Cəmiyyət

Krasnov Azərbaycan və Ermənistanı hüquq-mühafizə tədbirlərini sinxronlaşdırmağa çağırdı – FOTO

Sharing is caring!

Rusiyanın baş prokuroru İqor Krasnov Moskvada Azərbaycan və Ermənistanın baş prokurorları ilə üçtərəfli görüş zamanı təhlükələrin və gərginliyin artmasının qarşısını almaq üçün tədbirləri sinxronlaşdırmağa çağırıb.

Bu barədə İ.Krasnovun Azərbaycan baş prokuroru Kamran Əliyev və erməni həmkarı Anna Vardapetyanla görüşündən sonra Rusiya Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

“Rusiya nəzarət qurumunun rəhbəri həmkarlarını salamlayaraq, üçtərəfli formatda peşəkar dialoqun inkişafına qarşılıqlı hazır olduqlarına görə onlara təşəkkür edib”, – deyə məlumatda bildirilib.

Rusiya Federasiyasının baş prokuroru xatırladıb ki, görüş 2020-ci ilin noyabrından başlayaraq Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin birgə qəbul etdikləri və üç ölkənin ümumi maraqlarının – Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşdırılmasının, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsinin vurğulandığı bəyanatların hazırlanması çərçivəsində keçirilir.

“Mən bu yanaşmanı sərhəd münaqişəsinin (gərginliyin) həlli məsələsi üzrə çoxdan gözlənilən qarşılıqlı anlaşmanın əldə edilməsində və dövlətlərimizin prokurorluqlarının qarşısında duran digər vəzifələrin həllində yeganə səmərəli vasitə hesab edirəm”, – deyə Krasnov bildirib.

O qeyd edib ki, lokal münaqişələr və böhranlar geosiyasi vəziyyətə dağıdıcı təsir göstərməklə yanaşı, cinayətkarlığın geniş vüsət alması, terrorizm, ekstremizm ideyalarının yayılması, nifrət və düşmənçiliyin aşılanması üçün münbit zəmindir.

“Bununla əlaqədar İqor Krasnov hüquq-mühafizə orqanlarının və ilk növbədə prokurorluq orqanlarının əsas vəzifəsi ilə bağlı öz baxışını açıqladı: qüvvələrin və vasitələrin birləşdirilməsi, artan təhlükəsizlik təhdidlərinə qarşı gələcək fəaliyyətlərin sinxronlaşdırılması, qanunun və asayişin bərpası, vətəndaşların həyatının normallaşdırılması və gərginliyin artmasının qarşısının alınması”, – deyə Rusiya Baş Prokurorluğunun bəyanatında vurğulanıb.

“Əsl qanun qulluqçuları olaraq biz insanlara normal həyat və inkişaf şəraiti yaratmağa, onları cinayətkarlığın dağıdıcı təsirindən qorumağa borcluyuq”, – deyən Rusiyanın baş prokuroru görüşün bu məqsədlərə nail olmaq üçün növbəti addım olacağına əminliyini ifadə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir