Cəmiyyət

Sabunçu sakinlərinin istilik dərdi: Evdə gödəkcədə gəzirlər – VİDEO

Sharing is caring!

Kürdəxanı qəsəbəsində keçmiş məcburi köçkünlərin yaşadığı şəhərcikdə istilik problemi var. Noyabrın 15-dən başlayan istilik mövsümü onların yaşadığı ünvandan yan keçib. 

Oxu.Az xəbər verir ki, “ATV Xəbər” məsələ ilə bağlı maraqlı süjet hazırlayıb. 

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810 ünvanındakı əksər mənzillərdə masa üzərində zoğal mürəbbəsi və dərman preparatları görmək mümkündür. Səbəb isə çox sadədir. Qışda istilik olmayan evə xəstəlik gələr. 

“Evin içində gödəkçədir, yorğandır, döşəkdir, adyaldır – hamısını yığmışıq bura, bürünürük, gecə yata bilmirik soyuqdan. Deyirik ki, ay Allah, səhər nə vaxt açılacaq? Çöl evdən istidir”, – sakinlərdən biri deyib. 

Keçmiş məcburi köçkünlər üçün inşa edilən şəhərcikdə 4 ildir yaşayış var. Sakinlər deyirlər ki, müəyyən müddət istiliyi ödənişsiz istifadə ediblər. Sonra məlum olub ki, borcları yaranıb. Müəyyən məbləğ ödəməklə problemi həll ediblər. Bu il isə istilik üzünə tamamilə həsrət qalıblar. Səbəb kimi isə ərazidə yerləşən 4 məktəb və bir bağçanın külli miqdarda borcu göstərilir. 

“Soruşuruq ki, 35 min manat borcumuz nədədir? Deyirlər ki, məktəb, bağça borcu ödəmir, biz gedib bağçanın, məktəbin pulun keçirməyəcəyik ki, biz cəmi 110-120 nəfərik, adama 8-9 manat borcumuz var”, – deyə sakin qeyd edib. 

Məsələni araşdırmaq üçün məktəb və bağçaya üz tutan telekanal əməkdaşlarına içəri daxil olmağa icazə verilməyib.

Daha sonra şagirdlər də məktəbin soyuq olmasından şikakətləniblər:

“Soyuq olur, xəstələnirik, məktəbə gəlmirik və problem olur, dərslərdə gecikmələr olur”.

Bəzi sakinlər məcbur qalıb elektrik plitələrindən istifadə edirlər ki, o da qısaqapanma yaradır. Bununla yanaşı, binanın yeni istifadə verilməsinə baxmayaraq, artıq təmiri də demək olar ki yararsızdır.

“Azəristiliktəchizat” ASC-dən də bildirilib ki, bu yaşayış kompleksi onların balansında olmadığından qurum binaların istiliklə təchizatına məsuliyyət daşımır:

“Həmin bina və qazanxana Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sifarişi əsasında tikilib və həmin qazanxana bizim balansımızda deyil, adını çəkdiyimiz həmin qurumun balansındadır”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirilib ki, yaşayış kompleksində qurulan qazanxanaların istismara hazırlıq aktı “Azəristiliktəchizat” və digər qurumların nümayəndələri tərəfindən imzalanıb. Dövlət Komitəsinin müraciətlərinə baxmayaraq, qazanxanalar müvafiq qaydada balansa götürülməyib. 

Aidiyyəti quruma qəsəbədə sayğacların quraşdırılması üçün edilən müraciətlər də nəticəsiz qalıb. Buna baxmayaraq, məsələ dövlət komitəsinin diqqətindədir. Həlli istiqamətində lazımi addımlar atılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir