Cəmiyyət

Şahin Rəhmanlı: “Qayalarda döyüş – Bu zəfər ədalətsizliklə üzləşmiş bütün xalqların qələbəsidir”

Sharing is caring!

30 ilə yaxın həsrətində qaldığımız Vətən torpaqlarına qovuşmağımızın 2 ili tamam olur. Zəfər Günü çoxəsrlik tariximiz boyu ən sevincli günlərdən biridir. Bu gün həm də Şuşanın düşmən tapdağından azad edilməsinin sevincinin, həyəcanın yaşandığı gündür. Bu tarixi hadisələrin eyni gündə qeyd olunması heç də təsadüfi deyil. Qayalarda döyüş “Dəmir Yumruq” əməliyyatının ən uca nöqtəsi idi.

Sərt qayaları əliyalın dırmaşıb keçmək, düşmənə heç gözləmədiyi yerdən zərbə endirmək, mümkünsüzü mümkün etmək, müasir ordu sistemində ən son avadanlıqlardan, pilotsuz uçuş aparatlarından məharətlə istifadə etməklə çətin relyef quruluşuna və tanış olmadığı ərazilərdə bir an olsun belə inamını itirməmək – bu, daim qalib olmaq həvəsi ilə irəli getmək istəyən cəngavərlərimizin vətənpərvərlik ruhunun təntənəsi idi! Vətən müharibəsində həm döyüş meydanında, həm informasiya cəbhəsində, həm də siyasi arenada yüksək intellektə, qibtə olunası strateji idarəetmə bacarıqlarına sahib olan liderin – Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan işğal altındakı torpaqlarını 44 gündə azad etməklə dünya üçün yeni təcrübə, müasir müharibə tarixində isə dönüş nöqtəsinin əsasını qoydu.

Zəfərimiz bütün dünyanı təəccübləndirdi. Əlbəttə ki, bu təəccüb gözlənilən idi. Çünki heç bir dövlət inanmırdı ki, 30 ildən sonra biz torpaqlarımızı azad edə bilək, düşmənin zamanla qurduğu ağır istehkam xətlərini keçə bilək. Onlar inanmırdı ki, bizim gənclərimiz  əzmlə döyüşəcəklər, xalqımız dik duracaq. Lakin nə uzunmüddətli işğal dövrü, nə hərbi-siyasi təhlükələr, nə də düşmənin riyakarlığı Azərbaycan xalqının iradəsini, inamını və birliyini heç bir şəkildə zəiflədə bilmədi. Xalqımızın birliyi, mübariz ruhu, Ali Baş Komandanın ətrafında bir amal uğrunda sıx birləşməsi gücümüzə güc qatdı.

Müharibədə uşaq, böyük, əsgər, sivil vətəndaş, qadın, kişi demədən hər kəs əlindən gələni etdi və nəticə hər kəsi məmnun etdi, qələbə qazandıq. Zəfər qazanmaqla biz tarixi ədaləti bərpa etdik. Ona görə də, bu zəfər təkcə bizim deyil, həm də ədalətsizliklə üzləşmiş olan bütün xalqların qələbəsidir! Zəfər günü haqqın, ədalətin, yalana, işğalçılığa üstün gəldiyi gündür!

Bu gün artıq Qarabağ problemi həll olunub, Vətən müharibəsi uğurla sona çatıb. Lakin hələ də sülhə mane olan qüvvələr ilə mübarizəmiz davam edir. Mən əminəm ki, bizim bu sahədə olan mübarizəmiz də Vətən müharibəsində olduğu kimi uğurla yekunlaşacaq.

Torpaqlarımızın azadlığı və müstəqilliyi, xalqımızın xoşbəxtliyi və milli qürur uğrunda canından keçmiş qəhrəman şəhidlərimizi sonsuz ehtiramla yad edir, uca Allahdan onlara rəhmət diləyirik. Qoy bundan sonra hər zaman, hər sahədə zəfər Azərbaycanın olsun! Qoy uğur, sülh və yüksəliş bizimlə olsun! Qoy ədalət zəfər çalsın!

Vətənimizin suverenliyini və müstəqilliyini qoruyub saxlayan, düşmən üzərində qələbə qazanan Müzəffər Ali Baş Komandan və qəhrəman ordumuza sonsuz təşəkkürlər!

Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!

Şahin Rəhmanlı, “İrəli” İctimai Birliyinin sədri

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir