Cəmiyyət

Müdirini zəhərləyib 423 min dollarını mənimsəyən qadının məhkəməsində şok AÇIQLAMALAR

Sharing is caring!

Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdirinin 423 min dollarını talayıb, izi itirmək üçün cinayət ortaqları ilə əlbir olan və onu zəhərlə öldürmək istəyən Nelli Fabriçnayanın məhkəmə prosesi davam etdirilib.

Budəfəki prosesdə zərərçəkmiş Qarabağ qazisi Əfqan Zeynalovun bacısı Hökümə Zeynalova şahid qismində ifadə verib. Şahidin söylədikləri prosesdə iştirak edənləri şoka salıb. Bunu görən təqsirləndirilən şəxsin vəkili prosesi pozmaq üçün şahidə cinayət işi ilə heç bir əlaqəsi olmayan çaşdırıcı suallar vermək istəsə də, hakimin sərt xəbərdarlığından sonra susmağa məcbur olub.

Hökümə Zeynalova ifadəsində Nelli Fabriçnayanın qardaşı Əfqan Zeynalovu necə zəhərləməsi barədə ətraflı məlumat verib:

“Nelli deyirdi ki, Əfqanı öldürməyi məni məcbur edirlər, yoxsa məni öldürəcəklər. Ya da Əfqanın 2-ci sinif şagirdi olan nəvəsini oğurlayıb 1 milyon pul tələb edəcəklər.

Mən Nellinin bu sözündən sonra qardaşım oğlunun nəvəsini məktəbdən çıxarıb rayona yola saldım. Nelli gəldi evə, ağladı ki, şikayət etməyin, 1 aya pulunuz qayıdacaq, sonra da məndən bütün bu cinayətləri məcburiyyətdən etdiyinə görə ağlayıb üzr istədi. Onun bu etirafları zəng və “WhatsApp” yazısı ilə telefonumda var.

Mənim qardaşlarımın, 2 əmim oğlunun, qardaşım uşaqlarının illərlə min bir zəhmətlə yığdığı pullar… Əfqan buldozer almalı idi…

Əfqan və qardaşlarım zülmlə çöllərdə gecə-gündüz demədən işləyib bir nəsli saxlayırlar. Amma bu cani qardaşımı öldürməklə həmin pulu oğurlayıb, izi də itirmək istəyirdi. Əfqanın zəhərlənib ölüm döşəyində yatdığı günlərdə hər gün bizə gəlirdi və dəfələrlə yanımda gizlincə xalasına zəng edirdi ki, nə edim, bədən o qədər güclüdür ki, nə qədər dərman verirəm Maştağalıq olmur ki, olmur (yəni dəli olmur) .

Əfqan zəhərin təsirindən günlərlə anlaqsız vəziyyətdə qalmışdı…”

Hökümə Zeynalova ağlayaraq bildirib ki, məcbur qalıb Nelliyə yalvarıbmış ki, qardaşımı öldürmə, nə qədər istəsən, pul verəcəyik. Vəziyyətin qəlizləşdiyini görən Hökümə xanım Əfqanın böyük qardaşı Mamedə zəng edib rayondan təcili gəlməsini deyib. Əfqanın böyük qardaşı gələndən sonra Nelli qorxusundan qaçıb gizlənib, israrlı zənglərə cavabında hər dəfə bir bəhanə uydurub. Əfqanı xəstəxanaya apardıqdan bir müddət sonra onun qanındakı zəhər yuyulub və uzun sürən müalicə-bərpa prosesindən sonra onu ölümün pəncəsindən almaq mümkün olub. 

Məhkəmə prosesi noyabrın 14-də saat 11-də davam etdiriləcək. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir