Mədəniyyət

“Lazımsız” ittifaq, ləğv olunan postlar, yeni nazir, incəsənətdən düşən yarpaqlar… – FOTO

Sharing is caring!


Artıq 2023-cü ilin bitməsinə sayılı saatlar qalıb.

Oxu.Az olaraq yola saldığımız ildə mədəniyyət sahəsində yadda qalan hadisələri hazırladıq.

“O ittifaq ümumiyyətlə niyə var?”

2023-cü ilin ilk ayı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında (ARKİ) kütləvi istefalarla xatırlanır.

Belə ki, quruma üzvlükdən ümumilikdə 20-yə yaxın incəsənət nümayəndəsinin imtina etdiyi bildirildi.

Onların arasında Xalq artistləri Əbdül Mahmudov, Ramiz Məlikov, Tariyel Qasımov, Əməkdar incəsənət xadimi Yavər Rzayev, Əməkdar artistlər Gülşad Baxşıyeva və Münəvvər Əliyeva da olub.

Xalq artisti Ənvər Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, ittifaqın heç bir funksionallığı yoxdur:

“O ittifaq ümumiyyətlə niyə var? Nəyə yarayır? Azərbaycan kinosu üçün nə edib, mən bilmirəm. Mən neçə vaxtdır, xəstəyəm, dedilər, guya ittifaq mənə yardım üçün pul ayırıb, amma belə bir şey yox idi. Heç bir manat da ayrılmamışdı. Hamısı yalandır”.

Görəsən, heç bir funksionallığı olmayan ittifaq niyə var?! Bəlkə də, cavabı 2024-cü ildə bilinər…

Nöqsanlara görə işdən çıxanlar

Bu ilin fevral ayında Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli, həmçinin onun müavini və şöbə müdiri işdən çıxarıldılar.

Səbəb isə S.Xələfbəylinin əmək fəaliyyəti zamanı aşkar olunan qanun pozuntuları ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilməsi idi.

İtkilər ayı

Bu il fevralın 20-də Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz vəfat edib.

O, mədə xərçəngindən müalicə olunurdu.

Hadisədən üç sonra, yəni fevralın 23-də tanınmış vokalçı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərov ömrünün 62-ci ilində vəfat edib.

O,1998-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.

Niyə nazirin birinci müavini postu ləğv olundu?

2023-cü ilin mart ayının 1-də mədəniyyət nazirinin iki müavini vəzifəsindən azad edilib.

Belə ki, nazirin birinci müavini Vaqif Əliyev və nazir müavini Sevda Məmmədəliyeva işdən çıxarılıblar.

Qeyd edək ki, Vaqif Əliyev 2011-ci ildən nazirin birinci müavini, S.Məmmədəliyeva isə 1999-cu ildən nazir müavini olub.

Bununla da nazirin birinci müavini postu ləğv olunub.

MN-də, sadəcə, nazir və müavinləri vəzifələri saxlanılıb.

Daha sonra isə Səadət Yusifova, Murad Hüseynov Azərbaycan mədəniyyət nazirinin müavinləri təyin ediliblər.

S.Yusifova bundan öncə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

M.Hüseynov isə təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Elə həmin gün mədəniyyət nazirinin səlahiyyətlərini icra edən Adil Kərimlinin müvafiq əmri ilə qurumun Aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov təyin olunub.

A.Kərimlinin digər əmri ilə Cahangir Səlimxanov və Oleq Əmirbəyov müşavir vəzifələrinə təyin olunublar.

Aprelin 7-də Xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor vəzifəsinə təyin olunub. 

Y.Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. Milanın “La Skala” Operası, Vyana Dövlət Operası, Berlin Dövlət Operası, Nyu-York “Metropoliten Opera”, Rusiya Dövlət Akademik Böyük Teatrı (Bolşoy Teatr), Sankt-Peterburqun Mariinski Teatrı kimi məşhur səhnələrdə çıxış edib.

Forumu gecikdirən vəfat

Aprelin 9-da Azərbaycan teatr rejissoru, Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri – baş rejissoru Azərpaşa Nemətov vəfat edib.

Bu səbəbdən də həmin gün keçiriləcək Teatr Forumunun vaxtı dəyişdirilib.

“Azərbaycan teatrı – 150: İnkişaf perspektivləri” mövzusunda Teatr Forumu aprelin 11-12-də baş tutub.

İncəsənət adamları teatr binalarının olmaması, aktyorların maaşlarının azlığından və digər problemlərdən danışıblar.

Nazir, yeni müavinlər

Forumdan iki gün sonra isə boş qalan nazir postuna təyinat reallaşıb.

Aprelin 14-də Prezident İlham Əliyevin sərəncamı ilə Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.

O, Prezidentin 2012-ci il 8 oktyabr tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin edilmişdi.

Nazir postu isə 2022-ci ilin 22 dekabrından boş idi.

Vəzifəni yerinə yetirən Anar Kərimov həmin vaxt vəzifəsindən uzaqlaşdırılıb.

Aprelin 29-da daha bir sənət adamı vəfat edib.

Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov dünyasını dəyişib. O, II Fəxri xiyabanda dəfn olunub.

Mayın 13-də mədəniyyət nazirinə daha bir müavin təyinatı baş tutub.

Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Cəfərov mədəniyyət nazirinin müavini təyin edilib.

O, bu təyinata qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru olub.

Həmin gün mədəniyyət naziri Adil Kərimli də əmr imzalayıb.

Əmrə əsasən, Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.

Eyni zamanda, Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.

Mayın 17-də keçmiş mədəniyyət naziri Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri vəzifəsinə təyin edilib.

Xərclənən milyonların faydasını görə biləcəyik?

May ayının sonunda xəbər yayılıb ki, bütün dövlət kinostudiyalarında istehsalat prosesi dayandırılıb.

Səbəb isə budur ki, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) fəaliyyətə başladıqdan sonra ölkədə kinematoqrafiya sahəsinin müxtəlif istiqamətlərində islahatların aparılması ilə yanaşı, dövlət sifarişi və dəstəyi ilə kino istehsalı, o cümlədən animasiya filmlərinin çəkilməsi sahəsində də müvafiq işlərin görülməsi nəzərdə tutulur.

ARKA-nın ən yaxın zamanda fəaliyyətə başlaması üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.

Xatırladaq ki, 2022-ci ilin 16 noyabrında kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi və şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) yaradılıb.

Kino sahəsi ilə bağlı kiçik bir xatırlatma etmək istərdik.

Belə ki, 2022-ci ilin sonunda Hesablama Palatası tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı yoxlama aparılıb.

Bildirilib ki, ümumilikdə, çəkilmiş bütün filmlər üzrə 1905,2 manat gəlir əldə edilib ki, bu da çəkilən xərclə müqayisəolunmaz göstəricidir.

Mədəniyyət Nazirliyi üzrə dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi auditin əhatə etdiyi illərdə cəmi 11 044,8 min manat təşkil edib, həmin vəsaitin 84,3%-i 79 kinofilmin çəkilişinə və 71 tədbirin həyata keçirilməsinə xərclənib, qalan 15,7%-i ilin sonunda dövlət büdcəsinə qaytarılıb. Nümayiş sayına gəldikdə isə, televiziya kanalları və kinozallarda iki studiya üzrə ümumilikdə 39 filmin 10-u üç fərqli kanalda, 10-u Bakı şəhərinin və bölgələrin 12 fərqli kinozalında nümayiş olunub, 18 filmin sosial şəbəkələrdə baxış sayı 3 039 012 olub. 39 filmdən yalnız “Salnamə” studiyası üzrə bir film 10-a yaxın festivalda nümayiş etdirilib. Ümumiyyətlə, təhlil göstərir ki, beş dövlət studiyasından üçü tərəfindən çəkilən filmlərlə bağlı müqavilələrin hamısına dəyişikliklər edilib, bitmiş və bitmə mərhələsində olan filmlər nəzərə alınmaqla C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən filmlərin 53,3%-i bir müqavilə çərçivəsində başa çatmayıb.

Artıq Kino Agentliyi (ARKA) də yaradılıb. Ümid edirik ki, bundan sonra çəkilişlər üçün milyonlar xərclənib, qəpik qazanılmaz…

Avqustun 25-də Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub.

Bildirilib ki, Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb.

Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək. Studiya, həmçinin, yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalar ilə əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək.

Noyabrın 9-da işğaldan əvvəl Laçın şəhərində fəaliyyət göstərən kinoteatrın binası yenidən bərpa olunaraq fəaliyyətə başlayıb.

İşğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılan kinoteatr binası səkkiz aya bərpa olunub. 1 700 kvadratmetrlik ərazinin 1 000 kvadratmetrə yaxın hissəsində klub inşa edilib. 230 oturacaqdan ibarət olan klubun binasının daxili 350 kvadratmetr, səhnənin ölçüsü 82 kvadratmetr, ekranın ölçüsü isə 70 kvadratmetrdir. İlk dəfə olaraq Laçında “Mən buradayam, İlahi” adlı Azərbaycan filminin nümayişi olub.

Laçın sakinləri öz dədə-baba yurdlarında kinoteatr binasında film təqdimatını alqışlarla qarşılayıblar.

Yeni direktor, itirdiyimiz sənətkar

Noyabrın 25-də Heydər Əliyev Sarayına da direktor vəzifəsinə təyinat olub.

Belə ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.

Dekabrın 14-də Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Ramiz Məlik vəfat edib.

R.Məlik 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

1982-ci ildə “Azərbaycan SSR Əməkdar artisti”, 1998-ci ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adları ilə təltif olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalına, 2010-cu ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Bu ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Pantomima Teatrı və 332 min mənimsəmə…

Dekabrın 27-də xəbər yayılıb ki, Azərbaycan Dövlət Pantomima Teatrının Kadrlar İdarəsinin mütəxəssisi Aytən Kərimova cinayət məsuliyyətinə cəlb edilib.

Xanım mütəxəssis 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Nazirlik də məlumat yayıb ki, A.Kərimova 2023-cü ilin yanvar ayında işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilibmiş.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir