Cəmiyyət

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu və iştirakı

Sharing is caring!

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 noyabr tarixində Albaniyada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında TAP layihəsinin üzvü kimi Albaniyanın Cənub Qaz Dəhlizinin icrasında çox önəmli rol oynadığını qeyd etmiş və bildirmişdir ki, Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər.

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdir. Azərbaycanın enerji siyasətinin bir neçə istiqaməti mövcuddur ki, bunlardan daha vacib olan ikisini xüsusi qeyd etmək mümkündür. Birincisi, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmini, ikincisi isə digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfə ilə bağlı idi. Bu baxımdan həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət daşıyır.

XXI əsrin ilk illərində ölkəmizdə aparılan geniş miqyaslı islahatların daha da  dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur. Hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında  Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır. Xəzər hövzəsi regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması Avropanın diqqətindən yayınmır. Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Külək, günəş, bio-yanacaq kimi bərpa olunan enerji mənbələri qlobal enerji təhlükəsizliyinin təminatı və qlobal istiləşmənin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdirlər.

Azərbaycanın Qərblə iqtisadi və strateji əməkdaşlığının möhkəmlənməsində neft-qaz amilinin böyük rolu var. Məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmiz Qərbdə etibarlı müttəfiq imicini yaradıb. Neft respublikamızın ən zəngin təbii sərvətidir və onun ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu vardır. Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan böyük neft strategiyası 1994-cü ilin sentyabrında 15 dövlətdən 33 şirkətin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi”nin reallaşması üçün labüd şərait yaratdı. Bu, Azərbaycan Respublikasının imza atdığı ilk beynəlxalq neft anlaşması idi və ilk gündən adı, tarixi önəmi və gələcəyə hesablanmış strateji mahiyyəti ilə müstəqillik salnaməmizdə ən layiqli yerini tutdu.

Son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük  layihələr-“Şahdəniz-2”, TANAP və TAP kimi layihələr imzalanmışdır. “Şahdəniz-2”, TANAP və TAP layihələrinin dünyanın ən iri enerji layihələrindən olduğunu qeyd edən ölkə Prezidenti cənab İlham Əliyev  qeyd etmişdir ki, “Şahdəniz-2” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. Bu  layihə çərçivəsində il ərzində hasil ediləcək 16 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq. Göründüyü kimi, Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəltməyə, bu məqsədlə nəqliyyat marşrutlarının diversifikasiyasının tərəfdarıdır.

Qlobal əməkdaşlıq mühitində reallaşan Cənub qaz dəhlizi geniş coğrafiyada enerji təhlükəsizliyinə birləşdirici kəmərlərlə Balkanların enerji təchizatına töhfə verəcəkdir. Cənub qaz dəhlizi və onun bir hissəsi olan TAP layihəsi bir tərəfdən Avropanın enerjiyə artan təlabatının ödənilməsində yeni mənbə və marşrut təklif edir. TAP layihəsi  Yunanıstan və Türkiyə sərhədindən Trans-Anadolu kəmərindən  qazı alaraq  Cənubi İtaliya bazarına çıxaracaq. Bu zaman  həm də TAP-dan Albaniya, Bosniya-Hersoqovina, Monteneqro, Yunanıstan, Xorvatiya, həmçinin daxili şəbəkələr ilə Bolqarıstan “mavi yanacaq” almaq imkanına malik olacaq. Bu baxımdan demək olar ki, Avropa bazarına artıq Azərbaycan  qazı daxil olur. TAP layihəsi demək olar ki, enerji diversifikasiya məqsədinə xidmət göstərir, digər tərəfdən isə kömürdən çox istifadə edən ölkələrdə təmiz enerji mənbəyinin tətbiqinə imkan yaradır.

Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır. Bu, ölkəmizin enerji fəlsəfəsidir.

Vüqar Usubov,

Salyan rayon Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir