hökumətinin «səyləri» nəticəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi prosesi dərinləşir, antiazərbaycan siyasəti həyata keçirilirdi. Azərbaycan xalqının milli-azadlıq mübarizəsi ruhunu sındırmaq üçün 20 yanvar qanlı Bakı qırğını hadisələri törədildi. Ə.Vəzirov Azərbaycandan qaçdıqdan sonra hakimiyyətə gətirilən A.Mütəllibov onun milli xəyanət yolunu davam etdirir, imperiya mənafeyinə uyğun siyasət həyata keçirirdi. Xalq hərəkatı dalğalarında meydana gələn Xalq Cəbhəsinin səriştəsiz liderləri ilə A.Mütəllibov qrupu arasında hakimiyyət uğrunda gedən mübarizə ölkəni xaos və anarxiya vəziyyətinə salmışdı. Respublikada milli-azadlıq uğrunda, milli istiqlaliyyət uğrunda xalq hərəkatı başlayanda, 1988-ci ildə AXC meydana gəlmişdi. AXC ilk illərdə, kommunist hakimiyyəti illərində, kommunist rejiminə qarşı fəal mübarizə aparmışdı. Qarabağ problemini həll edə bilmədiyi üçün Azərbaycanın kommunist rəhbərliyinə qarşı çıxışlar daha fəal xarakter daşıyırdı. AXC-nin mitinqlərinə çoxlu adamlar toplanırdı. Bu adamlar vaxtlar rejimdən və Azərbaycan rəhbərliyindən narazı olanlar idilər. Ulu öndər Heydər Əliyev Xalq Cəbhəsinin ilk vaxtlar fəaliyyətini, hakimiyyətə gəlməsinin səbəblərini düzgün qiymətləndirirdi.

1992-ci ilin martında Azərbaycanda siyasi gərginlik daha da artmışdı. Prezident A. Mütəllibov respublikanı idarə edə bilmirdi. Belə bir vəziyyətdə ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğalı genişlənmişdi. Hərbi quruculuq işi olduqca aşağı səviyyədə idi. Nizami ordu yaradılmamışdı. Hərbi əməliyyat planları peşəkar hərbçilər tərəfindən deyil, diletantlar, həvəskarlar tərəfindən işlənib hazırlanırdı. Ordunun əsas hissəsi könüllülərdən ibarət olduğundan çox hallarda döyüşçülər nizami ordunun tələblərinə, nizamnamə qaydalarına əməl etmirdilər. Fərarilik və təxribat geniş miqyas almışdı. Müvafiq inzibati orqanlar buna qarşı heç bir tədbir görmürdü. Orduya rəhbərlik dözülməz halda idi. Belə vəziyyətdə torpaqların işğalı davam edirdi. Heç bir idarəçilik təcrübəsi olmayan, mitinq tribunasından hakimiyyətə gələn cəbhəçilər Azərbaycanı daha fəlakətli vəziyyətə saldılar. Azərbaycan xalqı hələ 1988-ci ildən mitinqlərdə Azərbaycanın xilas yolunu yalnız ulu öndər Heydər Əliyevdə görürdü. Ulu öndərin respublikaya qayıtmasını təkidlə, qətiyyətlə tələb edirdilər. Lakin nə keçmiş kommunist rəhbərləri, nə də silahlı çevriliş yolu hakimiyyətə gələn yalançı demokratlar – Xalq Cəbhəsinin liderləri ulu öndər Heydər Əliyevin gəlməsinə tərəfdar deyildilər. Onları nə xalqın, nə də dövlətin taleyi maraqlandırırdı. Beş ildən artıq bir müddətdə davam edən böhran 1993-cü ilin əvvəlindən daha da dərinləşməyə başlamışdı. Daxili dağıdıcı və xarici qızışdırıcı qüvvələrin fəal əməkdaşlığı nəticəsində Azərbaycanın parçalanmasına zəmin yaranmışdı, etnik separatizm və vətəndaş müharibəsi üçün şərait yanmışdı. Azərbaycan dövləti böhran keçirirdi. «Xalq Cəbhəsi» – «Müsavat» rejimi təhlükəli prosesin qarşısını almaqda tamamilə aciz vəziyyətdə qalmışdı. 1993-cü ilin aprelində erməni silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğalı Azərbaycanda siyasi böhranı son həddə çatdırmışdı. Daxildə soyğunçuluq, korrupsiya, banditizm hökm sürürdü. Azərbaycan idarəedilməz vəziyyətə salınmışdı. Hər kəs istədiyi kimi öz problemlərini həll edirdi.

Azərbaycan dünya xəritəsindən silinmək üzrə idi. Azərbaycan Respublikasını dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni etnik prinsiplərə əsasən parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən, mənəvi-psixoloji sarsıntıdan qurtarmaq üçün xalq öz xilaskarı ulu öndər Heydər Əliyevə müraciət etdi. Səbir kasası dolmuş xalq qətiyyətlə onun siyasi hakimiyyətə qayıtmasını tələb edirdi. Xalq yaranmış vəziyyətdən çıxış yolunu böyük təcrübəyə malik görkəmli dövlət vəsiyasi xadim, Azərbaycanın böyük oğlu ulu öndər Heydər Əliyevin şəxsində görürdü. Naxçıvanda bütün Azərbaycanın müqəddəratı üçün taleyüklü fəaliyyət göstərən ulu öndər Heydər Əliyevin yanına dəstə-dəstə adamlar – nümayəndələr gəlir, teleqramlar göndərilirdi. «Xalq Cəbhəsi» – «Müsavat» rejimi ölkəni saldıqları ağır vəziyyətdən çıxarmaqda aciz olduqlarından, yaratdıqları problemləri həll etməkdən çıxış yolu tapa bilmədiklərindən, xalq və tarix qarşısında məsuliyyətdən qorxaraq xalqın ədalətli tələbi qarşısında dayana bilmədilər. Nəticədə, Azərbaycan Respublikası Prezidenti Əbülfəz Əliyev Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Xalq Cəbhəsi ölkəni bərbad hala salmışdı. Özlərinin faciəli sonluğunu görən Əbülfəz Elçibəy xalqın qorxusundan Heydər Əliyevi Bakıya çağırırdı ki, ölkəni bu vəziyyətdən qurtarsın. Ulu öndər Heydər Əliyev ağır vəziyyətdən çıxış yolunun ancaq danışıqlar yolu ilə, qarşılıqlı anlaşma vasitəsilə, sülh və barışıqla mümkün olacağını göstərdi. Azərbaycanın bütün vətənpərvər insanlarının hamısının birləşib bu ağır vəziyyətdən çıxmaq üçün çalışmaları təklifini irəli sürdü. Ulu öndər deyirdi: «Güc işlənməməlidir, bir daha silah işə salınmamalıdır. Mənim fikrim budur və bu prinsipləri əsas tutaraq, mən bu vəziyyətdən çıxış prosesində iştirak edirəm». Ümummilli lider Heydər Əliyevi fərqləndirən cəhətlərdən biri də ondan ibarət idi ki, hadisələrə qiymət vermək üçün səbr və təmkinlə vəziyyətlə dərindən tanış olur, ictimaiyyətin fikrini öyrənir, qüvvələr nisbətini təhlil edir, ən əsası hadisənin törənmə səbəblərini araşdırır və qarşı tərəfdən olan şəxsləri, təşkilatçıları ilə bilavasitə görüşüb onlarm iddialarını, tələblərini öyrənir və obyektiv nəticə çıxardıqdan sonra əməli addım atırdı.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndərin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Beləliklə, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ulu öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Hamıya bəllidir ki, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmçinin, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ümummilli lider həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.Tarixə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu görünür. Bu istiqamətdə Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 1990-cı il 17 noyabr tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Həmçinin, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.

Ümummilli liderin eyni zamanda milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar qəbul olundu.
Eyni zamanda, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.
Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

1993-cü il iyunun 13-də Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə iclası keçirildi. Ümummilli lider Heydər Əliyev Bakıya qayıdıb vətəndaş müharibəsi təhlükəsini sovuşdurmaq məqsədi ilə Milli Məclisin təklifini qəbul etdi və iyunun 15-də onun sədri seçildi. 15 iyun 1993-cü il Azərbaycan tarixinə «Qurtuluş günü» kimi daxil oldu. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi respublikanın tarixi müqəddəratını həll etdi. Vətəndaş müharibəsinin qarşısı alındı, torpaqların işğalı dayandırıldı, respublikanın parçalanması təhlükəsi aradan qaldırıldı. Azərbaycan xalqında ölkənin gələcəyinə inam yarandı. Azərbaycan xalqı hakimiyyətə ulu öndər Heydər Əliyevi çağırmaqla ümidlərinin doğrulduğunu və respublikanı gələcəyə inamla aparan yeganə liderinə daha çox etimad və etibar etdiyini göstərdi. 15 iyundan sonrakı dövrlərdə respublikanın müxtəlif yerlərindən Prezident Aparatına, Milli Məclisə və digər dövlət orqanlarına göndərilən məktublarda, müraciətlərdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması gününü – 1993-cü il iyunun 15-ni Azərbaycan xalqının Milli Qurtuluş günü elan edilməsi xahiş olunurdu. Azərbaycan Respublikasının Milli Məclisi bütün təklif və müraciətləri nəzərə alaraq, 1997-ci il 27 iyun tarixli iclasında deputatların təklifi ilə Azərbaycan dövlətçiliyinin müqəddəratı tarixində taleyüklü əhəmiyyəti olan 15 iyun gününü Milli Qurtuluş günü elan etdi.

Məhz Ulu Öndərin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində gənc, müstəqil respublika qaçılmaz fəlakətdən qurtulmuş, ölkənin daxili və xarici siyasətində sabitlik bərqərar olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilmiş, ölkə yeni inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirmişdir. Xalqımız ən ağır anlarında ona üz tutub, hakimiyyətə dəvət edib və bundan sonra Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoyub. Görkəmli dövlət xadimi Heydər Əliyevin 30 ildən artıq bir dövrü əhatə edən xalq qarşısında misilsiz xidmətləri dövlətçilik salnaməsində bir irs yaradıb.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğunun Azərbaycan modeli və siyasi kursu, həmçinin ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağ işğaldan azad olunub. “Dəmir yumruq” əməliyyatı nəticəsində tarixi Qələbə qazanılıb. Xalqımız dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradının təsiri altındadır. Bu şanlı Qələbəni xalqımız haqlı olaraq qürurla, böyük sevinclə bayram edir. Qələbə nümayişi Silahlı Qüvvələrimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Xalq – Ordu birliyinin təntənəsi oldu, Türkiyə – Azərbaycan qardaşlığının rəmzinə çevrildi.

Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir