Cəmiyyət

Gəl gedək ermənilərlə 50 qram araq vuraq… – FOTO/VİDEO

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Elə bir günümüz yoxdur ki, kiməsə görə utanıb yerə girməyək. Çingiz Abdullayev demiş: “Ölmürsən utanmığdan?”

Nə deyim, bu dəfə “BBC Azərbaycan” bürosunun ziyalı ağsaqqallarımızdan aldığı müsahibəyə görə yerə girdim. 

Çünki Baba Vəziroğludan fərqli olaraq mən şəhid valideyn, övladı görəndə, onların çəkdiyi ağrı-acını hiss edəndə, parça-parça oluram.  Utanıram. Deyirəm ya Rəbb, bu ananın, bu atanın qarşısında necə davranım ki, ürəyi qırılmasın? Belə baxanda mən kiməm ki? 

Baba müəllimsə, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Şöhrət” ordenli, nəğməkar şair və yüksək vəzifəli məmurlara etdiyi “bəy tərifi” hesabına pullanan şairdir. 

Kimsə ev bağışladı, kimsə Qəbələdə bağ verdi, kimsə də cibinə dəstə-dəstə pul basdı. 

Amma Baba Vəziroğlu bunu da danır. Bütün Azərbaycana məlumdur ki, onun Fövqəladə Hallar naziri general Kəmaləddin Heydərovla yaradıcı münasibətlər birləşdirir. Və hamı da bilir ki, Kamal müəllim hər zaman nəğməkar şairi  dəstəkləyib, onu himayə edib. Bu cür diqqəti danırsa özü bilər. Amma bu dəfə şəhidlərin haqqını, onların valideynlərinin haqqını dandı şair. 

Baba Vəziroğlu “BBC Azərbaycan” bürosuna deyir ki, siyasətçilər, hərbçilər görüşdü bəsdir.

Yəni hökumət başçısı, prezident, nazirlər, dövlət rəsmiləri nə işə baxırlar, imkan verin mədəniyyət insanları görüşsünlər. Ermənilərlə onsuz da ölkə sərhədindən kənar görüşüb, oturub bir əlli qram araq da vururuq. Bunu elə sakit, normal deyir, bir anlıq düşünürsən ki, görəsən adam ayıqdır, ya sərxoş? 

Axırda da deyir ki, ayrı variantımız yoxdur.  Şair baba, bəlkə sizin axırıncı variantınızdır erməni ilə 50 qram vurmaq, şəxsən mənim erməni Aşotla oturub 50 qram araq vurmaq arzum yoxdur… Xocalıda qətliam törədən, Ağdamı, Füzulini viran qoyan, işğal altında olan bütün əraziləri minalayan sizin 50 qram araq vurduğunuz ermənilərdir. Ümumiyyətlə mahiyyətini anlayırsınız? Yoxsa ayıq vaxtınız olmur? 

Həm də sizə çətin olar axı. Bahalı evinizdə, isti kaminin qarşısında oturub, ermənilərlə bağlı şirin xəyallar quranda, Vətənin daşından tikilən daxmadan çıxan, yarı ac, yarı tox böyüyən Vətən balaları, 18-20 yaşlı uşaqlar canlarını fəda etdilər. Ali Baş Komandan əmr verib, ölərik amma geri çəkilmərik deyib, şəhid oldular. 

Şair baba, atalar var iki oğlunun tabutu ard-arda gəlib evinə. (Şəhid Məmmədzadə İman Elman oğlu1998-ci ildə, şəhid Məmmədzadə Bəhrəm Elman oğlu isə 2000-ci ildə anadan olub – red.). 

Allah göstərməsin sizin oğlunuz neçənci il təvəllüddür? Deyilənə görə övladınız adı da Kamaldır. Allah başacan versin. 

Amma bir anlıq düşünün ki, 2020-ci il oktyabrın 27-də Qırmızı Bazar ətrafında gedən gərgin döyüşlər zamanı şəhid olan İman və Bəhrəmin atası durub sizin qarşınızda. Hünəriniz çatar iki balasını bir gündə dəfn edən ataya deyəsiniz ki, ay Elman kişi bəsdir, gəl gedək ermənilərlə 50 qram araq vuraq? Kişiliyiniz çatacaqsa deyin! Baxın Elman kişinin üzünə! Onun kimi minlərlə şəhid atasının üzünə baxıb deyin! Minlərlə şəhid anasına deyin ki, bəsdir ağladınız, nə olub ki? Gedək emənilərlə bir məclisdə əylənək. Atası şəhid olmuş uşaqlara deyin bu sözü. Deyin ki, qızım, oğlum hə nə olsun ki, atan Vətən uğrunda şəhid olub, amma şair baba ermənilərlə 50 qram vurmağa gedir. Şair baba, gedin, vurun, duzlu xiyar götürməyi unutmayın! 

Bəzi ağzıgöyçəklər, trollar gəlib deyəcək ki, ölkə başçısı elə deyib. 

Ölkə başçısı deyib ki, Azərbaycan ərazisində yaşayan ermənilər ya Azərbaycanın vətəndaşlığını qəbul edəcək, ya da ölkəni tərk edəcəklər. Onlara tamhüquqlu Azərbaycan vətəndaşının hüquq və haqları veriləcək. Ali Baş Komandan hər kəlməsində deyir ki, bu müharibəni Azərbaycan xalqı, Azərbaycan zabiti, Azərbaycan əsgəri qazandı. Halbuki bütün bu ordunu da, xalqı da, milləti də özü qələbəyə apardı. Cənab Prezident, mən indi başa düşürəm siz ermənidən savayı kimlərlə vuruşmuşunuz, kiminlə aşkar, kiminlə gizli.

Bir ölkənin ziyalısının ki, ən şirin arzusu erməni ilə 50 qram araq vurmaq olsun, nə deyəsən? 

Ərinmədim, “BBC-nin Ermənistan” bürosunun digər süjetlərinə də baxdım. Ermənilər deyir ki, biz təsəvvür etmirik, necə ola bilər ki, biz Azərbaycanla sülh sazişi imzalayaq? Açıq şəkildə də deyirlər.  

Ağdamlı Aqil Abbas da deyir ki, ermənilər gəlib üzr istəyib, bizimlə yaşaya bilərlər. Gəlib nazir də olsunlar, deputat da seçilsinlər.  

Ay Aqil dayı, axı biz bir yerdə viran qoyulmuş, Ağdamın “İmarətini” gəzmişik. Axı biz sizinlə bir yerdə Ağdamın şəhidlərinin məzarını ziyarət etmişik. Axı siz özünüz 30 il Ağdamın üzünə, daşına-torpağına həsrət qalmışdınız? Kimə görə? Erməni işğal etmişdi də! Erməni minalayıb axı bizim babaların məzarını. Erməni bizim qız-gəlinimizi əsir tutub aparıb, başına min müsibət gətirib. Erməni edib axı bunu?! Erməni kişilərimizin gözü qabağında zorlayıb axı qızlarımızı. Xocalı şahidləri hələ sağdır, danışırlar axı. Ölənlərin də məzarı hələ soyumayıb…

Qarabağ erməniləri törədib də bu vəhşiliyi,  Kaçaryanı, Sarqsyanı. 

İndi necə olsun, erməni gəlib Azərbaycanın Müdafiə naziri olsun, yoxsa Baş qərargah rəisi? 

Necə olsun axı, ay Aqil dayı? Sabah mənim oğlum əsgər gedəndə erməni generalı ona ağalıq eləsin? Bizim balaları versinlər yenə güllə qabağına? 

Atası erməni gülləsindən ölən şəhid balası sabah döyüşə erməni zabitinin əmri ilə getsin? 

Ali Baş Komandan hər dəfə deyir ki, Xankədidə olan separatçı rejimin kökü kəsiləcək. Orada keçirilən seçkilər, onların əldəqayırma qurumu nəinki Azərbaycanda, dünyanın heç bir yerində tanınmır. Hər dəfə də deyilir ki, heç bir status barədə söhbət belə gedə bilməz! Axı ölkə başçısı bütün dünyanın gözü qarşısında bu qədər iradə nümayiş etdirir, dönməz siyasi mövqe sərgiləyir.

Siz də deyirsiniz ki, erməni gəlsin olsun Ali Baş Komandanın müşaviri, nə bilim köməkçisi olsun… 

Nə deyim. Allah cəmi erməni, fars sevənlərin ömründən kəsib bizim qazilərə versin. Həqiqətən də, bizim uşaqlar canavar kimi vuruşdular, canavar kimi qalib gəldilər. 
Şəhadətə ucalanların ruhu qarşısında isə farağat deyirəm!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir